MÜSTƏQİL AZƏRBAYCAN VİCDAN AZADLIQLARI ÖLKƏSİDİR
Bu gün Azərbaycan xalqı özünün müstəqil, azad, suveren vətənində demokratik, hüquqi və dünyəvi dövlət qurmaq və onu möhkəmləndirmək uğrunda səylə çalışır, mübarizə aparır. İndi Azərbaycan dövləti daxili və xarici siyasət sahəsində heç bir mərkəzin rəyini, razılığını almadan müstəqil hərəkət edir, siyasət yeridir. Əlbəttə, bu, azad, unitar dövlətin müstəqil, beynəlxalq meyarlara uyğun fəaliyyət göstərməsidir. Hazırda Azərbaycan dövlətçiliyində milli siyasətin, milli ideologiyanın tərkib hissəsi kimi xalqın mənəvi dəyərlərinə böyük diqqət yetirilir. Dövlətçiliyimizin inkişafında, daha da möhkəmləndirilməsində din amilindən də istifadə etmək vacib sayılır. Bu da təbiidir ki, bizim dinimizdə-islamda insanın mənəvi aləminə güclü nüfuzetmə xüsusiyyəti, güclü səfərbəredici potensial, hər cür əsarətə, zülmə nifrət, azadlıq və hürriyyətə hörmət ruhu vardır.
Azərbaycan öz müstəqilliyini, istiqlaliyyətini əldə etdikdən sonra, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində hörmət və ehtiram göstərilməyə başladı.
Müstəqillik dövründə islam dininin tarixinə, onun keçdiyi çoxəsrlik yola, bu dinin bəşəri dəyərlərinə, ayin və bayramlarına maraq artmışdır. Sovet dövründə təhdidlər və repressiyalar qorxusu ilə adamların daxilinə çəkilmiş etiqad və inam özünü büruzə verir, dinə, dini etiqada, milli-mənəvi dəyərlərə indi nəzəri və praktiki cəhətdən yeni gözlə baxılır.
Bu gün ölkəmizdə islam dini leqal surətdə fəaliyyət göstərən, təbliğ edilən, ardıcılları, öz təşkilatları, tədris müəssisələri, kadrları və maddi bazası olan bir ideologiyadır.
Azərbaycan Respublikasının Konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilmişdir. Bu, bütün demokratik ölkələrə xas olan bir xüsusiyyətdir.
Bütün dövlətlərdə dövlətin üst qurumlarından biri kimi dinə xüsusi münasibət olmuşdur. Zaman çərçivəsində dövlətin xüsusiyyətləri, ictimai-siyasi quruluşu dəyişsə də, xalqın dininə, inam dünyasına toxunulmayıb...
Ancaq çox təəssüflər olsun ki, Azərbaycanda sovet hakimiyyəti dövründə ilk gündən dinə dözümsüzlük yaranmışdır. Din başdan-ayağa "cəhalətlik, gerilik, fanatizm" mücəssəməsi elan edilir, dindarlar isə "cahil və mühafizəkar" kimi qələmə verilirdi.
Dinə və dini təşkilatlara, məscidlərə, kilsələrə, ocaqlara, sinaqoqlara, pirlərə, bir sözlə, xalqın inam yerlərinə və ibadət evlərinə qarşı dəhşətli inzibati zorakılıq, amirlik edildi və belə münasibət, ağrılı proses yetmiş ildən artıq davam etdi...
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ictimai-siyasi həyatın bütün sahələrinin demokratikləşməsi, milli kökə, soya qayıdış dinə münasibətdə özünü göstərdi.
Bu da bir həqiqətdir ki, böyük dövlət xadimi və Böyük Azərbaycanlı Heydər Əliyev hakimiyyətə ikinci dəfə, yəni 1993-cü ildə gəldikdən sonra, xalqımızın mənəvi, milli dəyərlərinə münasibət kökündən dəyişildi.
Heydər Əliyev bütün ömrü boyu azərbaycanlı və müsəlman olması ilə fəxr edir, bu fikri ən yüksək tribunalardan iftixarla söyləyirdi. Ulu Öndər dinimiz haqqında demişdir: "Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə, islam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir". O deyirdi ki, müasirlik və dini-mənəvi dəyərlər bir-biri ilə bağlanmalıdır. Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik. Dini-mənəvi dəyərlər bizi geri çəkməməlidir, irəli aparmalıdır. Çünki islam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparmışdır.
1998-ci ilin noyabr ayında Bakıda keçirilən "Müstəqillik və dini dəyərlər" beynəlxalq konfransında Azərbaycan Prezidenti Heydər Əliyev parlaq bir nitq söyləyərək demişdir: "Məlumdur ki, bütün dinlər dünyada yüksək mənəviyyat təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüurunu, adət-ənənələrini və cəmiyyətlərdə yaranan qanun-qaydaları, əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürürlər".
Konfrans iştirakçılarının dərin marağına və diqqətinə səbəb olan bu nitq, həm də ölkə başçısının dinə, dini dəyərlərə verdiyi yüksək qiymət idi.
