PDF Oxu

Əsas

  • 16

“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”

“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”

Qobustan rayon icra hakimiyyəti YAP Qobustan rayon təşkilatı ilə birgə müstəqilliyimizin 20 illiyi ilə bağlı rayon Mədəniyyət evində "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə tər gülçiçək düzmüşlər.

YAP fəallarının, rayonun elm, təhsil, mədəniyyət müəssisələri rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə "Müstəqilliyimiz əbədidir, daimidir" mövzusu ilə çıxış edən Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdı: "Hər bir xalqın tarixində müstəqillik günü əvəzedilməz bir gündür. Məhz müstəqillik günü həm ölkənin, həm də xalqın gələcək tarixi üçün başlanğıc nöqtəsi idi. Bu, nöqteyi-nəzərdən də, 18 oktyabr tarixi Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli günlərdən biridir. Azərbaycan xalqı əldə etdiyi azadlığı və müstəqilliyini yüksək qiymətləndirir, onu daimi və dönməz edən dahi şəxsiyyətə - Ümummilli Liderimiz Heydər Əliyevə öz dərin rəğbətini ifadə edir. Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, bilavasitə, məhz Ulu Öndər Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində əbədiləşmişdir".

Rayon rəhbəri onu da söylədi ki, məhz belə bir şəraitdə 1993-cü ilin 15 iyununda xalqımızın təkidli tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana ikinci dəfə ali siyasi hakimiyyətə QAYIDIŞI ilə Azərbaycanı və millətimizi fəalakətdən xilas etdi: "Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərlə qısa zaman kəsiyində vətəndaş müharibəsi təhlükəsinin, hakimiyyət böhranı və boşluğunun, anarxiyanın qarşısı alındı. Həmin dövrdəki prosesləri praqmatik təfəkkürün fonunda dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də hamı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Burada başqa yolla gedən adam, demək, məqsəd daşıyır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur".

Ölkə Prezidenti İlham Əliyevin Qobustan rayonunda 2 dəfə rəsmi səfərdə olduğunu vurğulayan A.Məmmədov bildirdi ki, məhz dövlət başçısının təşəbbüsü ilə Qobustan şəhəri yaradılmış, Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətlənməsinə dair 2007-2011-ci illərdə müvafiq sərəncamlar imzalamışdır: "Prezident İlham Əliyev Qobustan rayonunda bir sıra mühüm obyektlərin təməl qoyma və açılışlarında özü şəxsən iştirak etmişdir. 2007-ci ildə İdman Kompleksinin təməlini qoymuş, rayonumuz üçün böyük əhəmiyyətə malik Bazar Ticarət Kompleksinin, Heydər Əliyev Parkının, 2011-ci ildə isə Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin, tutumu 10 min ton olan taxıl anbarının, Qobustan tinglik sahəsinin açılışlarını etmişdir".

A.Məmmədov onu da söylədi ki, məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət nəticəsində, bu gün Azərbaycan uğurla inkişaf edir: "Bu gün Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması Heydər Əliyev siyasətinin nəticəsidir. Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdrdiyi siyasəti uğurla davam etdirir və bu proses ölkəmizin hərtərəfli inkişafı ilə müşayiət olunur".

Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın banisi olduğunu deyən natiq qeyd etdi ki, gənc nəsil Ulu Öndərimizin fəaliyyətini dərindən öyrənməlidir.

Tədbirin sonunda rayonun incəsənət xadimləri rəngarəng konsert proqramları ilə çıxış edərək vətənpərvərlik ruhunda bəstələnmiş musiqi ifaları ilə yanaşı, rəqslər ifa edib, şeirlər söylədilər.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər