Sentyabrın 27-də Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" mövzusunda beynəlxalq gənclər forumu işə başlayıb. Forumun işində Azərbaycan və Rusiya Federasiyasının Şimali Qafqaz regionunun gənclərinin 120-dən çox nümayəndəsi iştirak edir. Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev forumu açaraq qeyd edib ki, tədbirin məqsədi Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlığı inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, Qafqazın sabit və davamlı inkişafı üçün gənclərin məsuliyyətini artırmaqdır: "İki ölkənin gəncləri bu forum çərçivəsində əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək, Azərbaycanın və Rusiyanın gənclər təşkilatlarının əməkdaşlığının möhkəmlənməsinə, bizim bölgədə sülhə və sabitliyə nail olmağa xidmət edən yeni ideyalar və layihələr işlənib hazırlanacaqdır". RF İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin gənclər siyasəti və ictimai əlaqələr departamentinin direktoru Dmitri Vityutnev deyib ki, bu forum iki ölkənin gənclərinə bugünkü problemləri birgə müzakirə etmək, onların həlli yollarını tapmaq, qarşılıqlı texnologiya mübadiləsi aparmaq imkanı verəcəkdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan və Rusiyanın müstəqil dövlətlər kimi mövcud olduğu 20 ildə yeni nəsil yetişmişdir. Bu nəslin sıx ünsiyyətə, əməkdaşlığa ehtiyacı vardır. Onun sözlərinə görə, bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, hər iki ölkənin gəncləri ünsiyyət saxlamaq, fikir mübadiləsi etmək, dostluq əlaqələrini tənzimləmək, birgə diskussiyalar aparmaq imkanına malikdir.
Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov öz çıxışında vurğulayıb ki, bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın tolerant ölkə olmasına dəlalət edir. O qeyd edib ki, bu forumda müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin iştirak etməsi buna əyani sübutdur. Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən keçən 20 il ərzində qazanılmış uğurları qeyd edən E.Aslanov vurğulayıb ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə gənclərimizin 10 minə yaxın nümayəndəsi xaricdə təhsil alıb. E.Aslanov qeyd edib ki, energetika sahəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkəyə çevrilib: "Bu baxımdan Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiyada böyük rol oynayır. Bu gün Azərbaycan təkcə Qafqazın mərkəzi deyil, Avrasiyanın ürəyidir".
Forumda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Gənclər Təşkilatları Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov, Şimali Qafqaz Gənclər Təşkilatları Birliyinin sədri İlyas Şavalov da çıxış etmişdir. Onlar Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin dəstəklənməsini, iki ölkənin təşkilatları arasında qarşılıqlı əlaqələri möhkəmlətməyin vacib olmasını qeyd etmişdir. Sonra forum öz işini "Müxtəliflik hüququ. Qafqaz - dialoq və sabitlik üçün məsuliyyət", "Gənclər və münaqişələr: çıxış yolları", "Gəncliyin səsi: Qafqazda sülh, sabitlik və inkişaf", "Gəncliyə investisiya gələcəyə investisiyadır" seksiyalarında davam etdirmişdir.