Müxalifət düşərgəsində baş verən maraqlı proseslər fonunda diqqətçəkən məqamlardan biri də radikal müxalifət partiyalarının pərakəndəliyi aradan qaldırmaq üçün birlik modeli ilə çıxış etmələridir. Amma hər dəfə olduğu kimi, bu dəfə də üzə çıxan fakt ondan ibarətdir ki, "bir olmaq" , "birgə blok və qurumlar" yaratmaq səyləri nəticəsiz qalmaqdadır. Çünki parçalanmış müxalifəti bir araya gətirmək istəyənlər belə müxtəlif xarakterli, o cümlədən, "İctimai Palata", "6-lar" və bu kimi digər qurumlar yaratmağa daha çox üstünlük verirlər. Hətta qarşılıqlı ittihamlar onsuz da böhranlı durumda olan daxili vəziyyətin daha da ağırlaşmasına təkan verir. "KXCP" sədri Mirmahmud Fəttayev "İctimai Palata"nın sifariş əsasında yaradıldığını və bu qurumun irəli sürdüyü "Yol xəritəsi" ideyasının müəyyən qüvvələrin diqqət mərkəzinə çevrilmək və bunun hesabına maliyyə yardımı almaq üçün irəli sürüldüyünü bildirib. ADP sədri Sərdar Cəlaloğlu da "İctimai Palata"nın irəli sürdüyü "Yol xəritəsi"nin AXCP (i) və Müsavatın özəl maraqlarından irəli gəldiyini bildirib. Qısası, müxalifətin atdığı addımlar, irəli sürdüyü ideyalar yalnız çirkli yollarla maliyyə yardımı almağa hesablanır.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə, bizimlə söhbətində partiyaların ianələr və üzvlük haqları hesabına maliyyələşməli olduğunu bildirib: "Azərbaycanda siyasi partiyaların fəaliyyəti "Siyasi partiyalar haqqında" qanunla tənzimlənir. Azərbaycanda siyasi partiyalar üzvlərin verdikləri üzvlük haqqı ilə ianələr və s. qanunun verdiyi digər fəaliyyət növlərindən əldə edilən gəlirlər əsasında formalaşır".
Millət vəkilinin sözlərinə görə, hazırda biz partiya üzvlərinin verdiyi üzvlük haqları hesabına fəaliyyət göstəririk. Düşünürəm ki, digər partiyalar da bu formada fəaliyyət göstərirlər.
İcra katibininin müavini onu da vurğulayıb ki, əgər cəmiyyətdə hansısa bir partiyanın tərəfdarı, ictimai dəstəyi yoxdursa, özünə arxa tapa bilmirsə, onda həmin partiyanın fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur. Yəqin ki, bu məsələ gələcəkdə müzakirə olunacaq.
Son zamanlar haqqında çox danışılan iqtidar-müxalifət dialoquna toxunan M. Qurbanlı bildirib ki, Azərbaycan cəmiyyətində dialoq mühiti var və parlamentdə təmsil olunan partiyalar arasında dialoq mövcuddur.
İcra katibi müavininin sözlərinə görə, radikal qruplar var ki, onlar dialoq terminindən, sadəcə, istismarla məşğuldur. Əslində, onların məqsədi heç də dialoq aparmaq deyil. Radikallar öz şəxsi istəklərini, ambisiyalarını yürütməyə cəhd göstərirlər. Radikal müxalifət qruplaşmaları ilə istənilən səviyyədə müzakirələr aparmağa hazır olduğumuzu nümayiş etdirmişik. M. Qurbanlı onu da qeyd edib ki, dialoq, əslində, bu və ya digər mövzu ətrafında KİV-də fikir mübadiləsinin aparılmasıdır. Müəyyən radikal qruplar var ki, onlar dialoq adı altında, sadəcə, bu termindən sui-istifadə ilə məşğuldur. Amma bütövlükdə, Azərbaycanda kifayət qədər dialoq mühiti var.
Ölkəmizdə siyasi plüralizmin tam şəkildə özünə yer aldığını bildirən M.Qurbanlı əlavə etdi ki, Dağlıq Qarabağ kimi ümummilli məsələlərdə siyasi partiyalar öz mövqelərini ortaya qoymalıdır. Kimsə şəxsi istəkləri üçün iqtidar-müxalifət dialoqundan istifadə etməməlidir.
Azərbaycanda ictimai-siyasi vəziyyətin olduqca sabit olduğunu vurğulayan millət vəkili Azərbaycan kimi qüdrətli bir məmləkətdə heç kimin mövcud sabitliyi pozmağa qətiyyən qadir olmadığını da bildirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir: "Çox təəssüf ki, müəyyən üzdəniraq qruplaşmalar var ki, müxtəlif vasitələrlə həyata keçirilən siyasəti gözdən salmağa çalışırlar. Məlum məsələdir ki, üzdəniraqların cəhdləri çox əbəsdir və heç bir nəticə verə bilməz. Azərbaycan bir dövlət olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında çox uğurla, sürətlə və dinamik şəkildə inkişaf edir".
AYLANA RZAYEVA