Dövlət müstəqilliyimizin 20 ili tamam olur. Yaddaşlardan silinməyən bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Xalqımız bir əsrdən də çox müddətdə ölkəmizə milli azadlıq, müstəqillik qazanmaq arzusunda olmuşdur. Məhz 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Dövlət müstəqilliyinin qorunub saxlanması və inkişafı Azərbaycanın bugünkü əsas reallığıdır. Bu günün reallıqları fonunda Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikri xatırlatmaq istərdik: "Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır".
Tarixə qısaca nəzər salanda Azərbaycanı müstəqilliyə aparan yolun heç də asan və hamar olmadığı aydın görünür. 1991-ci ilin oktyabrın 18-də Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq Azərbaycan xalqı bu sevinci yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Məlum həqiqətdir ki, müstəqilliyin ilk illərində Azərbaycanın başına gələn ağır bəlaların, o cümlədən, torpaqlarımızın Ermənistan tərəfindən işğalının, hətta dövlət müstəqilliyinin uçuruma yuvarlanmasının əsas səbəbi məhz Vəzirov, Mütəllibov kimi "rəhbərlərin", AXC-Müsavat başçılarının ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi idi. Xalq belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyun ayında Bakıya gəldi. İyunun 15-də onun respublika rəhbəri seçilməsi ilə müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Lakin dövlət müstəqilliyini gözü götürməyən, hakimiyyətə silah gücünə can atan qüvvələr Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın azad, müstəqil şəraitdə yaşaması üçün göstərdiyi səylərə hər vəchlə mane olurdular. Bununla belə, Ulu Öndər iqtisadiyyatın inkişafına, xarici şirkətlərin Azərbaycana cəlb olunmasına, ordu quruculuğuna böyük diqqət yetirirdi. Belə ardıcıl səylər nəticəsini verdi. Dünyanın tanınmış şirkətləri ilə neft müqavilələri imzalandı, müstəqil dövlətimizin ilk konstitusiyası qəbul edildi, prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, hüquqi dövlət quruculuğunu sürətləndirmək üçün qanunlar təsdiq olundu. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirdi, Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul edildi.
Müstəqilliyin qorunub saxlanmasını onun əldə edilməsindən daha çətin olduğunu dəfələrlə bəyan etmiş Ümummilli Lider Heydər Əliyev bildirirdi: "Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq!"
Ümummillli Liderin müasir Azərbaycanın qurucusu kimi təqdim olunması da bu günün reallıqlarına əsaslanır. Düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirir. Ulu Öndər Heydər Əliyevin 17 il əvvəl əsasını qoyduğu yeni neft strategiyası, bu strategiyanın təməlində dayanan "Əsrin müqaviləsi" Azərbaycanın bugünkü və gələcək yoluna işıq saçır. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərini ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi Ulu Öndərin uzağa hesablanmış fəaliyyətində əsas yer tuturdu.
Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini bir daha açıqlayaraq bildirir ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq aləmdə yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin olmazdı. Azərbaycan neftinin məhz 28 May- Respublika Günündə Ceyhan terminalına çatmasının rəmzi mənası olduğunu bir daha açıqlayan dövlət başçısı bildirir ki, bu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin rolunun təsdiqidir.
Neft strategiyasının əsas tərkib hissəsi olan layihələrin reallaşması, BTC-nin tikilib istifadəyə verilməsi, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına yönəldilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bu gün qeyri-neft sektorunun inkişafı, əhalinin həyat şəraitinin təmin olunmuş səviyyəyə çatması Ulu Öndərin başladığı neft strategiyasının uğurla davam və inkişaf etdirildiyinin təsdiqidir. "Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu, əsas məqsəddir" deyən dövlət başçısı vurğulayır ki, "Əsrin müqaviləsi" ölkəmizə sabitlik, tərəqqi gətirmiş, Azərbaycanın qüdrətli dövlətə çevrilməsini təmin etmişdir.
