Xəbər verdiyimiz kimi, ötən həftə Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilib. Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev maraqlı məsələlərə toxunub.
XX əsrin sonu və XXI əsrin əvvəlində elmi-texniki inkişaf postsənaye informasiya cəmiyyətinin yaranmasına gətirib çıxarıb, bununla da dünyanın adi mərkəzçi-dövlət modeli dəyişib. Bu gün müasir informasiya-kommunikasiya texnologiyaları olmadan sosial-siyasi prosesləri səmərəli idarə etmək mümkün deyil. Hər bir ölkənin firavanlığı və dünya sivilizasiyasında yeri informasiya texnologiyaları sahəsində siyasətin praqmatikliyindən və çevikliyindən asılıdır.
"Dünyada son vaxtlar ikili standartlar nümayiş etdirilir"
Yekaterinburq forumunda akademik Ramiz Mehdiyev qeyd edib ki, informasiya məkanının qloballaşması və kütləvi kommunikasiya vasitələri şəbəkəsinin təsiri altında cəmiyyətdə baş verən dəyişikliklər təkcə müəyyən üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb, həm də sosial-siyasi sahədə informasiya mübarizəsi aparmaq üçün geniş imkanlar açır, bu da? öz növbəsində? milli və beynəlxalq təhlükəsizliyə təhdid doğurur.
Akademik vurğulayıb: "Digər tərəfdən, bu gün biz hamımız qlobal informasiya mübadiləsinin iştirakçıları kimi yeni informasiyanı təhlil etmək, ondan istifadə etmək, onu yaratmaq üçün praktiki olaraq, qeyri-məhdud imkanlar qazanmış, onu hamı üçün əlyetərli etmişik. Əvvəllər tarixdə heç vaxt bir insan çox böyük sayda başqa insanlarla qarşılıqlı informasiya təsiri imkanına malik olmamışdır.
İnternetlə əlaqədar, xüsusən, onun çoxistifadəçili interaktiv forması və ya sadə dildə desək, avtomatlaşdırılmış sosial mühit olan və ümumi maraqların birləşdirdiyi istifadəçi qruplarını əhatə edən sosial şəbəkələrlə əlaqədar yaranmış yeni imkanlar müxtəlif ölkələrdə kütləvi etirazlar zamanı nümayiş etdirilmiş, mahiyyət etibarilə müasir informasiya texnologiyalarını çaylaq daşı və "Molotov kokteyli" kimi siyasi silaha çevirmişlər.
Buna görə də "Freedom House" kimi təşkilatların guya internetdən istifadəyə məhdudiyyətlər olan ölkələrdəki istifadəçilər üçün internetdən istifadə metodlarını hamının görə biləcəyi şəkildə nümayiş etdirməsi təəccüb doğurur.
Bu halda onlar unudurlar ki, terrorçular da eyni metodlardan istifadə edirlər, halbuki ABŞ və antiterror koalisiya üzrə onun tərəfdaşları terrorçulara qarşı mübarizəni özlərinin prioritet vəzifəsi hesab edirlər.
Bundan əlavə, dünyada son vaxtlar baş vermiş hadisələrin qiymətləndirilməsində ikili standartlar nümayiş etdirilir. Bu hadisələrə təkan verən də elə həmin sosial şəbəkələr olmuşdur.
Məsələn, bəzi hallarda deyirlər ki, internet azadlığından söhbət gedir, bu azadlığın məhdudlaşdırılması söz azadlığının məhdudlaşdırılması deməkdir, başqa hallarda isə dözümsüzlük göstərərək, "sıfır tolerantlıq" prinsipini əsas götürənlər söz azadlığından dəm vuranlar tərəfindən heç bir tənqidə məruz qalmırlar".
"Azərbaycan da informasiya təhlükəsizliyinə təhdidlərlə üzləşir"
Hər bir müasir dövlət kimi Azərbaycan da informasiya-telekommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir. Bu sahə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edilib.
Azərbaycan informasiya təhlükəsizliyi məsələlərində Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqə saxlayır.
2008-ci ildə Azərbaycan Avropa Şurasının "Kibernetik cinayətkarlıq haqqında Konvensiya"sını imzalayıb. Beynəlxalq Elektrik Rabitəsi İttifaqının tövsiyəsi ilə Azərbaycan 2010-cu ildən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının üzvü olan 192 ölkədən 136-sını birləşdirən beynəlxalq çoxtərəfli tərəfdaşlıq (İnternational Multilateral Partnership against Cyberthreats - İMPACT) çərçivəsində əməkdaşlıq edir.
Azərbaycan həm də "Şərq tərəfdaşlığı- Avropa Şurası mexanizmi" proqramı çərçivəsində Şərqi Avropada həyata keçirilən kibernetik cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində iştirak edir.
Bu layihənin həyata keçirilməsi gedişində Avropa və beynəlxalq normativ vasitələrindən və praktikadan istifadə edilməklə kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün potensialın möhkəmlənməsi üzrə məsələlər həll edilir.
Qeyd edək ki, növbəti regional konfransın Bakıda keçirilməsi planlaşdırılır. Hamıya məlumdur ki, haker hücumları qərəzli xarakter daşıyır və hər gün dünyanın bütün ölkələrində baş verir. Azərbaycan da informasiya təhlükəsizliyinə təhdidlərlə üzləşir.
Bu məsələyə toxunan akademik R.Mehdiyev qeyd edib ki, son bir ildə ölkəmizin dövlət orqanlarının və digər müəssisələrinin kompyuter sistemlərinə haker hücumlarının sayı artıb: "İnformasiya təhlükələrinin təşviş əhval-ruhiyyəsinin yayılması, dövlətin ərazi bütövlüyü haqqında informasiyanın təhrif edilməsi, terrorçu və separatçı radikal-dini fəaliyyətə təhrikçilik kimi formalarını da xatırlatmalıyıq. Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri ilə çox tez-tez üzləşir.
