PDF Oxu

Əsas

  • 8

“MÜSTƏQİLLİYİMİZ TARİXİ NAİLİYYƏTİMİZDİR”

“MÜSTƏQİLLİYİMİZ TARİXİ NAİLİYYƏTİMİZDİR”

Dünən YAP Yevlax rayon təşkilatında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar "Müstəqilliyimiz tarixi nailiyyətimizdir" adlı dəyirmi masa keçirildi.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.

YAP Yevlax rayon təşkilatının qərargahında düzənlənən dəyirmi masanı YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov açaraq, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünün ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə dövlət səviyyəsində qeyd olunmasından, bununla bağlı silsilə tədbirlərin keçirilməsindən, hazırkı dəyirmi masanın da həmin tədbirlərdən biri olduğunu diqqətə çatdırdı. İ.Məmmədov onu da vurğuladı ki, müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır: "Müstəqil ölkəmizin bugünkü uğurları Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir".

"Müstəqilliyimiz tarixi nailiyyətimizdir" adlı dəyirmi masada məruzə ilə çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev müstəqilliyin ilk illərində ölkədə baş verən hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələrdən, yaranan dərin sosial-iqtisadi böhrandan, müstəqilliyin itirilmə təhlükəsi ilə üz-üzə qalmasından danışdı. Bildirdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı ölkəni böyük məhvolmadan xilas etdi: "Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevə minnətdardır. Çünki Ümummilli Liderimiz Heydər Əliyev dünya siyasətində öz sözünü deməyi bacaran böyük bir şəxsiyyəti - ölkə Prezidenti İlham Əliyev cənablarını xalqımıza bəxş etdi. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün bütün problemlərini həll etməklə, daha böyük inkişaf yolu keçir, Ulu Öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirir".

Tədbirdə YAP Yevlax rayon təşkilatının gənclər birliyinin sədr müavini Aynurə İsayeva dövlət müstəqilliyimizin 20 ili ərzində Azərbaycanda gənc nəslin gələcək inkişafı, onların cəmiyyətdə layiqli yer tutmaları dövlətin həmişə diqqət və qayğısı altında olduğunu söylədi: "Xüsusi ilə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi Dövlət Proqramı" haqqında imzaladığı Sərəncam, ölkə rəhbərliyinin gənclərə olan diqqət və qayğısını bariz şəkildə ortaya qoyur."

Sonda Yevlax rayon icra hakimiyyətinin başçısının birinci müavini Qənimət Qaraşov müstəqilliyimizin ən böyük tarixi nailiyyət olduğundan, onun möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan, ölkə Prezidenti İlham Əliyevin bütün fəaliyyəti ilə Ulu Öndərin müəyyən etdiyi uğurlu strategiyanı davam etdirilməsindən danışdı.

Tədbir bir qrup YAP fəalına fəxri fərmanlar təqdim edilməsi və müstəqilliyimizin 20-ci ildönümü ilə həmyaşıd olan, eləcə də, YAP sıralarına yeni qəbul edilən 1991- ci il təvəllüdlü gənclərə üzvlük vəsiqələrinin verilməsi ilə başa çatdı.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər