PDF Oxu

Əsas

  • 15

Milli Məclisin payız sessiyası öz işinə başladı

Milli Məclisin payız sessiyası öz işinə başladı

Dünən Milli Məclisin payız sessiyası Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, siyasi, mədəni və digər sahələrdə davamlı inkişaf etmiş və beynəlxalq aləmdə layiq olduğu yeri daha da möhkəmləndiribdir: "Milli Məclis də, öz növbəsində, qanun yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərmiş, ölkəmizin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində böyük uğurlara yiyələnibdir. Ötən müddət ərzində qanunverici orqan tərəfindən 13 iclas keçirilib, 139 qanun və qərar layihəsi qəbul edilib, Milli Məclisin beynəlxalq əlaqələri daha da genişlənibdir. Parlament nümayəndə heyəti dünyanın bir çox ölkəsinə səfər etmişdir".
Yaz və növbədənkənar sessiya dövründə parlamentin fəaliyyətini yüksək qiymətləndirən spiker O.Əsədov Milli Məclisin 2011-ci il payız sessiyasının qanunverici işləri planını da təqdim etdi.
Qeyd edək ki, Milli Məclisin 2011-cu il payız sessiyasının qanunvericilik işləri planına 19 məsələ daxildir. Sessiyada "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Pasiyentin hüquqları haqqında", "Mədəniyyət haqqında" və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələrinin, "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin və Şəhərsalma və Tikinti Məcəlləsi layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulur. Elm və təhsil sahəsini əhatə edən "Təhsil krediti haqqında", "Ali təhsil haqqında" və "Elm siyasəti haqqında" "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda, "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Sosial xidmət haqqında" qanun layihələri və digər məsələlər müzakirə ediləcəkdir.
Müzakirələrdən əvvəl deputatlar qanunverici orqanın ötən müddətdəki fəaliyyətinə toxundular.
Siyavuş Novruzov: "Cinayətkar törətdiyi cinayətə görə cəzasını çəkməlidir. Çox qəribədir indi cinayətkar haqqında yeni-yeni iradlı sözlər meydana çıxır - "insan məhbusu". Bəyəm cinayət törədən cəzasız qalmalıdır?"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dedi ki, yaz və növbədənkənar sessiya dövründə Milli Məclis səmərəli fəaliyyət göstərmiş, çox mühüm qanunlar qəbul etmişdir. İqtisadiyyat, sosial, təhsil, beynəlxalq münasibətlər və digər sahələrlə bağlı qəbul olunan qanunların hər biri Azərbaycan cəmiyyətinin inkişafına öz təsirini göstərəcək. Siyavuş Novruzov payız sessiyası dövründə də parlamentdə mühüm qanunların qəbul ediləcəyinə inamını ifadə etdi. S.Novruzov bəzi məsələlərə də aydınlıq gətirdi : "Ancaq gündəliyə daxil olan məsələlərlə bağlı həmkarlarımın verdiyi təkliflərin bəzilərinə razılığımı, bəzilərinə isə münasibətimi bildirmək istəyirəm. İlk öncə, bəzi mətbuat orqanlarında Azərbaycanla bağlı qeyri-obyektiv fikirlər səslənir. Məsələn, həmin mətbu orqanların birində deyilir ki, "filan çayxanadan aldığım məlumata görə, bu, belədir", "ehtimal var ki, bu belədir" və s. fikirlərlə hansısa böyük bir dövlətin münasibətini başqa bir dövlətə formalaşdırırlar. Tutalım ki, Azərbaycanda iki qəzet var və həmin fikirləri bu qəzetlər verirsə, o zaman təklif irəli sürürəm ki, elə o qəzeti məktubun içərisinə qoyub müvafiq yerlərə göndərsinlər. Bundan ötəri diplomatik fəaliyyətlə məşğul olmağa nə ehtiyac var? Yəni bütün bunların hamısı onu göstərir ki, bu fəaliyyətə daha həssas yanaşmaq lazımdır. Hər kəs də həmin adamların hansı mövqeyə və düşüncə tərzinin nədən ibarət olduğunu da yaxşı bilir. İkinci bir məsələ isə, həmkarımın Urmiya gölü ilə bağlı səslənən fikirləridir. Lakin bir faktı da qeyd edək ki, Urmiyada 30 minə yaxın azərbaycanlı