Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının 3 saylı şəhər klinik xəstəxanasının ərazi ilk partiya təşkilatında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü və YAP Sabunçu rayon təşkilatının VIII konfransına nümayəndələrin seçilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək vurğulayıb ki, müstəqilliyimizin ilk illərində xalqımız Ümummilli Liderimiz Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu: "Xalqın iradəsi hər şeyə qalib gəldi. Ümummilli Liderimiz Heydər Əliyev kimi dahi siyasətçinin fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmlənmiş, respublikamız dünya dövlətləri arasında mühüm yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan Ümummilli Liderinin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, güclənir, qüdrətlənir".
YAP Sabunçu rayon təşkilatı ilk ərazi təşkilatının sədri Hikmət Məmmədov tədbirdə çıxış edərək bildirib ki, XX əsrdə xalqımız iki dəfə öz dövlət müstəqilliyini elan etsə də, əsrin əvvəllərində bu müstəqilliyi qoruyub saxlamaq mümkün olmayıb: "Nəhayət, sovetlər birliyinin süquta uğradığı zaman yaranan tarixi şərait nəticəsində Azərbaycan xalqı ikinci dəfə öz müstəqillik bayrağını qaldırdı. Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş dahi Lider xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir."
Tədbirdə YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Əliyev, 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil Məmmədov və başqaları çıxış edərək söyləyiblər ki, hər bir xalqın tarixində müstəqillik günü əvəzedilməz bir gündür. Məhz müstəqillik günü həm ölkənin, həm də xalqın gələcək tarixi üçün başlanğıc nöqtəsi idi. Bu, nöqteyi-nəzərdən də, 18 oktyabr tarixi Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli günlərdir. Çıxış edənlər bir daha bu fikri dönə-dönə vurğulayıblar ki, Azərbaycan xalqı əldə etdiyi azadlığı və müstəqilliyini yüksək qiymətləndirir, onu daimi və dönməz edən dahi şəxsiyyətə - Ümummilli Liderimiz Heydər Əliyevə öz dərin rəğbətini ifadə edir.
Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.
R.KAMALQIZI