PDF Oxu

Əsas

  • 16

Müəllimə bütün zamanlarda ehtiyac duyulur

Müəllimə bütün zamanlarda ehtiyac duyulur

Dünən Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun 6 saylı tam orta məktəbinddə Beynəlxalq Müəllim Günü münasibəti ilə təhsil işçilərinin toplantısı keçirildi. Əvvəlcə rayon rəhbərliyi və rayonun pedaqoji kollektivinin üzvləri, ictimaiyyət nümayəndələri yeni istifadəyə verilmiş orta məktəb, onun sinifləri, fənn kabinetləri, idman və akt zalları, yeməkxanası, elektron kitabxana, məktəbdə yaradılmış muzeylə yaxından tanış olmuş, müasir təhsil üçün burada yaradılan şəraitdən çox razı qalmışlar.
Toplantıda çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışdı. A.Əsgərov ölkə Prezidenti İlham Əliyevin səyləri nəticəsində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verdi. Rayon rəhbərinin sözlərinə görə, ölkə başçısının Sərəncamı ilə keçən il Beynəlxalq Müəllim Günü ərəfəsində rayonun müəllimlərindən 2 nəfər "Tərəqqi" medalına layiq görülmüş, 3 nəfərə "Əməkdar müəllim" adı verilmişdi. Bu il isə 239 saylı orta məktəbin riyaziyyat müəllimi Rəna Ağayeva "Tərəqqi" medalına, 136 saylı uşaq bağçasının tərbiyəçisi Zərxanım Həsənova "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Tədbirdə çıxış edən 6 saylı məktəbin direktoru Gülşən Orucova və digərləri təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.

R.KAMALQIZI

Digər xəbərlər