"Səs" qəzeti redaksiyasında Azərbaycan dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirdi. Dəyirmi masada Səbail rayon gənclər və idman idarəsinin rəis müavini Faiq Qurbanov, Nəsimi rayon icra hakimiyyətinin ərazi-idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, YAP Sumqayıt şəhər təşkilatının gənclər birliyinin sədri Ülvü Məmmədov, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədr müavini Lamiyə Cəlilova, "Ordunun dostları klubunun" üzvü, "Hərbi and" qəzetinin müxbiri Rüstəm Quliyev, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədr müavini Rahil Şükürov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yeqzar Cəfərli, YAP Nizami rayon təşkilatının üzvü İlqar Həmzəyev, Xətai rayon gənclər birliyinin sədr müavini Həmidağa Əliyev, YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin üzvü Tünzalə Muradova, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədr müavini Məhəmməd Əsədov, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin idarə heyətinin üzvü Namiq Muradov iştirak edirdilər.
(Əvvəli ötən saylarımızda)
Qeyd edək ki, "Səs" qəzeti hər zaman cəmiyyət həyatında baş verən ən aktual məsələlərə, cərəyan edən proseslərə həsr olunmuş, eləcə də, ictimaiyyətin marağına səbəb olacaq dəyirmi masalar təşkil edir. Bu amil artıq ənənə halını almışdır. Hazırda ölkəmizdə ən aktual mövzulardan biri xalqımızın dövlət müstəqilliyinin 20 illik ərəfəsində olmasıdır. Prezident İlham Əliyevin müstəqilliyimizin 20 illiyi ilə bağlı imzaladığı mühüm Sərəncam ölkənin hər bir yerində müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar tərəfindən əlamətdar hadisə kimi dəyərləndirilir. Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul olunub. Məlum olduğu kimi, XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci parlaq qələbə idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın təkidli tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlalına qovuşmuş, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Belə bir əlamətdar hadisə Azərbaycan tarixinin əsasını təşkil edir. Fəal gənclərin iştirakı ilə "Səs" qəzetində mövzu ilə bağlı dəyirmi masanı təşkil etməkdə əsas məqsəd məhz 20 illik bir dövr ərzində Azərbaycan tarixinə qısa bir şəkildə də olsa nəzər salmaqdır.
Lamiyə Cəlilova: "Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi və günbəgün çiçəklənən dövlətimizin nailiyyətlərinin səbəbkarı Ulu Öndər Heydər Əliyevdir"
- Həqiqətən də, bu gün Azərbaycanın hər bir guşəsində və xalqımızın qəlbində Heydər Əliyev əbədi olaraq həkk olunub. Və bir daha söyləməyi özümə fəxr bilirəm ki, bugünkü Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi və günbəgün çiçəklənən dövlətimizin nailiyyətlərinin səbəbakrı Ulu Öndər Heydər Əliyevdir. Bu gün Onun siyasətinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu işlər dövlət müstəqilliyimizin təməlini daha da möhkəmləndirir, xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Biz gənclər dövlət müstəqilliyimizin əbədi və daimi olması üçün Ulu Öndər Heydər Əliyev siyasətinə və ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət ətrafında öz əməllərimizlə birləşməliyik. Çünki qarşıda ölkəmizi, xalqımızı daha firavan və daha gözəl həyat gözləyir.
"Səs" qəzetinin əməkdaşı:
- Çıxışlarınızda qeyd etdiniz ki, gənclərimiz dövlət qayğısı ilə əhatə olunub. Bəs onlar yaradılmış şəraitdən istifadə edərək öz potensiallarını tam şəkildə ortaya qoya bilirlərmi? Yəni gənclər bu şəraitdən nə dərəcədə səmərəli istifadə edirlər?
Faiq Qurbanov: "Azərbaycanda gənclərə diqqət və qayğı siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir"
- Bildiyimiz kimi, bu, bir aksiomadır ki, gənclər hər bir ölkənin gələcəyidir. Mən çox şadam ki, 1996-cı ildən gənclərlə işləyirəm. Dövr inkişaf etdikcə gənclərin təfəkküründə də yeniliklər baş qaldırır, yeni təkliflər meydana çıxır. Biz bunu normal qarşılamalıyıq. Təbii ki, burada dövlətçiliklə bağlı dəyişməz xətt də mövcuddur. Dövlət özü də gənclərin diqqət mərkəzində olmasını, onlara öz potensialını üzə çıxarmaq və cəmiyyətə xərcləmək üçün yüksək şərait yaradılmasında maraqlı olmalıdır. Hesab edirəm ki, Azərbaycanda gənclərə belə bir münasibət var. Dövlətimizin başçısı bu amili öz çıxışlarında da hər zaman vurğulayır. Dövlət hər bir vətəndaşının, o cümlədən, gənclərin yaxşı həyat sürməsi üçün fəaliyyət göstərən bir mexanizmdir. Ölkəmizdə bu mexanizm çox yüksək səviyyədə fəaliyyət göstərir. Heç kim diqqətdən kənarda qalmır. Gənclərimiz də maksimum bu imkanlardan yararlanmalıdırlar və yararlanırlar da.
Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması, şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda 2 Fevral Gənclər Günü 1997-ci ildən qeyd edilir. Bu, ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir. Qeyd edim ki, MDB məkanında analoji proses cəmi bir neçə il bundan əvvəl başlayıb. Azərbaycanda gənclərə diqqət və qayğı siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Təbii ki, əhalinin böyük əksəriyyəti gənclər olan ölkədə, demoqrafik problemi olmayan bir ölkədə gənclərə belə bir münasibətin göstərilməsi biz gənclərin üzərinə böyük məsuliyyət yükü qoyur. Bu gün Azərbaycanda gənclik dövrü bütün dünyada qəbul olunduğu kimi 14-29 yaş arasıdır. Azərbaycanda gənclər siyasəti ilə bağlı Prezident İlham Əliyev tərəfindən xeyli sayda Sərəncam imzalanıb. Gənclər və İdman Nazirliyi müxtəlif gənclər təşiklatları və digər müvafiq qurumlarla birgə bu siyasətin həyata keçirilməsi üçün səylə çalışırlar. Bu baxımdan Azərbaycan gəncliyi yetərincə peşəkar, öz üzərində çalışan və əvvəlki dövrlərdən xeyli fərqlidirlər.
Yeni Azərbaycan Partiyasının gənclər siyasətində prioritet istiqamətlər mövcuddur. Bununla bağlı üç əsas istiqaməti qeyd etmək istəyirəm: təşkilatlanma, beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə mütəxəssis qismində təmsil olunmasıdır. Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin uğurla davam etdirilməsi gənclərin ictimai-siyasi fəallığını da ildən-ilə artırır. Seçki prosesində gənclərin iştirakına, parlament və bələdiyyələrdə təmsil olunmaları buna misaldır. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış yetərincə gənc millət vəkilimiz var.
Namiq Muradov: "Bizlər Ulu Öndər Heydər Əliyevin yaradıcısı və qurucusu olan Yeni Azərbaycan Partiyasının üzvü olmağımızla da fəxr edirik"
- Biz gənclər bundan qürur və fəxarət duyuruq. Xüsusilə də, o mənada qürur duyuruq ki, bu gün gənclərimizə dövlət tərəfindən hərtərəfli qayğı və diqqət var. Bizlər Ulu Öndər Heydər Əliyevin yaradıcısı və qurucusu olan Yeni Azərbaycan Partiyasının üzvü olmağımızla da fəxr edirik. Çünki Heydər Əliyev siyasətinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi hərtərəfli diqqət və qayğısı Azərbaycanımızın əldə etdiyi nailiyyətlərdə biz gənclərin daha fəal olmasına cəlb edir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının "Yay məktəbləri" kampaniyası barədə də fikirlərimi bildirmək istərdim. Belə ki, bu möhtəşəm kampaniyada yüzlərlə gənclərimizin iştirak etməsi öz müsbət nəticəsini vermişdir. Belə tədbirlərin keçirilməsi gənclər arasında münasibətlərin daha isti olması ilə yanaşı, həm də intellektual səviyyələrinin yüksək olmasına imkan verdi. Qarşıda bu layihənin "Qış məktəbləri" kimi davam etdirilməsi tədqirəlayiq haldır. Doğrudur, burada bəzi gənclərin müxalifət yönümlü olmaları və hər hansı qüvvələrin təsir altına düşmələri ilə bağlı səslənilən fikirlərlə də mən razıyam. Ancaq Azərbaycan gəncliyinin bir nümayəndəsi olaraq inanıram ki, onlar da etdikləri bu səhv hərəkətlərinə görə peşmançılıq çəkəcək və doğru yola qayıdacaqlar. Çünki müstəqil Azərbaycanımızın bundan sonra da əbədi və daimi olması üçün hamımız bir qüvvə kimi ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməliyik.