yaşayır. Belə olan halda, onlar özləri məsələyə niyə münasibət bildirmirlər? Təbii biz imkanımızda olan dəstəyimizi göstərəcəyik. Onlar bizim qardaşlarımızdır, ancaq öz səslərini də çıxartmalıdırlar. Yəni onu demək istərdim ki, hər bir məsələyə düzgün və dəqiq yanaşmaq lazımdır. Digər bir məsələ isə cinayətkarın həbsi ilə bağlı səslənən fikirlərdir. Əgər kimsə cinayət törədibsə, bu cinayəti araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Cinayətkar törətdiyi cinayətə görə cəzasını çəkməlidir. Çox qəribədir, indi cinayətkar haqqında yeni-yeni iradlı ifadələr meydana çıxır - "insan məhbusu". Bəyəm cinayət törədən cəzasız qalmalıdır?"
Deputat Zahid Oruc isə payız sessiyasının qanunvericilik işləri planına dair təkliflərini verdi. Deputat "İnformasiya təhülkəsizliyi haqqında" yeni qanun layihəsinin hazırlanması və "Dövlət sirri haqqında" qanuna yenidən baxılması təkliflərini irəli sürdü. O, həmçinin, "Ali tibb təhsili" haqqında qanun layihəsinin hazırlanmasının ölkəmizdə bu sahənin inkişafına müsbət mənada təsir göstərəcəyini vurğuladı.
Deputatlardan Fuad Muradov, Hikmət Atayev, Etibar Hüseynov, Elmira Axundova və Məlahət İbrahimqızı qeyd etdilər ki, ölkəmiz inkişafının elə bir yüksək mərhələsinə çatıb ki, buna adekvat qanunların qəbul edilməsinə ehtiyac var.
Milli Məclisin 2011-ci il payız sessiyasının qanunvericilik işlər planını təqdir edən deputat Ceyhun Osmanlı təhsil turizminin inkişafı üçün yeni qanun layihəsinin hazırlanmasının vacibliyini bildirdi. O, ölkəmizdəki dövlət və özəl ali məktəblərin əlavə gəlir vergisindən azad olunması təklifini irəli sürdü. Deputat bildirdi ki, bu universitetlərimizdə mövcud olan bir sıra çatışmazlıqların aradan qaldırılmasına xidmət edəcək.
Müzakirələrin sonunda deputatlar Milli Məclisin 2011-ci il payız sessiyasının qanunvericilik işlər planını təsdiq etdilər.
Daha sonra Azərbaycanla bir sıra ölkələr arasında imzalanan sənədlər təsdiq olundu.
Parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun məlumatından sonra Azərbaycan Respublikası və Ukrayna prezidentlərinin "Strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında" və "Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011-2015-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun layihələri təsdiq olundu.
Sonra "Azərbaycan Respublikası və Rumıniya arasında Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi təsdiq olundu.
Milli Məclisin Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin təqdimatından sonra "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" saziş təsdiq olundu.
"Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında" sazişin, "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında" sazişin, "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında dəniz nəqliyyatına dair" sazişin və "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihələri təsdiq olundu.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təsviqi və qarşılıqlı qorunması haqqında" və "Azərbaycan Respublikası hökuməti və Çexiya Respublikası hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" sazişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrini müzakirəyə təqdim etdi. Deputatlar məsələnin lehinə səs verdilər.
Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" sazişlərin və "Azərbaycan Respublikası hökuməti və Sloveniya Respublikası hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" konvensiyanın və onun protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri barədə məlumat verdi. Qanun layihələrinin lehinə səs verildi.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər