Deyirlər: "Zaman keçir illər dəyişsə belə!" Amma nə qədər zaman, nə qədər illər dəyişsə belə yaddaşlardan silinməyən bir ad əbədi qalır . O ad ki, torpağında yaşadığımız, havasını udduğumuz Vətəndir! Vətən dediyimiz bu müqəddəs kəlmə Odlar Yurdu Azərbaycandan başlayır.
Müstəqil Azərbaycan gənci olaraq hər zaman öz -özümə düşünürəm ki, azərbaycanlı adlanmaq deyil, azərbaycanlı olmaq gərəkdir. Əslində, azərbaycanlı olmağı bacarmaq gərəkdir. Unutmaq lazım deyil ki, insan öz tarixi ilə güclüdür. Tarixini bilməyən xalq öz səhvlərini təkrar etməyə məhkumdur. Bu gün bizim birinci vəzifəmiz odur ki, öz zəngin tariximizi araşdıraq və öyrənək.
Elə bu yerdə sadə bir misal göstərmək istərdim. Xatırlasaq, görərik ki, 90-cı illərin Azərbaycanı kənardan kömək alırdısa, onun siyasətini, beynəlxalq müstəvidə yerini digər güclər müəyyən edirdisə, bu gün bu, əsla belə deyil. 20 yaşlı Azərbaycanımız bu gün nəinki Avropada, Mərkəzi Asiyada və dünyanın hər bir qitəsində öz qüdrəti ilə seçilir.
Görkəmli alman filosofu Hegelin çox gözəl bir ifadəsi var: "Hər bir tarixi hadisəni, tarixi şəxsiyyətin böyük əməllərini, kəşfləri və ixtiraları qiymətləndirərkən dövrünün mövcud şərtlərindən çıxış edərək qiymətləndirmək gərəkdir". Bu ifadənin çox böyük bir mənası var. Çünki bu gün təsadüfi deyil ki, dünyanın bütün qitəsində yaşayan azərbaycanlıların düşünən beynində bir müqəddəs kəlmə yaşayır. " Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!" Unutmaq lazım deyil ki, bu kəlməni milyonların qəlbini fəth edən ən böyük azərbaycanlı - Ümummilli Lider Heydər Əliyev söyləmişdir. Məhz bu gün 20 yaşını qeyd etdiyimiz azərbaycançılıq ideologiyasının əsası da Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və formalaşmışdır.
İstərdim ki, qısa da olsa, 20 yaşlı Azərbaycanımızın tarixini vərəqləyək.
Bu müstəqilliyi qazanmaq bizim üçün o qədər asan olmamışdır. Zaman boyu çətin sınaqlardan keçən Azərbaycan, nəhayət, sonda öz müstəqilliyini 1991 - ci il 18 oktyabr tarixində qazana bilmişdir. Lakin 1993 -cü ilə qədər cərəyan edən hadisələr Azərbaycanı beynəlxalq aləmdə müstəqilliyinin təsdiqlənməsində mane olurdu. Ancaq 20 yaşlı Azərbaycanın tarixinin əsas mərhələsi 1993 - cü il oktyabrın 3-də Heydər Əliyevin prezident seçilməsi ilə başladı. Ümummilli Liderimizin göstərdiyi böyük səy nəticəsində Azərbaycan 1993 - cü il sentyabrın 24 - də MDB- yə daxil oldu. Odlar Yurdu - Azərbaycanın ən böyük uğuru 1994 - cü il sentyabrın 20 - də Prezident Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan, milli həyatımızda qlobal əhəmiyyətə malik "Əsrin müqaviləsi" imzalandı. Müstəqil Azərbaycanımız 1991-ci ildə İslam Konfransı Təşkilatına, 1992- ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, Helsinki müşavirəsinin Yekun Aktına və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə, martın 2-də isə BMT-yə üzv qəbul olunmuşdur. 1995 - ci ildə noyabrın 12 - də Konstitusiyamız qəbul olundu. Bu inkişaf dayanmadan davam edirdi. 2001 - ci ildə Azərbaycan Avropa Şurasına, həmçinin, Dünya Turizm Təşkilatına üzv seçildi. Həmin ilin 29 sentyabr tarixində Gürcüstan Respublikası ilə Azərbaycan qazının Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə tranziti, nəqli və satışı haqqında saziş imzalandı.
2001- ci ilin ən böyük uğurlarından biri isə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdu. Bu qurultay dünya azərbaycanlılarının həmrəy olmasına çox böyük təkan vermişdir.
Heydər Əliyevin əzmlə çalışdığı zəhmətin nəticəsi olaraq bugünki Müstəqil Azərbaycanımız günü-gündən qüdrətləndi və bütün dünyada hegemon dövlətə çevrildi. Bu gün bu uğurlu siyasəti Ulu Öndər kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyev davam etdirir.