Tarixə nəzər salsaq, görərik ki, din heç vaxt dünya intibahından kənarda qalmamış, inkişafa mane olmamışdır. İslam dini meydana gəldiyi gündən cahilliyə, nadanlığa qarşı olmuş, bəşər övladını beşikdən qəbrə qədər öyrənməyə, elmlərə sahib olmağa çağırmışdır.
Bu da bir həqiqətdir ki, islam dünyanın bütün xalqlarının yetkinləşməsində müsbət rol oynamışdır. İslam Azərbaycan xalqının da təşəkkülündə, formalaşmasında, mənəvi-bəşəri dəyərlərinin ümumiləşməsində, ictimai şüurunun oyanmasında, mədəni səviyyəsinin yüksəlməsində mütərəqqi mövqe tutmuşdur. Bir sözlə, Azərbaycan intibahına islamdan ayırmaq mümkün deyildir.
İslam dini xalqlar arasında sülh, dostluq tərəfdarıdır. Hətta SSRİ dövründə belə sülh və xalqlar arasında dostluq uğrunda mübarizədə çoxsaylı müsəlman din xadimlərinin və dindarlarının səsi dünyanın ən mötəbər tribunalarından eşidilirdi. Uzun illər boyu SSRİ ilə bir çox dünya xalqları arasında mehriban əməkdaşlıq yaradılmasında müxtəlif dinlərə məxsus din xadimlərinin rolu az olmamışdır.
Burada islamın möhtəşəm qanun kitabına diqqət yetirək. Qurani-Kərimin "Süfrə" surəsinin 2-ci ayəsində deyilir: "...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin". Aydındır ki, Quranın belə buyurması təkcə müsəlmanlara deyil, bütün bəşər övladlarına aiddir.
Tarixə nəzər salsaq görərik ki, bütün zamanlarda əsil din xadimləri xalq içərisindən çıxmış, xalq, vətən üçün mübariz olmuşlar. Bunun bariz nümunəsinin biz ötən əsrin 90-cı illərində mənfur qonşularımız erməni daşnaklarının tarixi məskənimiz olan Dağlıq Qarabağı zorla ələ keçirtmək istədikləri vaxt şahid olduq. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bütün xalqımızla bərabər dindarlar da sevinclə, ruh yüksəkliyilə qarşıladılar.
Müstəqilliyimizin ilk günlərindən respublikamız müstəqil daxili və xarici siyasət yürütməyə başladı. İlk dəfə olaraq xalq öz dini və milli bayramları azad və sərbəst qeyd etdi. Respublikanın rayon, şəhər və kəndlərində məscidlər ucaldıldı. Minarələrdən azan səsi eşidildi. İllər boyu yolu-izi itmiş ocaqlar, pirlər, ziyarətgahlar yenidən canlandı. Tarixdə ilk dəfə zəvvarlar müqəddəs yerlərə - Kəbə, Kərbəla, Məşhəd və s. dini ocaqlara qorxmadan, çəkinmədən getməyə başladılar. Azərbaycanda yenə də ilk dəfə dini məktəblər, mədrəsələr açıldı.
Müstəqilliyimizdən sonra respublika hökumətinin fərmanları ilə Qurban bayramı, Orucluq bayramı, Novruz bayramı istirahət günü elan edildi.
Milli və dini bayram günlərində həm dövlət rəhbərləri, həm də dini rəhbərlər mətbuat, televiziya və radio vasitəsilə xalqa müraciət edir, vətəndaşları təbrik edirlər. Böyük dövlət xadimimiz Heydər Əliyev bütün dini, milli bayramlarda xalq içərisində olur, onlarla söhbətlər edirdi. Əlbəttə, bütün bunlar xalqa olan diqqətin, onun milli mənəviyyatına bəslənən hörmətin təzahürü idi.
1993-cü il Məhəmməd Peyğəmbərin (s) mövludu münasibəti ilə Təzəpir məscidində olan Heydər Əliyev çıxışında demişdir: "...Mən tam əminəm ki, bizim dinimiz, din xadimlərimiz Azərbaycan Respublikasının bu ağır günlərində xalqımızın, vətəni qoruyan bütün adamların daha sıx birləşməsində, ordunun möhkəmlənməsində, işğal olunmuş torpaqların geri qaytarılmasında bundan sonra daha da fəal iştirak edəcəklər, öz səylərini göstərəcəklər və beləliklə də bir daha islam dininin nə qədər böyük qüdrətə malik olduğunu bütün dünyaya sübut edəcəklər..."
Xalqın Ümummilli Lideri Heydər Əliyev müsəlman ölkələrinə etdiyi bütün səfərlərdə onu müşayiət edənlər arasında bütün Qafqazın Şeyxülislamı A.Paşazadə də olurdu.
Azərbaycan müstəqillik əldə edən günə kimi QMİ-nin fəaliyyəti yalnız SSRİ çərçivəsində, sovet dövlətinin siyasəti əsasında qurula bilərdi və bu məqsədə də xidmət edirdi. Dini ideologiya deyilən bir ideologiya ola bilməzdi. Yalnız dini baxışlar ola bilərdi və bunlar da bütünlüklə sovet ideologiyasına xidmət edirdi və onun təsiri altında idi.
Müstəqillik qazanıldıqdan sonra QMİ-nin nüfuzu yüksəldi, fəaliyyəti görünməmiş dərəcədə genişləndi. Bu qurumun dünya müsəlman ölkələrilə əlaqələri yarandı, münasibətləri yeni siyasət üstündə quruldu.
Azərbaycanın müstəqilliyinin ilk illəri çox ağrılı oldu. Belə bir vaxtda Azərbaycana, ilk növbədə, kömək əli uzadanlar müsəlman ölkələri idi. Bu da bir həqiqətdir ki, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında, ilk maddi və mənəvi yardım almasında müsəlman ölkələrinin rolu az olmamışdır. Az bir vaxt ərzində Azərbaycan bir çox beynəlxalq müsəlman təşkilatlarının, konfrans və birliklərinin üzvü seçildi. Bütün bunlar hər şeydən əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.
Hazırda Azərbaycan Respublikasının dünya müsəlman ölkələri ilə əlaqələri günü-gündən artır və möhkəmlənir. Bütün müsəlman ölkələri gənc suveren Azərbaycan Respublikasını qorumaq və müdafiə etmək üçün səylərini daha da artırmışlar. Mədəni, iqtisadi, turizm əlaqələri də genişlənir.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra az bir müddət ərzində, bütün sahələrdə olduğu kimi, dini sahədə də özü müstəqil siyasət yürütməyə başladı. Dindarların, ümumilikdə isə, bütün xalqın istəyi müqabilində respublikanın hər guşəsində yeni məscid binaları inşa edildi. Doğrudur, bütün bu tikililər xalq kütlələri tərəfindən, camaat tərəfindən edilirdi. İndi Azərbaycanda 1000-dən artıq məscid var. Deməli, azərbaycanlıların qəlbində məscid intizarı, məscid arzusu varmış. Məscid müqəddəs yerdir, müsəlmanların inam yeridir, daha yüksək mənada isə, Allah evidir. Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra nə qədər pirlər, ocaqlar, məscid və inam yerləri təmir-bərpa edildi. Dövlətin, dövlət başçısının dinimizə və adət-ənənələrimizə qayğısının nəticəsidir bunlar.
Öz müstəqilliyini qazanandan sonra Azərbaycan da demokratik, hüquqi, dünyəvilik yolunu tutmuş və bu yolla da inamla irəliləyir. 1995-ci ildə qəbul olunan Azərbaycanın Konstitusiyası insanlara bütün azadlıqları, o cümlədən, vicdan azadlığını, din azadlığını təsbit etmişdir. Deməli, dövlətimiz dünyəvi dövlət olsa da, biz dindən ayrı deyilik. Bu gün dövlət ilə din arasında, sözün həqiqi mənasında, sıx əməkdaşlıq vardır. Azərbaycan vətəndaşları cəmiyyətin mənəviyyatca yüksəlməsində dinin rolunu görür və ondan səmərəli istifadə etməyə çalışır.
Ölkə rəhbəri respublikada məscid və ocaqların təmir və bərpasına xüsusi diqqət yetirir. Burda bir məsələni qeyd etmək lazımdır: Prezident İlham Əliyev bütün bu işlər üçün təkcə göstəriş və tapşırıqlar vermir, işinin həddən ziyadə çox olmasına baxmayaraq, vaxt tapıb o yerlərə baş çəkir, görülən işlərlə özü şəxsən tanış olur. Bu günlərdə möhtərəm dövlət başçımız Təzə Pir məscidində olmuş, burada aparılan təmir-tikinti və abadlıq işləri ilə maraqlanmış, təklif və tapşırıqlarını vermişdir... Beləliklə, böyük məmnuniyyətlə qeyd edə bilərik ki, hazırda müstəqil Azərbaycan Respublikasında dini təşkilatların və orqanların səmərəli fəaliyyəti üçün hər cür imkan və şərait yaradılmışdır. İndi ölkəmizin din xadimləri də müstəqil respublikamızın demokratik ab-havasından razıdırlar və bunu əməli fəaliyyətləri ilə sübut edirlər. Bu bir daha onu göstərir ki, artıq dövlət ilə din arasında keçmişdə olan münasibətlər sivil qaydada dəyişilmiş, dinimiz və dindarlarımız əsassız təzyiq və qadağalardan xilas olmuşdur. Beləliklə, əgər ölkədə, cəmiyyətdə vətəndaşların hüquq normalarına hörmət edilirsə və bu normalar qorunursa, onların dini etiqadlarına da hörmət edilməlidir. Dinə münasibət vətəndaşların vicdan azadlığına münasibətidir.
Ramil Nəzərov