Bu hallarda kibernetik məkanda separatçı fəaliyyətə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına qoyulur. Vurğulamağa dəyər ki, bu cür hərəkətlər çox vaxt qonşu Ermənistanın informasiya strukturları tərəfindən törədilir.
Ermənistan ilə Azərbaycan arasında münaqişənin mahiyyəti haqqında yalan məlumatlar yayan informasiya resurslarının yaradılması, ərazilərin adları dəyişdirilmiş saxta xəritələr hazırlanması, bu məqsədlər üçün Azərbaycana aid domen adlarından istifadə edilməsi ölkəmizə qarşı haker hücumlarının müxtəlif növləri hesab edilə bilər".
Azərbaycan teleməkanına İran təcavüzü davam edir
Son bir neçə ildə İran İslam Respublikası tərəfindən Azərbaycanın efir məkanının məqsədyönlü şəkildə pozulmasının davam etməsini də xatırladan akademik bildirib: "Bədnam "Səhər 1" beynəlxalq kanalı əsasən Azərbaycandakı hədəf auditoriyasına ünvanlanmışdır və bu kanal ölkəmiz haqqında daim bilərəkdən yalan və saxta informasiya yayır. Bu vəziyyət Beynəlxalq Elektrik Rabitəsi İttifaqının "Radiorabitə reqlamenti"nin 23-cü maddəsinin birbaşa pozulması deməkdir.
Həmin maddədə konkret olaraq müəyyən edilmişdir ki, radioyayım stansiyalarının gücü milli radio xidməti tərəfindən həmin ölkənin sərhədləri daxilində yayımın yaxşı keyfiyyətinin qənaətlə və səmərəli təmin edilməsi üçün zəruri kəmiyyətdən yuxarı olmamalıdır.
Təbii ki, Azərbaycan öz efir məkanının informasiya təhlükəsizliyinin müdafiəsini təmin etmək üçün texniki və texnoloji tədbirlər görür. İranın rəsmi şəxsləri bu problemin mövcud olmasını çoxsaylı ikitərəfli, o cümlədən, müvafiq qurumlar səviyyəsində görüşlərdə etiraf edirlər, lakin vəziyyət dəyişmir.
Qeyd etmək lazımdır ki, başqa ölkələr də buna oxşar çətinliklərlə üzləşirlər. Bununla əlaqədar efir məkanının oxşar pozulması hallarının tənzimlənməsi üçün real mexanizmləri birlikdə axtarmaq lazımdır".
"Dağlıq Qarabağ münaqişəsinin əsasını ekstremizm və separatizm təşkil edir"
Qeyd etməliyik ki, belə forumların keçirilməsi heç də təsadüfi deyil. Məsələ burasındadır ki, forumun müzakirəsinə çıxarılan məsələlər dünya ictimaiyyətini, xüsusən də, terrorizm, məcburi ekstremizm və separatizm təhlükəsinə məruz qalan ölkələri narahat edir.
Akademik Ramiz Mehdiyev forumdakı çıxışında dediyi kimi, bu hadisələr barəsində nədənsə ümumiləşdirilmiş halda danışılır, onların harada və hansı şəraitdə formalaşdığı deyilmir. Axı, bu təhlükəli hadisələrin hər birinin yarandığı konkret ünvan və həyata keçirilmə məqsədi var.
PA rəsmisi, forumun gedişində Azərbaycanın məruz qaldığı işğal faktına da toxunub. "Dağlıq Qarabağ münaqişəsinin əsasını ekstremizm və separatizm təşkil edir"- deyən R.Mehdiyev qeyd edib ki, bu münaqişə bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir.
"Ekstremizmin dağıdıcı nəticələri Azərbaycandan yan keçməyib. Məhz millətçi ekstremizm və ondan qidalanan təcavüzkar separatizm ucbatından bu gün ölkəmizin ərazisinin 20 faizi Ermənistan Respublikası tərəfindən işğal edilib".
Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bu qədər genişmiqyaslı millətçi ekstremizm və separatizm nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
"İşğal edilmiş ərazilərdə, o cümlədən, Xocalı şəhərində azərbaycanlıların kütləvi şəkildə qırılması faktları qeydə alınıb. Xocalıda heç bir təqsiri olmayan yüzlərlə qadın, uşaq və qoca öldürülüb. 2000-dən çox dinc vətəndaşın həyatı bahasına başa gəlmiş və qarşıdurma xəttindən neçə kilometr kənarda törədilmiş onlarca terror aktı konkret məqsədin reallaşdırılması- Azərbaycan ərazisinin bir hissəsinin onun əlindən alınması üçün həyata keçirilib. Bu halda Ermənistan-Azərbaycan münaqişəsinin əsasını ekstremizm və separatizm təşkil edir və bu münaqişə bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir", - Ramiz Mehdiyev deyib.
Ümumiyyətlə, akademik Ramiz Mehdiyev növbəti dəfə beynəlxalq tribunadan dünyadakı ikili standartları tənqid edib və Azərbaycanın məruz qaldığı təcavüzləri diqqətə çatdırıb. PA rəsmisi forumda xüsusi vurğulayıb ki, dünyanın ümumi təhlükəsizliyi kiçik münaqişələrin və təhdidlərin aradan qaldırılmasından keçir. Akademikin çıxışlarında beynəlxalq qurumların və böyük dövlətlərin ədalətli mövqeyinin və beynəlxalq hüquqa riayət edilməsinin vacibliyi ümumi tezis kimi keçib.
Elçin Bayramlı