Tünzalə Muradova: "Biz gənclər Ali Baş Komandan, Ölkə Prezidenti İlham Əliyevin əmrini hər an gözləyir və Onun verdiyi əmrlərə əməl etməyə hazırıq"
- Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi yolunda uğurlu nailiyyətlər davamlı qaydada bir-birini əvəz etdi. Bu gün Azərbaycan və Azərbaycan gəncliyi öz dövlət müstəqilliyinin 20 ildə əldə etdiyi nailiyyətləri ilə qürur duyur. Ən ağrılı dərdimiz isə, təbii ki, Dağlıq Qarabağ problemidir ki, biz gənclər Ali Baş Komandan, Ölkə Prezidenti İlham Əliyevin əmrini hər an gözləyir və Onun verdiyi əmrlərə əməl etməyə hazırıq. Ancaq dövlət başçımız sülh yolu ilə bu problemin həll olunması istiqamətində uğurlu xarici siyasətini həyata keçirərək böyük nailiyyətlərə nail olmuşdur. İnanırıq ki, bu problem də yaxın zamanlarda dövlət başçımızın apardığı uğurlu xarici siyasəti nəticəsində öz müsbət həllini tapacaqdır. Çünki Azərbaycanın güclü ordusunun mövcudluğu bunu deməyə əsas verir. Ötən 20 il ərzində Azərbaycan Ordusunun büdcəsi 5 dəfə artırılmışdır. Ordumuzun günbəgün güclənməsi Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən düzgün istiqamətdə həyata keçirilməsidir.
Anar Tağıyev: "Prezident İlham Əliyevin xüsusi tövsiyə və tapşırıqları əsasında xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün göndərilən gənclərin sayı ildən-ilə artırılır"
- Azərbaycan gəncliyini daha mütəşəkkil və mütərəqqi bir zümrəyə çevirmək üçün atılan ən böyük addım regionun ən perspektivli siyasətçilərindən olan İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini vəzifələrinə seçilməsi idi. Eyni zamanda, ölkədə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ilin fevralında Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi, 1999-cu ilin mart ayında Gənclərin II Forumu, 1999-cu ilin iyulunda dövlət başçısının "Gənclər siyasəti haqqında" Fərman imzalaması, eləcə də, bu sahəyə aid çoxsaylı qanunların qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin gənc nəslə göstərdiyi qayğının nəticəsi idi. Prezident İlham Əliyevin xüsusi tövsiyə və tapşırıqları əsasında xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün göndərilən gənclərin sayı ildən-ilə artırılır. Son 5 ildə xaricdə oxuyan azərbaycanlı gənclərin sayı 56 faiz artıbdır.
İlqar Həmzəyev: "Yüksək iqtisadi-siyasi inkişaf əldə etmiş Azərbaycanda bu gün gənclərlə bağlı tələblər də fərqlidir"
- Çıxışımı Azərbaycanda gənclər siyasəti ilə bağlı fikirlərimi bildirməklə davam etmək istərdim. Çünki müstəqilliyimiz və əldə olunan dövrdən bəri ölkəmizdə gənclər hər zaman avanqard, aparıcı bir təbəqə kimi seçiliblər, onlar mətinliklə müstəqilliyimizin, suverenliyimizin keşiyində dayanıblar. Məhz bu əsnada, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənclərin aktiv fəaliyyətdə əsas təkanverici faktor rolunu oynayıb. Belə ki, Ümummilli Liderimiz 1994-cü ildə ölkədə Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı qərar verdi. Bununla yanaşı, həmin dövrlərdə Gənclər Təşkilatları Milli Şurasının, gənclərlə bağlı digər QHT-lərin yaranmasına göstərilən kömək bu prosesdə mühüm rol oynadı. Gənclərə verilən bu dəstəyin davamı kimi Azərbaycan Gənclər Forumunun keçirilməsi mühüm əhəmiyyətə malik idi. Əsası məhz o dövrdən qoyulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yüksək iqtisadi-siyasi inkişaf əldə etmiş Azərbaycanda bu gün gənclərlə bağlı tələblər də fərqlidir. Bu gün gənclərimizin inkişafına böyük imkanlar yaradılıb. Avropada təhsil almaq üçün gənclərə yüksək şərait yaradılıb, elmin fərqli sahələri ilə bağlı gənclərin fəaliyyəti üçün imkanlar yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə çevrilən gənclər siyasəti dünyada öndə gedən modellərdən biridir.
"Səs" qəzetinin əməkdaşı:
- Ümumilikdə Azərbaycan gəncliyi üçün müstəqil Azərbaycan anlayışı nədir? Ötən 20 il müstəqilliklə yanaşı daha hansı əlamətdar xüsusiyyətləri ilə seçilir?
Həmidağa Əliyev: "Ölkənin ən ağır məqamında xalqımızın xilaskarı, səriştəli və əvəzsiz dövlət xadimi, siyasət aləminin müdrik siması, Ulu Öndərimiz Heydər Əliyev öz dühası ilə millətini bu bəladan qurtara bildi"
- Həmkarlarımız müstəqilliyimizin 20 ili dövründə respublikamızın bütün sahələrində əldə olunan nailiyyətlərlə bağlı fikirlərini söylədilər. Mən isə, xüsusilə, Sovet İttifaqı dağıldıqdan sonrakı proseslərə toxunmaq istərdim. Həmin proseslər zamanı ölkədə daxili çəkişmə, hakimiyyət uğrunda mübarizə mənfur qonşuların təxribatı ilə müstəqilliyini təzəcə qazanmış Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Belə məqamda xalqımızın xilaskarı səriştəli və əvəzsiz dövlət xadimi, siyasət aləminin müdrik siması, Ulu Öndərimiz Heydər Əliyev öz dühası ilə millətini bu bəladan qurtara bildi. "Qurtuluş Günü" kimi tarixin şanlı səhifəsini təşkil edən 15 iyun 1993-cü il dövlətimizin müstəqil yaşamının başlanğıcı oldu. Məhz xalqın belə bir ağır məqamında Ümummilli Liderimiz Heydər Əliyevin öz müqəddəs xilaskar missiyasıyla böyük siyasətə qayıdışı, xalqın istəyi və arzusu ilə yenidən ölkəyə rəhbərlik etdiyi dövrdə qısa bir vaxtda Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyin daimi və dönməz xarakter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artmasına və dünya birliyində sivil ölkə kimi tanınmasına gətirib çıxardı. Hələ 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə gələcək müstəqil dövlətimizin iqtisadi və mənəvi əsaslarını qoymaq sahəsində əzmlə çalışmışdı. Belə ki, bu dövrdə ölkədə sənayenin və kənd təsərrüfatının, mədəniyyətin inkişafı sahəsində qazanılmış böyük nailiyyətlər bir tərəfdən xalqın siyasi və əmək coşqunluğunu göstərirdisə, digər tərəfdən də bu uğurlar gələcək inkişafızın, iqtisadi qüdrətimizin göstəriciləri, həm də gələcək müstəqilliyimizin bir növ təminatı idi. Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu siyasəti nəticəsində Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv olmuş və mühüm layihələrə imza atmışdı. Bu gün biz gənclər böyük qürurla fəxr edirik ki, Ümummilli Liderimiz Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycanda Onun siyasi məktəbinin yetirməsi, ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi ölkədə yaşayırıq.
Cəfərli Yeqzar: "Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Azərbaycanın müstəqilliyini qorumaq, yaşatmaq, onu xarici müdaxilələrdən hifz etmək həmişə xalqımızın ümdə vəzifəsi olmalıdır"
- Artıq 20 ildir ki, xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmləndirərək inkişaf etdirir. Bu gün Azərbaycan vətəndaşlarının rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Azərbaycanın müstəqilliyini qorumaq, yaşatmaq, onu xarici müdaxilələrdən hifz etmək həmişə xalqımızın ümdə vəzifəsi olmalıdır. Bu işi həyata keçirmək üçün gələcəyin sahibləri olan gənclərimiz xalqımızın keçmişini yaxşı öyrənməli, gələcəyi düşünməsi vacibdir. Bu sahədə ölkə Prezidenti İlham Əliyevin biz gənclərə göstərdiyi diqqət və qayğı buna parlaq misaldır. Biz gənclər bunu başa düşərək daha fəal olmalı, ölkəmizdə siyasi sabitliyin gözlənilməsinə, iqtisadi inkişafın daha da genişlənməsinə və mənəvi birliyə diqqəti artırmalıyıq. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.
RƏFİQƏ KAMALQIZI
RÖVŞƏN RƏSULOV