PDF Oxu

Əsas

  • 15

Binəqədi rayonunda 1 Oktyabr Ahıllar Günü münasibəti ilə tədbir keçirildi

Binəqədi rayonunda 1 Oktyabr Ahıllar Günü münasibəti ilə tədbir keçirildi

Beynəlxalq Ahıllar Günü bütün dünyada olduğu kimi, Azərbaycanın şəhər və rayonlarında da icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən tədbirlər təşkil olunur. Həmin tədbirlərdə respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaşlar iştirak edirlər.

Binəqədi rayon icra hakimiyyətində də 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarının timsalında Binəqədi ərazisində yaşayan ahıl vətəndaşları təbrik etdi. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanların ən hörmətli və müdrik adamlar hesab olunduğunu, onlara hamının hörmətlə yanaşdığını bildirən Alı Qocayev 1992-ci ildən BMT-nin qətnaməsi ilə 1 oktyabr tarixinin "Beynəlxalq Ahıllar Günü" kimi, 1993-cü ildən isə Azərbaycanda qeyd edildiyini diqqətə çatdırdı. O, 22 iyun 2001-ci il tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən "Ahıllara sosial xidmət haqqında" imzalanan Qanunu diqqətə çəkdi. Həmin rəsmi sənədə əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl hesab olunur. Ölkəmizdə əmək pensiyaçılarının 371013 nəfəri ahıl vətəndaşlardır.

A.Qocayev Azərbaycan Prezideni İlham Əliyev tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərildiyini bildirərək, onlar üçün yaradılmış zəruri şəraiti qeyd etdi. Respublikamızda qəbul edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq rayon ərazisində bu istiqamətdə müvafiq işlər görülür, rayonda yaşayan ehtiyacı olan tənha insanlara - ahıllara maddi və mənəvi yardım göstərilir. Yaşlı nəslin problemlərinin həlli rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək əsas məqsəd olaraq yerli icra orqanları tərəfindən həyata keçirilir.

Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov dövlət və dövlət rəhbəri tərəfindən atılan addımların, qəbul olunan qanunların, dövlət proqramlarının ahıl vətəndaşların müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini bildirdi. Son illərdə onlara göstərilən diqqətə və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə nəzər saldı.

Tədbirdə çıxış edən ahıl rayon vətəndaşlarından Telman Hətəmov, Məhəmməd Məhəmmədov, Mehri Məmmədova, Sona Baxşəliyeva və başqaları onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildirdilər.

Sonda 50 nəfər ahıl vətəndaşa rayon icra hakimiyyəti tərəfindən maddi yardım edildi.


ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər