Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Sosial Pedaqoji Kollecinin ərazi ilk partiya təşkilatında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü və YAP Nərimanov rayon təşkilatının VIII konfransına nümayəndələrin seçilməsi münasibətilə tədbir keçirildi.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev çıxış edərək vurğuladı ki, ölkəmizin hər yerində xalqımız dövlət müstəqilliyimizin 20 illiyi geniş qeyd olunur və YAP Nərimanov rayon təşkilatının VIII konfransına nümayəndələrin seçilməsi ilə bağlı tədbirlərimizin bu əlamətdar tarixi günlərdə keçirilməsi sevindiricidir: "Ölkə Prezidenti İlham Əliyevin müstəqilliyimizin 20 illiyi ilə bağlı imzaladığı mühüm Sərəncam ölkənin hər bir yerində müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar tərəfindən əlamətdar hadisə kimi dəyərləndirilir. Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul olunub. Məlum olduğu kimi, XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci parlaq qələbə idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın təkidli tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlalına qovuşmuş suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir".
T.Tağıyev onu da vurğuladı ki, müstəqilliyimizin ilk illərində xalqımız Ümummilli Liderimiz Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu: "Xalqın iradəsi hər şeyə qalib gəldi. Ümummilli Liderimiz Heydər Əliyev kimi dahi siyasətçinin fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmlənmiş, respublikamız dünya dövlətləri arasında mühüm yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, güclənir, qüdrətlənir".
T.Tağıyev onu da vurğuladı ki, artıq 20 ildir ki, xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmləndirərək inkişaf etdirir. Bu gün Azərbaycan vətəndaşlarının rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.
YAP Nərimanov rayon təşkilatı ilk ərazi təşkilatının sədri Vaqif Əmiraslanov tədbirdə çıxış edərək, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını xalqımızın həyatında tarixi bir hadisə olduğunu söylədi: "Hər bir xalqın tarixində müstəqillik günü əvəzedilməz bir gündür. Məhz müstəqillik günü həm ölkənin, həm də xalqın gələcək tarixi üçün başlanğıc nöqtəsi idi. Bu, nöqteyi-nəzərdən də, 18 oktyabr tarixi Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli günlərdir".
Tədbirdə Vaqif Əmiraslanov yenidən YAP Nərimanov rayon təşkilatının ilk ərazi təşkilatının sədri seçildi.
Sonda 10 nəfər YAP Nərimanov rayon təşkilatının VIII konfransına nümayəndə seçildi.
R.KAMALQIZI