Təsadüfi deyil ki, 2003- cü il 15 oktyabr tarixindən bugünkü 2011 -ci il tarixinə qədər baş verən dəyişikliklər 20 yaşlı dövlətimizi iqtisadi və qüdrətli dövlətə çevirdi. 2003-cü il 27 fevral Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin təməlinin qoyulması, 2004 -cü il 12 yanvar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", həmin ilin 11 fevral tarixində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbul edilməsi, 2005-ci il fevral ayında "Azəri- Çıraq- Günəşli" yataqlarının "Mərkəzi Azəri" hissəsində ilk neftin hasilatına başlanması kimi imzalanan uğurlu layihələr, sözün əsil mənasında, güclü siyasətin təzahürüdür. Təhsil, mədəniyyət, iqtisadiyyat və bütün sahələrdə cənab Prezidentin imzaladığı sərəncamların nəticəsi olaraq 20 yaşlı müstəqil Azərbaycanımız bu gün bir çox layihələrə imza ataraq ev sahiblik edir. Bu gün təkcə Azərbaycanın daxili, xarici siyasətində deyil, beyin kapitalında baş verən inkişafın nəticəsidir ki, 120 mindən çox Azərbaycan gənci Yeni Azərbaycan Partiyasının ətrafında birləşir. Bu partiyanın rəhbəri olan cənab Prezidentimizin gənclərə göstərdiyi diqqət və qayğının təzahürüdür ki, bu gün Azərbaycan gənci nəinki Azərbaycanda, həmçinin, dünyanın bütün qitəsində Azərbaycanı layiqincə təmsil edir.
Ulu Öndərimizin bizə miras qoyduğu Yeni Azərbaycan Partiyasının ətrafında birləşən müstəqil Azərbaycan gəncləri qürur və iftixar hissi ilə Azərbaycanın ətrafında sıx birləşərək üçrəngli bayrağımızı dünyanın hər qitəsində layiqincə dalğalandırır. Bu uğuru hər sahədə görə bilərik. Bütün sahələrdə gənclərimizin göstərdiyi uğur, əslində, 20 yaşlı Azərbaycanımızın uğurudur.
Hər zaman tez -tez xatırladığım bir kəlam var, Peyğəmbərimizin kəlamı-" Vətəni sevmək imandandır". Bu, doğrudan da, belədir. Müasir, müstəqil 20 yaşlı Azərbaycanımızın tarixi haqqında nə qədər danışsaq, tükənməz. Bir maraqlı fakt da var ki, bəzən çoxlarımıza çətin görünən layiqli işlərin öhdəsindən ürəyi vətən üçün döyünən şəxslər məharətlə gələ bilirlər. Buna misal olaraq çoxlarımıza qəribə görünən, amma real olan bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sitatı yazılmış vımpeli Kilimancoro dağının Uhuru zirvəsinə sancılıb. 2009 - cu il avqustun 11 - də Azərbaycandan Afrika qitəsinə yola düşən ekspedisiya qrupu dəniz səviyyəsindən 5895 metr yüksəlikdə yerləşən Kilimancoro dağının Uhuru zirvəsinə çatıb və Ümummilli Liderimiz Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sitatı yazılmış lövhəni və Azərbaycan bayrağını bu zirvəyə qaldırıblar. İlk dəfə Azərbaycan bayrağı altında Afrikanın ən yüksək zirvəsinə qalxan bu qrup sayəsində Ulu Öndərimizin bu sitatı hal-hazırda layiq olduğu yüksəklikdə dayanıb. Bu yüksəklik əbədidir və əbədi olacaqdır. Bir gənc kimi, əminəm ki, yaxın gələcəkdə biz Azərbaycan bayrağını Qarabağda asacağıq.
Əziz dostlar ! Gəlin 20 yaşlı Azərbaycanımızın ətrafında yumruq kimi birləşərək, onu hər yerdə layiqincə təmsil edək. Unutmayaq ki, bizi birləşdirən bir vətən var- 20 YAŞLI Azərbaycan!
Allahı, torpağı, səması, günəşi bir olan xalqım- növbəti müstəqillik yubileyini Qarabağda keçirmək ümidiylə!
Xarı bülbül, köməyimiz Yaradan
Bir də haqqa dayaq duran hər insan.
Silinəcək torpağımdan ölüm, qan
Görəcəkdir bütün cahan o günü,
Yaşayacaq Azərbaycan o günü.
Xarı bülbül, sabaha tut üzünü
Vüqarlı ol, qürurlu bil özünü,
Gələcəyik, yollara dik gözünü
Vətən oğlu od - ocaqsız yaşamaz,
Azərbaycan Qarabağsız yaşamaz.
Kərimova Leyla Qənimət qızı