İranın "Səhər" telekanalı Azərbaycanla bağlı təxribat xarakterli məlumatlar yaymaqda davam edir. Bunun müqabilində İranın rəsmi dairələrindən heç bir irad eşitməyən telekanal Azərbaycana qarşı fəaliyyətini daha da genişləndirir. Xatırladaq ki, bu telekanal artıq 12 ildir fəaliyyət göstərir və bu 12 ilin hər dəqiqəsi, demək olar ki, Azərbaycana qarşı qərəzli, ölkədə sabitliyin pozulmasına yönəlmiş fəaliyyətə həsr olunub. Məqsəd isə birdir: Azərbaycanda çaxnaşma yaratmaq, ölkəni vətəndaşın gözündən salmaq və onu zəiflətmək.
Adıçəkilən kanal ölkədə cərəyan edən hadisələrə öz təbirində yanaşmağa, olmayan problemləri şişirtməyə cəhd göstərir. Özünü Ermənistanın bölgədə ən yaxın dostlarından biri, bəzi hallarda isə, birincisi kimi aparan İran İslam Respublikasının bu kanalı, əslində, təmsil olunduğu ölkənin rəsmi dairələrində mövcud olan əhval-ruhiyyənin daşıyıcısıdır. Guya dövlətin nəzarətində olmayan bu kanalın bütün işçi müşavirələrini İran İslam Respublikasının ideoloji siyasətinə rəhbərlik edən şəxslər aparır və hər ayın sonunda efir məhsullarının siyahısı hazır materiallarla birlikdə yuxarılara təqdim olunur. Həmçinin, "Səhər-2" kanalının indi daşıdığı funksiyalar "Amerikanın səsi" və "Azadlıq" radiolarının Sovet İttifaqına qarşı apardığı ideoloji siyasətin oxşarından başqa bir şey deyil. Hər gün dövlətimizə çirkab yağdıran, vətəndaşda öz dövlətinə qarşı "inamsızlıq" yaratmağa yönələn efir "Səhər" kanalının ölkəmizə arzuladığı bəd niyyətdən xəbər verir.
Xatırladaq ki, Azərbaycanın Birləşmiş Ştatlar və İsrail ilə adi münasibətlərini belə az qala Bakının Tehrana qarşı açıq düşmənçiliyi kimi qəbul edən kanal vaxtilə İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri ərəfəsində təxribat xarakterli videoçarx yayımlamaqla, dövlətimizin ali rəmzlərini təhqir etməkdən belə çəkinməmişdi.
Eyni zamanda, digər bir məqamı da yada salmaq mümkündür ki, "Səhər 2" telekanalı 2009-cu ildə Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı proseslərin getdiyi bir vaxtda bundan da maksimum yararlanmağa çalışdı. Azərbaycanla qardaş Türkiyənin arasını vurmaq üçün əməlli-başlı dəridən-qabıqdan çıxdı. Telekanal hər hansı yolla olur-olsun, iki qardaş xalqın arasını vurmaq üçün jurnalistikanın prinsiplərinə zidd olan yalan məlumatlar yaymaqdan da çəkinmədi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə çıxış edərkən, İranın "Səhər 2" telekanalının Azərbaycana qarşı yürütdüyü şovinist siyasətinə də toxunub. "Son bir neçə ildə İran İslam Respublikası tərəfindən Azərbaycanın efir məkanının məqsədyönlü şəkildə pozulmasının davam etməsini də xatırlatmalıyıq" deyən Ramiz Mehdiyev onu da vurğulayıb ki, bədnam "Səhər 2" beynəlxalq kanalı əsasən Azərbaycandakı hədəf auditoriyasına ünvanlanıb və bu kanal ölkəmiz haqqında daim bilərəkdən yalan və saxta informasiya yayır: "Bu vəziyyət Beynəlxalq Elektrik Rabitəsi İttifaqının "Radiorabitə reqlamenti"nin 23-cü maddəsinin birbaşa pozulması deməkdir. Həmin maddədə konkret olaraq müəyyən edilib ki, radioyayım stansiyalarının gücü milli radio xidməti tərəfindən həmin ölkənin sərhədləri daxilində yayımın yaxşı keyfiyyətinin qənaətlə və səmərəli təmin edilməsi üçün zəruri kəmiyyətdən yuxarı olmamalıdır".
Prezident Administrasiyasının rəhbəri onu da bildirib ki, Azərbaycan öz efir məkanının informasiya təhlükəsizliyinin müdafiəsini təmin etmək üçün texniki və texnoloji tədbirlər görür: "İranın rəsmi şəxsləri bu problemin mövcud olmasını çoxsaylı ikitərəfli, o cümlədən, müvafiq qurumlar səviyyəsində görüşlərdə etiraf edirlər, lakin vəziyyət dəyişmir. Qeyd etmək lazımdır ki, başqa ölkələr də buna oxşar tərzdə çətinliklərlə üzləşirlər. Bununla əlaqədar efir məkanının oxşar pozulması hallarının tənzimlənməsi üçün real mexanizmləri birlikdə axtarmaq lazımdır".
RÖVŞƏN NURƏDDİNOĞLU