Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, konkret şəxsiyyətlərin fəaliyyətində praktik olaraq təcəssümünü tapır. Bu mənada, Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə qanı-canı bahasına əldə etdiyi dövlət müstəqilliyini məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirmiş, dövlət suverenliyinə əbədi təminat yaratmışdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən proseslərin önündə getdiyini, birmənalı olaraq, təsdiqləyən faktlar kifayət qədərdir. Müstəqilliyimizin 20 illiyi münasibəti ilə keçilən keşməkeşli yola nəzər salan ziyalılarımız öz fikirlərini "Səs" qəzetinə bildirərək vurğuladılar ki, müstəqilliyimizin ən başlıca amili sırasında Ulu Öndər Heydər Əliyevin əbədi adı dayanır.
Aydın Hüseynov: "Xalqın daima dəstəklədiyi, müstəqilliyin qorunmasında önəmli təşkilat kimi qəbul olunan Yeni Azərbaycan Partiyası daim inkişaf edəcək"
YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi heç nə ilə müqayisə edilməyən, analoqu olmayan bir nailiyyətdir. Ümummilli Liderimiz Heydər Əliyev dövlət müstəqilliyini xalqın milli sərvəti adlandırırdı. Hər cür asılılıqdan azad olmaq, öz sərvətlərinə sahiblik etmək, müstəqil dövlətini qurub milli mənafe uğrunda mübarizə aparmaq, əlbəttə, bütün xalqların arzusudur. Ancaq azadlıq və müstəqillik pay verilmir, qanlar bahasına, çətin mübarizələrlə əldə edilir:
- Artıq 20 ildir ki, məhz bu cür əldə edilib qorunan Azərbaycan Respublikası müstəqildir, azad, hüquqi, dünyəvi dövlət olaraq yaşayır və dünyanın diqqətini cəlb edəcək şəkildə sürətlə inkişaf edir. Və bütün bunlar yalnız Ulu Öndər Heydər Əliyevin zəhmətinin, fədakarlığının, titanik dövlətçilik fəaliyyətinin və ən başlıcası, aydın və işıqlı ideyalarının nəticəsidir. Bu baxımdan, 1993-cü ildən bu günə qədər ölkəmizdə həyata keçirilmiş proseslərə nəzər saldıqda, məhz demokratik proseslərin bütün çalarlarını burada görmək mümkündür. Xalqın istək və arzularının yeganə təminatçısı olan Yeni Azərbaycan Partiyasının əsas prinsipial istiqaməti də ölkəmizdə azad və demokratik mühitin yaradılması, vətəndaş mövqeyinin önə çəkilməsindən ibarətdir. Bu baxımdan, YAP-ın ölkəmizin və eyni zamanda, regionun aparıcı siyasi qüvvəsi kimi istənilən prosesdə də tutduğu mövqe daha önəmlidir.
Çünki Azərbaycan özünün malik olduğu demokratik təcrübəsinə əsaslanaraq, bütün proseslərinin azad və ədalətli formada həyata keçirilməsinə nail olub. Bunun üçün zəruri olan prinsipial cəhətlər də mövcud olduğundan bu istiqamətdə, demək olar ki, heç bir problem yoxdur. Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq regionun ən güclü dövləti olan Azərbaycan qarşısına qoymuş olduğu bütün hədəflərə nail olur. Beynəlxalq arenada da Prezident İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər və üstün cəhətlər ölkəmizin nüfuzunun artmasında mühüm və əhəmiyyətli dərəcədə təsir göstərir. Ölkənin hərtərəfli inkişafı buradakı demokratik ab-havanın yüksək səviyyədə olmasına da öz təsirini göstərir. Belə ki, günü-gündən inkişaf edən ölkəmizdə vətəndaş institutlarının formalaşması və inkişafı, cəmiyyətin inteqrasiyası müqabilində qarşıya qoyulan məqsədlərin hasil edilməsi, onu göstərir ki, Azərbaycan demokratik müstəvidə özünün layiq olduğu yeri çoxdan tutub. Bunun üçün malik olduğumuz tarixi köklər və bu zəngin dəyərlər üzərində inkişafın mümkün olması dövlətin demokratik dəyərlərə nə dərəcədə yaxın olmasından xəbər verir. Bütün bu proseslərin tərkib hissəsi olan vətəndaş cəmiyyətinin qurulmasında YAP-ın, birmənalı olaraq, mövqe sərigələməsi deyilənləri bir daha təsdiqləmiş olur. Çünki bu gün Azərbaycan cəmiyyəti öz inkişaf tendensiyasına uyğun olaraq inkişaf edir. Cəmiyyət inkişaf etdikcə, onu əhatə edən qanunlarda inkişafa və dəyişikliyə məruz qalır. Bundan əlavə, Azərbaycan xalqı nəyin düzgün, nəyin yanlış olduğu artıq çox yaxşı müəyyənləşdirə bilir. Bu baxımdan da ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirmək lazımdır. Çünki YAP ölkənin yeganə güclü siyasi təşkilatı kimi imkanlarını vətəndaşın hüquqlarının qorunmasına və dövlətimizin daha da inkişafına həsr edib.
Fəqət Şadlinskaya: "Dünənin, bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu"
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya dünənin, bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyduğunu vurğuladı. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir".
Müstəqilliyin ən şirin nemət olduğunu söyləyən F.Şadlinskaya bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Heydər Əliyev ideyalarının izahında, təbliğində və həyata keçirilməsində, eləcə də, respublikamızın müstəqilliyinin möhkəmləndirilməsində onun yaratdığı və əbədi rəhbər olduğu Yeni Azərbaycan Partiyası mühüm rol oynayır. Azərbaycanın yeni tarixində ictimai-siyasi proseslərin inkişaf axarını müəyyənləşdirən əsas qüvvə kimi çıxış edən Yeni Azərbaycan Partiyası formalaşdığı gündən indiyə kimi xalqa xidmət missiyasını şərəflə yerinə yetirir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşan və qısa zaman kəsiyində Azərbaycanın yeni tarixində ictimai-siyasi proseslərin inkişaf axarını, ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilən YAP hazırda cəmiyyətdə ən nüfuzlu və etimad göstərilən siyasi təşkilatdır, çox möhtəşəm qüvvədir. Cəmiyyətdə siyasi fəaliyyətini YAP ilə bağlamaq istəyənlərin sayı artır və onlar arasında gənclər üstünlük təşkil edir. İlkin məqsədi, məramı ölkəni düşdüyü böhranlı vəziyyətdən xilas etmək, Azərbaycanın müstəqil dövlətçiliyini qoruyub yaşatmaq, beynəlxalq birliklərdə yerini möhkəmlətmək, xalqı real işıqlı gələcəyə aparmaq olan YAP, sözün əsil mənasında, bu gün qurtuluş və tərəqqinin simvoluna çevrilmişdir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın qurultayındakı çıxışında belə demişdir: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, yeganə siyasətdir ki, Azərbaycanı gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Bu gün də biz hamımız, Azərbaycan xalqı, YAP Heydər Əliyevin siyasətinə sadiq qalaraq, onu davam etdiririk və çox uğurla davam etdiririk". Müstəqilliyimizlə demək olar ki, yaşıd olan YAP yaranandan bəri dövlətçiliyimizin möhkəmləndirilməsinə, demokratik və sosial inkişafa xalqın bütün imkanlarını səfərbər etməyi bacardığı üçün xalqımızın dərin inamını, etimadını qazanaraq daim qələbəyə nail olmuşdur və hakim iqtidar partiyası olaraq azad, suveren Azərbaycanın yüksəlişinin təmin edilməsində üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdədir. Məhz buna görə də əsas aparıcı siyasi qüvvə, sözün əsil mənasında, xalqın partiyası YAP-ın sıralarında 550 mindən çox insan birləşir. Bu, əlbəttə, çox böyük qüvvədir. Bu gün partiya üzvləri ölkəmizin ictimai-siyasi, iqtisadi-sosial, mədəni həyatında fəal iştirak edir, dövlətimizin inkişafına layiqincə xidmət göstərirlər. YAP-ın əsas məram və məqsədi olan "Güclü dövlət, yüksək rifah" xalqımızın və dövlətimizin əsas məram və məqsədi ilə birdir. Ümumxalq mənafeyi uğrunda mübarizə aparan və xalqdan inamla dəstək alan partiya bütün sahələrə dərindən nüfuz etmişdir və öz proqramlarını uğurla həyata keçirir. YAP rayon təşkilatının cari ilin sentyabr ayınadək 9224 nəfər üzvü var. Onlardan 3266 nəfəri qadın, 2687 nəfəri isə gənclərdir. Bu, sevindirici haldır. Müstəqilliyimizin bu 20 ilində dövlətimizin və partiyamızın qazandığı bütün uğurlar, heç şübhəsiz, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının və həmin ideyaları inamla həyata keçirən partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin xalqla, Onun istəkləri ilə birləşmiş fəaliyyətinin nəticələridir. Biz hamımız Ulu Öndərimiz Heydər Əliyev ideyalarının daşıyıcılarıyıq. Bu ideyalar nəsil-nəsil xalqımızın mənəvi dünyasına, həyatına, gələcəyinə işıq saçacaq.
RƏFİQƏ HÜSEYNOVA