Bu il Azərbaycan xalqının həyatında əlamətdar tarixi hadisənin - Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ili tamam olur. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü - müstəqil inkişaf dövrü başlandı.
Azərbaycan Respublikasının öz müstəqilliyini əldə etməsi keçmiş SSRİ-də və bütün dünyada 80-ci illərin ortalarından başlayaraq gedən ictimai - siyasi proseslərin nəticəsi idi. Bu tarixi gerçəklik SSRİ-nin dağılmasına və nəticə etibarı ilə müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxardı. Bunun ardıca yeni müstəqil dövlətlərin, eləcə də, Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü oldu.
Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat- qat ağır və mürəkkəb vəzifədir. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi və dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin təmin olunması kimi mühüm vəzifələr dururdu. Bütün bunlar ardıcıl, düşünülmüş daxili və xarici siyasət kursunun hazırlanıb həyata keçirilməsini tələb edirdi.
Təəssüf ki, 1991-1993-cü illərdə müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistan təcavüzü ilə yanaşı, daxili ictimai sabitlikdə pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Uzun ilər Azərbaycana rəhbərlik edən, Azərbaycan xalqının ümid yeri olan Heydər Əliyev hakimiyyətə gəldi. Hakimiyyət vakuumu aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkər ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.
Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı qəti addımlar atılmasından ibarət idi. Milli ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazılıq yarandı.
Müharibənin dayandırılması, ölkədaxili vəziyyətin nizamlanması, ictimai- sayasi sabitliyin bərqərar olması, regionda qonşu dövlətlərlə yaranmış gərginliyin aradan qaldırılması və münasibətlərin normal məcraya salınması Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirən amillərdən oldu.
Məhz möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin əməyi nəticəsində Azərbaycan daxildə yaranmış nisbi sabitlikdən və beynəxalq aləmdə ona münasibətdə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan ilk neft kontraktını imzaladı. Ölkənin çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başladı.
1995-ci il noyabrın 12-də müstəqil respublikamızın ilk konstitusiyası qəbul olundu və müstəqillik tariximizdə ilk dəfə parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu üçün, dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yaratdı. Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu.
Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin əldə etdiyi nailiyyətlərin ən əsasıdır. Bu sahədə bir çox faydalı sazişlər imzalanıb, işlər görülmüşdür. Müstəqil neft strategiyasının həyata keçirilməsi vasitəsi ilə Azərbaycan dünyanın bir çox ölkələrinin diqqətini, marağını özünə cəlb etmişdir. Azərbaycanın neft strategiyası ölkəyə həm iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb, həm də dünyanın bir çox dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa imkan veribdir. Ümumiyyətlə, Azərbaycanın neft strategiyası və bu sahədə görülən məqsədyönlü tədbirlər nəinki mühüm sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsi işinə xidmət edir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bunun bariz nümunəsidir. Bir vaxt gerçəkləşməsi bir arzu kimi olan bu layihələr hal hazirda Azərbaycan xalqının rifahına, dövlətimizin güclənməsinə xidmət edir.
Ümummilli Liderimiz Heydər Əliyevdən sonra hakimiyyətə gələn möhtərəm cənab Prezidentimiz İlham Əliyev də qeyd etdiyimiz azad, müstəqil daxili və xarici siyasət kursunu davam etdirərək respublikamızın qüdrətini artırmaq məqsədi ilə bir çox islahatlar həyata keçirməkdədir. Aparılan islahatların sosialyönümü və əhalinin sosial müdafiəsi tədbirləri dövlətin iqtisadi siyasətində mühüm yer tutur. Əmək haqqının artırılması barədə dövlət tədbirlərinin həyata keçirilməsi nəticəsində işçilərin orta aylıq nominal əmək haqqı xeyli artmışdır. Əhalinin sosial mudafiəsinin yaxşılaşdırılması hər vaxt dövlətin diqqət mərkəzindədir. Ölkənin sosial-iqtisadi imkanları yaxşılaşdıqca və büdcənin mədaxili artdıqca, müvafiq olaraq bu tədbirlərin davam etdirilməsi xalqımızın rifahına böyük bir töhfədir.
Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulmuş və yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılmışdır. Bu, iqtisadiyyatın daha yuksək templə inkişafının təmin edilməsi, ölkədə işsizliyin azaldılması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya edilməsi yolunda mühüm mərhələdir.
Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. Ölkəmizdə bunun üçün zəruri olan təsisatlar və hüquqi baza artıq formalaşmışdır. Dövlət quruculuğu sahəsində aparılan islahatlar dövlətin hakimiyyətlərin bölünməsi prinsipi əsasında gerçəkləşməsini təmin etdi. Respublikada müxtəlif yönlü siyasi partiyaların fəaliyyət göstərməsi, çoxsaylı mətbuat orqanlarının sərbəst çıxması və sairə kimi hallar Azərbaycanda siyasi plüralizm, fikir azadlığı, demokratiya ab-havasının hökm sürməsinin konkret əyani nəticəsidir.
Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin səyi ilə sosial-iqtisadi sahələrdə, dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, Azərbaycan dövlətinin yeritdiyi məqsədyönlü siyasət sayəsində mədəniyyət, incəsənt, idman və başqa istiqamətlərdə əldə edilmiş mühüm nailiyyətlər ölkəmizin beynəlxalq arenada daha da çox tanınmasına və müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edir.
Buna bariz nümunə kimi idmançılarımıza göstərilən dövlət qayğısı nəticəsində onların beynəlxalq əhəmiyyətli turnirlərdə, olimpiya oyunlarında yüksək nəticələr göstərməklə bayrağımızı ucalara yuksəltmələrini, son 2011-ci il "Avroviziya" musiqi yarışmasında ökəmizin birinci yerə çıxmaqla bütün Avropanı Azərbaycana gətirməyini göstərmək olar.
Bütün qeyd olunan bu uğurlar Azərbaycan xalqına böyük ruh yüksəkliyi verir və Azərbaycan Respublikasının daha parlaq və işıqlı gələcəyinin olmasının təcəssümüdür.
Ramiz Daşdəmirov, YAP Binəqədi rayon gənclər təşkilatının üzvü