Dünən Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir başlayıb.
SİA-nın məlumatına görə, tədbirdə dünyanın 58 ölkəsindən 300-ə yaxın tanınmış ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avronest, Avropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər, Azərbaycanın dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında bildirib ki, Azərbaycan 20 ildə bir dövlət olaraq formalaşıb və demokratik, sivil, mədəni və tolerant əhalisi olan bir dövlətdir. "Azərbaycan mədəni, tolerant bir dövlətdir. Azərbaycan həm də enerji mənbəyi və nəqliyyat yollarının kəsişdiyi məkan olmaqla yanaşı həm də müsəlman Şərqinin ilk operasını yaradıb. Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcək". Şöbə müdiri Azərbaycanın müstəqillik əldə etdiyi müddətdən ötən 20 il ərzində sivil və demokratik ölkəyə çevrildiyini, bu istiqamətdə addımladığını qeyd edib.
Azərbaycan SSRİ zamanında neft və qazla zəngin bir dövlət idi. 1993-1994-cü illərdə TRASEKA layihəsindəki ölkələrdən biri kimi tanınmağa başladı. Azərbaycan alternativ nəqliyyat, kommunikasiya məkanı kimi tanındı. 1994-cü ildə alternativ enerji mənbəyi kimi tanındı.
O, qeyd edib ki, Azərbaycan Xəzər dənizində zəngin neft yataqlarına malik bir dövlətdir: "Xəzərdə tapılan neft-qaz yataqları Avropanı 100 il enerji ilə təmin etməyə qadirdir. Azərbaycan 1994-1998-ci illərdə dünyaya alternativ enerji mənbəyi kimi daxil oldu. Azərbaycan müsəlman Şərqinin ilk operasını yaradan bir ölkədir. Azərbaycan Şərqdə ilk demokratik dövlət yaradıb. Bizim bu gün qurduğumuz dövlət həmin dövlətin varisidir. Azərbaycan bəzi Avropa ölkələri sırasında birinci olaraq bəzi siyasi hüquqların bərabər bölündüyü məkan olub. 1919-cu ildə qadınlara seçki hüququ verildi. Coğrafi mövqeyinə görə, Azərbaycan Cənubi Qafqazın ən böyük dövlətidir. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən zəngin təbii resurslara malikdir. 14 milyard barel neft, 2,55 trilyon kubmetr qaz ehtiyatı var. Ehtimal olunur ki, 7 trilyon kubmetr qaz ehtiyatımız var. Azərbaycanda qızıl, mis və digər ehtiyatlar var". PA rəsmisi deyib ki, ölkədə 4500-ə yaxın telekanal, jurnal, qəzet, internet portalları qeydiyyatdan keçib. Onların fəaliyyəti üçün Avropa standartlarına cavab verən qanunvericilik bazası yaradılıb: "Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, burada mətbuat və informasiya nazirliyi yoxdur. Azərbaycanda gündəlik qəzetlərin sayı 50-yə yaxındır. Ölkədə regional, tematik, sahə qəzetləri də var. Azərbaycanda 1998-ci ildən sonra telekanalların fəaliyyəti lisenziyalaşdırılıb. 14 regional, 14 radio, 14 kabel, 1 peyk televiziyası fəaliyyət göstərir". Ə.Həsənov qeyd edib ki, Azərbaycan həm Qərb, həm də Şərqin sintez edildiyi bir ölkədir.