Respublikamızın şəhər və rayonlarında dövlət müstəqilliyimizin bərpa olunmasının 20 illiyi ilə bağlı geniş tədbirlər keçirilir. YAP Şəmkir rayon təşkilatı və Şəmkir rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir də bu silsilədəndir.
"Müstəqilliyimiz əbədidir, dönməzdir" mövzusunda keçirilən tədbirdə millət vəkilləri, YAP Şəmkir rayon təşkilatının fəalları, müəssisə və idarə rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək Sovet imperiyasının dağılması ilə Azərbaycan xalqının öz milli müstəqilliyini bərpa etməsindən və Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdı: "Hər bir xalqın tarixində müstəqillik günü əvəzedilməz bir gündür. Məhz müstəqillik günü həm ölkənin, həm də xalqın gələcək tarixi üçün başlanğıc nöqtəsi idi. Bu, nöqteyi-nəzərdən də, 18 oktyabr tarixi Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli günlərdir. Azərbaycan xalqı əldə etdiyi azadlığı və müstəqilliyini yüksək qiymətləndirir, onu daimi və dönməz edən dahi şəxsiyyətə - Ümummilli Liderimiz Heydər Əliyevə öz dərin rəğbətini ifadə edir. Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi bilavasitə, məhz Ulu Öndər Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində əbədiləşmişdir".
Milli Məclisin sədrinin müavini, millət vəkili Valeh Ələsgərov çıxış edərkən ötən 20 il ərzində Azərbaycan müstəqilliyinin möhkəmlənməsi istiqamətində görülən işlərdən Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışdı. Bildirdi ki, Ulu Öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi: "Heydər Əliyev və müstəqil Azərbaycan. Bunlar biri-birinə bağlı olan məsələlərdir. Biz Ulu Öndər Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Müstəqil Azərbaycanın Konstitusiyası dahi öndər Heydər Əliyevin şah əsəri olaraq Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının müəyyənləşdiricisidir. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən yaradılıbdır".
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın yaddaşına əbədi həkk olunub: "Dünya miqyasında müstəqil Azərbaycandan danışanda onun qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin adı da həmişə çəkilir, uca tutulur. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində böyük rol oynayıb. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaradıb. Tarixdə böyük şəxsiyyətlərin rolu əvəzolunmazdır və onlar tarixi proseslərə ciddi şəkildə təsir göstərmək imkanına malik olublar. O xalq xoşbəxtdir ki, onun tarixi şəxsiyyətləri böhranlı vəziyyətlərdə böyük addımlar ataraq xalqını, dövlətini bəlalardan xilas edə biliblər".
M.Qurbanlının sözlərinə görə Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratmışdır: "1993-1998, 1998-2003 -cü illərdə Azərbaycanın rəhbəri olduğu dövrdə başladığı müstəqil Azərbaycanın quruculuğu işlərini davamlı olaraq həyata keçirmişdir və müstəqil dövlətin quruducusu, yaradıcısı kimi Azrəbaycan tarixində Ümummilli Lider səviyyəsində özünə yer tutmuşdur. Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. Bu yol güclü, qüdrətli, zəngin, lider yolu deməkdir. Bu yol bütün dünya azərbaycanlıların azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi deməkdir. 42 il bundan əvvəl başlanan yol bundan sonra Azərbaycan üçün aparıcı yol olacaq və Azərbaycan xalqı daimi Ulu Öndər Heydər Əliyev yolu ilə gedəcəkdir". Tədbirin sonunda bir qrup Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə fəxri fərmanlar və hədiyyələr verildi.
RƏFİQƏ HÜSEYNOVA