PDF Oxu

Əsas

  • 9

“MÜASİR, AZAD, MÜSTƏQİL AZƏRBAYCAN”

“MÜASİR, AZAD, MÜSTƏQİL AZƏRBAYCAN”

Astara rayon icra hakimiyyəti və YAP Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı "Müasir, azad, müstəqil Azərbaycan" mövzusunda təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzindəki Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə gül dəstələri düzüblər. Həmçinin, tədbir iştirakçıları Heydər Əliyev muzeyini də ziyarət ediblər.

Astara rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə öz işinə başlayıb. YAP fəallarının, rayonun sənaye, elm, təhsil, mədəniyyət müəssisələrinin rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, veteranlar, gənclər, din xadimlərinin iştirak etdiyi tədbirdə Astara rayon icra hakimiyyətinin başçısı Tale Qaraşov çıxış edərək bildirdi ki, müasir, güclü Azərbaycan dövlətinin müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü tamam olur: "Bu il Azərbaycanın tarixində müstəsna rol oynayan bir hadisə - dövlət müstəqilliyimizin 20 ili tamam olur. Azərbaycan xalqı əldə etdiyi azadlığı və müstəqilliyini yüksək qiymətləndirir, onu daimi və dönməz edən dahi şəxsiyyətə - Ümummilli Liderimiz Heydər Əliyevə öz dərin rəğbətini ifadə edir. Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, bilavasitə, məhz Ulu Öndər Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində əbədiləşmişdir".

T.Qaraşov onu da bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlətinin suverenliyi rəsmən bəyan edilsə də, ilk illərdə müstəqilliyimizi qoruyub saxlamaq onu qazanmaqdan çətin oldu: "Bir tərəfdən xarici düşmənlər, digər tərəfdən ölkə daxilində gedən hakimiyyət davası Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Məhz belə bir çətin vaxtda Ümummilli Liderimiz Heydər Əliyev öz xilaskarlıq missiyası ilə, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi və ölkədə yaranmış xaos və özbaşınalıqlara qısa vaxt ərzində son qoydu. Prezident İlham Əliyev Ulu Öndərin başladığı işləri uğurla davam etdirdi. Avropaya sürətlə inteqrasiya edən Azərbaycan məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində bu gün regionda lider dövlətə çevrilmişdir".

T.Qaraşov onu da vurğulayıb ki, müstəqilliyimizin bərpasından ötən illər Astara rayonunun tarixində də öz izlərini qoymuşdur: "Ötən 20 il ərzində respublikamızın gözəl guşələrindən olan Astara rayonu da inkişaf etmiş, yeniləşmiş, müasirləşmişdir. Biz astaralılar dövlətçiliyə daim sadiq olmuş, müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın təmin edilməsi üçün bütün qüvvə və bacarığımızı sərf etmiş və bundan sonra da bu məqsəd uğrunda inamla çalışacağıq. Biz dərin minnətdarlıq hissi ilə qeyd edirik ki, daim Astaraya və astaralılara diqqət və qayğınız həmişə bizi yeni uğurlar qazanmağa ruhlandırmışdır. Ölkə Prezidenti İlham Əliyev cənablarının son 7 ildə Astaraya 4 dəfə səfər etməsi və səmimi görüşləri astaralıların qəlbində əbədi və unudulmaz iz qoymuşdur. Müstəqillik illərində respublikamızın digər rayonları ilə yanaşı, Astara rayonu da sosial-iqtisadi cəhətcə sürətlə inkişaf etmiş, insanların həyat səviyyəsi durmadan yüksəlmişdir. Rayonda qazanılan uğurlar, əldə olunan yüksək nəticələr Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir. Bu gün xalq öz rəhbərinə inanır, taleyini etibar etdiyi Prezidentinin gördüyü işləri, atdığı bütün addımları dəstəkləyir, Onun başçılığı altında Azərbaycanın gələcəyinə inamla baxır".

Tədbirdə YAP Astara rayon təşkilatının gənclər birliyinin sədri Rəsul Nəsirov, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev, Artupa kənd kitabxanasının müdiri Sakitə Əliyeva və başqaları çıxış edərək, müstəqilliyin qazanılmasının Azərbaycan xalqı üçün çətin və şərəfli olduğunu bildirdilər və bu gün müstəqil bir dövlətdə yaşadıqları üçün qürur hissi keçirdiklərini vurğuladılar.

Tədbirin sonunda bir qrup partiya fəalları rayonun ictimai-siyasi işlərində fəal xidmətlərinə görə Astara rayon icra hakimiyyətinin və YAP Astara rayon təşkilatının fəxri fərmanları ilə təltif ediliblər.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş bir qrup gənclərə YAP-ın vəsiqələri təntənəli şəkildə təqdim edilibdir.

Sonda toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub.


RƏFİQƏ

Digər xəbərlər