Azərbaycanın uğurları, təbii ki, harda yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı sevindirməli, onları üzərilərinə düşən məsuliyyəti daha yüksək səviyyədə yerinə yetirmələrinə stimul verməlidir. Müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev çoxşaxəli siyasi fəaliyyətində daha mühüm bir tarixi missiyanı- dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi çətin, ancaq vacib bir vəzifəni üzərinə götürdü və daim diqqətdə saxladı. Ümummilli Liderin "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir" çağırışı harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı azərbaycançılıq ideyası ətrafında sıx birləşdirdi.
Dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi üçün Ulu Öndərin göstərdiyi fəaliyyət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən cənab İlham Əliyev 2003-cü ilin oktyabrında Prezident seçildi. Dövlət başçısı İlham Əliyev qazanılmış legitimliyi daha da möhkəmləndirmək üçün bütün istiqamətlərdə islahatları davam etdirdi. Ölkədə işsizliyi minimuma endirmək üçün istər Bakıda, istərsə də regionlarda yeni iş yerlərinin açılmasına nail oldu. Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün bir sıra sərəncamlar verdi. Əhalinin aztəminatlı təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün ünvanlı sosial yardımların verilməsi ilə bağlı sərəncam imzalandı. Pensiya islahatı keçirilməyə başlandı. Əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsini gücləndirmək üçün yeni tədbirlər sistemi hazırlandı və minimum əməkhaqqı bir neçə dəfə artırıldı, Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi, ölkədə parlament seçkilərinin keçirilməsində yeni demokratik göstəricilərdən istifadə edildi. Odur ki, müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoyub. Neft-qaz layihələrinin uğurla icrası, hakimiyyətin bacarıqlı əllərdə olması, ölkəmizin sülhsevər siyasətə sadiqliyi, iqtisadiyyatın inkişafına görə Azərbaycanın dünyada ön mövqeyə çıxması ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.
Dövlət başçısı İlham Əliyevin 2003-2008-ci illərdə gördüyü işlər onun 2008-ci ildə keçirilən prezident seçkilərində qələbəsini şərtləndirdi. Son 7 ilə yaxın dövr ərzində Azərbaycanın dünyada mövqeyi möhkəmlənmiş, nüfuzlu xarici dövlətlərin ölkəmizlə iş birliyi qurmaq istəyi artmışdır.
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın uğurları bu problemimizin də tezliklə həllinə böyük inam yaradır. Qüdrətli iqtisadiyyat, güclü ordu, dünya azərbaycanlılarının birliyi, xalq-iqtidar həmrəyliyi bu inamı şərtləndirən əsas amillərdir. Münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verən Ulu Öndər Heydər Əliyev ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu. Bu gün tam iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın güclü, peşəkar, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu var.
Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb yolunu seçdiyi təqdirdə də öz qüdrətli, güclü ordusunun sayəsində uğur qazanacağı şəksizdir. Hər bir vətənpərvər insan ölkəsinin belə güclü, qüdrətli ordusu ilə fəxr edir. Gənclərimizdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsini qarşıya ən ümdə məqsəd kimi qoyan Prezident İlham Əliyevin çağırışına həmişə hazır olduğunu bildirən Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanın hər bir sahədə inkişaf dövrünü yaşaması, regionda və dünyada əsil söz sahibinə çevrilməsi bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirir, gələcəyə, ən əsası mühüm problemimiz olan Ermiənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə inamı artırır. Ulu Öndər Heydər Əliyevin "Suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asıl olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur" fikri hər bir azərbaycanlının həyat amalına çevrilərək, onun fəaliyyətinin əsasında dayanır. Hər bir Azərbaycan vətəndaşı üçün əziz olan dövlət müstəqilliyi bütövlükdə xalqımızın ən böyük milli sərvətidir. Əsrlər boyu müstəqillik həsrətində olan xalqımız milli azadlığını görüb sevinir, özünü dünyanın xoşbəxt xalqlarından biri hesab edir.
Aynurə Şirinova, "İki sahil"