Dünən Baş nazir Artur Rasizadə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanın Baş naziri qeyd edib ki, Rusiyanın böyük nümayəndə heyətinin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin dərinləşməsi üçün yaxşı stimul olacaqdır. Azərbaycan Şimali Qafqazla əməkdaşlığın genişlənməsinə maraq göstərir, bu diyarla ölkəmizi dərin tarixi tellər birləşdirir.
A.Rasizadə Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon nəfərdən çox adam qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ölkənin Baş naziri, həmçinin Azərbaycanın sürətli iqtisadi inkişafı barədə məlumat verib. Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Xloponin Şimali Qafqazda layihələrin həyata keçirilməsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın perspektivlərini qeyd edib. O bildirib ki, bu regionda turizmin və biznesin digər sahələrinin inkişafı üçün böyük imkanlar vardır. A.Xloponin qeyd edib ki, investorlara əlverişli şərait yaratmaq üçün yaxın gələcəkdə sərmayələrin qorunması haqqında saziş imzalanacaq.