Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Polşanın Azərbaycandakı səfiri Mixal Labenda ilə görüşüb.
Səfir deyib ki, Polşa əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir.
Müstəqillik illərində Azərbaycanın, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən Mixal Labenda vurğulayıb ki, belə sürətli inkişaf düşünülmüş iqtisadi siyasətin məntiqi nəticəsidir.
Qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirən Ali Məclisin sədri Vasif Talıbov bildirib ki, Azərbaycan və Polşa arasında əməkdaşlıq müstəqillik illərində yüksələn xətlə inkişaf etmiş, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əlaqələr genişlənib, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad güclənib. Dövlət başçılarının səfərləri zamanı bir çox sahələrdə razılaşmaların əldə olunması, müqavilələrin imzalanması qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verib. Naxçıvan Muxtar Respublikasının ərazisi, əhalisi, coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı barədə məlumat verən Ali Məclisin sədri deyib ki, Naxçıvan 20 il bundan əvvəl Ermənistan tərəfindən blokadaya alınıb, bu işğalçılıq siyasəti nəticəsində muxtar respublikaya ağır maddi və mənəvi zərbələr vurulub. Bütün bunlara baxmayaraq, müstəqillik dövründə Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçib, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm uğurlar qazanılıb. Muxtar respublikanın bütün bölgələrində müasir məktəblər tikilib, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, internet resurslarından istifadəyə xüsusi diqqət yetirilib, təhsil ocaqları Avropada da geniş istifadə olunan elektron lövhələrlə təmin edilib. Səfir dördgünlük səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələri, qədim tarixi abidələri, görməli yerləri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcək.