Dünən Ağstafa şəhər 2 saylı orta məktəbin futbol meydançasında YAP Ağstafa rayon təşkilatı, rayon icra hakimiyyəti, rayon gənclər və idman idarəsinin birgə təşəbbüsü ilə dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş mini-futbol turnirinə start verilib.
Ağstafa rayonunun idarə, müəssisə, təşkilat rəhbərləri və partiya fəallarının iştirak etdiyi tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov respublikamızın şəhər və bölgələrində dövlət müstəqilliyimizin 20 illiyi ilə bağlı geniş tədbirlərin keçirildiyini söyləyib. R.Tatarov məhz Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana - ikinci dəfə siyasi ali hakimiyyətə qayıtması nəticəsində xalqın başının üstünü almış bütün bəlalardan hifz edib qoruduğunu vurğulayıb: "Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siaysi hakimiyyətə qayıdışı Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Ulu Öndər Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq, ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin, dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev 35 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu siyasəti Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
R.Tatarov qeyd edib ki, idman sahəsində qazanılan nailiyyətlər həm də, dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğatı siyasi məzmun kəsb edir. Bu baxımdan, Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazanılan medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək, idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
YAP Ağstafa rayon təşkilatının sədri gənclərin hər birinə uğurlar arzuladı və bildirdi ki, futbol turniri iki qrup üzrə 8 komanda arasında keçiriləcək, final oyunu isə oktyabrın 15-də keçiriləcək. Rayon təşkilatının YAP Ağstafa rayon təşkilatı, rayon icra hakimiyyəti rayon gənclər və idman idarəsinin birgə təşəbbüsü ilə 1, 2 və 3-cü yerləri tutacaq komandalar üçün mükafatlar təsis ediləcəyini, fəxri fərmanlar veriləcəyini diqqətə çatdırıb.
Rəfiqə