PDF Oxu

Əsas

  • 19

Müstəqil Azərbaycan-20

Müstəqil Azərbaycan-20

Dünən Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının qadınlar şurası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci illiyinə həsr edilmiş geniş tərkibli iclas keçirib. YAP Gədəbəy rayon təşkilatının qadınlar şurasının rəhbəri Nəzakət Hüseynovanın sədrliyi ilə keçirilən tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov və YAP-nın fəal özəklərinin təmsilçilərindən ibarət qadınlar iştirak edirdi.

İclası giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov öz çıxışında bildirdi ki, Odlar Yurdu Azərbaycanın da tarixi çox böyük, keçmişi əzəmətli, bu günü gözəl, gələcəyi isə parlaqdır. Çünki müasir Azərbaycanda YAP kimi qüdrətli və yenilməz bir partiya, sarsılmaz bir dövlət xalqın xidmətindədir. Keşməkeşli həyat yolu olan müasir Azərbaycan XX əsrin əvvəllərində müxtəlif siyasi hadisələrlə üz-üzə gəldi: "1918-ci ildə əldə etdiyi müstəqillik 23 ay ömür sürdü. 1920-ci ildən Sovet İmperiyasının əsarətində yaşayan xalqın qəlbi hər an azadlıq, müstəqillik arzusu ilə döyünürdü. Xalq öz arzusuna 1991-ci ildə qovuşdu. Həmin ilin oktyabr ayının 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Müasir Azərbaycanın 70 illik əsarətindən sonra qazandığı müstəqilliyi və yaratdığı Yeni Azərbaycan Partiyası xalqın həyatında uğurlu bir dönüş yaratdı. Müstəqilliyimizdən bir il sonra, yəni 1992-ci il noyabr ayının 21-də blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə yaranan Yeni Azərbaycan Partiyası ölkənin çiçəklənməsində parlaq bir günəş kimi şölə saçdı".

R.Muradov bildirdi ki, elə ona görə də xalq 1993-cü ildə çox böyük təkidlə Ümummilli Lider, dahi şəxsiyyət olan Heydər Əliyevi özünə rəhbər seçdi və bu seçimində yanılmadı: "Çünki Müasir Azərbaycanın inkişaf dövrü başladı. Yenicə ayaq üstə durmağa başlayan Azərbaycanda xalqın rifahına xidmət edən tarixi hadisələr, respublikamızın çiçəklənməsi, dövlətimizin qüdrətlənməsi üçün yeni layihələr meydana gəlirdi. Belə tarixi hadisələrdən biri də 1994-cü ildə sentyabr ayının 20-də neft hasilatı ilə əlaqədar imzalanmış "Əsrin müqaviləsi" idi. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuş bu müqavilənin imzalanması respublikamızın gələcək sürətli və zəngin inkişaf yoluna işıqlı bir qapı açdı. Ümummilli Lider dəfələrlə bəyan etmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".

Sonra gündəlik məsələ ətrafında YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Nəzakət Hüseynova geniş məruzə ilə çıxış edib. Xalq, dövlət olaraq Azərbaycanın tərəqqisində, bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsində müstəqillik amilinin əsas hərəkətverici qüvvə olduğunu deyən N.Hüseynova daha sonra əlavə edib ki, ötən əsrin son onilliyində yenidən dövlət müstəqilliyinə qovuşmasından sonra taleyinin sahibinə çevrilən Azərbaycan xalqı və onun yaratdığı dövlət qazanılan nailiyyətlər baxımından indi dünya üçün nümunəyə çevrilib: "Müstəqilliyin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız yeni tariximizdə xalqımızın imza atdığı müvəffəqiyyətlər dünyaya inkişafın Azərbaycan modelini də bəxş edib. Bu 20 il ərzində ən böyük nailiyyətlərdən biri, şübhəsiz, güclü, qüdrətli, xalqın iradəsi ilə formalaşan, onun milli maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycan dövlətinin yaranmasıdır".

Tədbirdə o da vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları mayın 26-da Gədəbəy rayonunda səfərdə olmuşdu. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Gədəbəy rayonunun inkişafında mühüm rol oynamışdır. Respublikanın hər yerində olduğu kimi, rayonda da təhsil, səhiyyə sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərin baş verməsi bu sahənin daha da təkmilləşməsi üçün proqram və layihələrin həyata keçirilməsi, hər bir bölgədə yeni məktəb binalarının və səhiyyə ocaqlarının tikilməsi onların yeni texnologiya komputer avadanlıqları ilə təmin olunması bunun bariz nümunəsidir. Bütön bu inkişafda qadınların da əməyi böyükdür. Respublikamızın günü-göndən çiçəklənməsi üçün qadınlar bundan sonra da Ulu Öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyev cənablarına dəstək olacaq, onun ətrafında sıx birləşəcək deyə tədbirdə vurğulandı.

RÖVŞƏN

Digər xəbərlər