Elm aləmində nadir istedadlı elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida Nəsir qızı İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.
Oktyabrın 11-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, respublikanın qadın ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək 19 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıblar. G.Baxşəliyeva Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib. Aida xanımın elmi fəaliyyətinin hər bir dövrünü xatırladan Gövhər xanım, onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyib.
O bildirib ki, Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru Aida İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb. Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğulayıb.
G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə, Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, anadan olmasının 72-ci ildönümü qeyd edilən Aida İmanquliyevanın mənalı həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıb. A.İmanquliyevanın nəinki Azərbaycanın, ümumiyyətlə, dünya şərqşünaslıq elminə verdiyi töhfələrdən söz açılıb, böyük alimin müasir ərəb ədəbiyyatının tədqiqində gördüyü işləri vurğulayıb.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir.
O, əvvəlcə "Ərəb ədəbiyyatı" qrupunda kiçik elmi işçi vəzifəsində çalışmış və 1972-ci ildən etibarən qrupun rəhbəri, 1976-cı ildən isə institutda yenicə yaradılmış "Ərəb filologiyası" şöbəsinin müdiri vəzifələrində işləmişdir. Aida xanım həmin şöbəyə rəhbərlik etdiyi müddətdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə, 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, bir il sonra isə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülmüşdür. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva vəzifə pillələrində irəliləməkdə davam edir. O, 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlamış və həmin ilin dekabrında isə direktor vəzifəsinə təyin olunmuşdur. Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetin şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir. Aida İmanquliyevanın elmi, ictimai - siyasi fəaliyyətindən danışarkən, onun tərcüməçilik fəaliyyətini də qeyd etmək lazımdır. O, 70-ci illərdə universitetin şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, "Ərəb filologiyası" şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət bir kiçik antologiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapıb. Bundan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın nəşriyyat orqanları tərəfindən ərəb ədəbiyyatı ilə bağlı çap olunmuş neçə-neçə kitaba ön söz yazmış, neçə-neçə kitabın elmi redaktoru olmuşdur.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Aida İmanquliyeva ADU-da ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur.Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə canatan xarakterin ifadəsi olmuşdur. Bəlkə elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etmiş və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqələri bərpa etməyə çalışmışdır.
Aktiv bir ərəbşünas - alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi Aida xanım İmanquliyeva keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. O, Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir. Aida İmanquliyeva bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modelidir. Aida İmanquliyevanın qələmi ilə düşüncələrdə çəkdiyi "İpək yolu" - dünyanın Qərbi ilə Şərqini birləşdirən ədəbi-fəlsəfi fikir sistemi özlüyündə həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi, həm də və ən başlıcası isə milli özünüdərkin ifadəsi olmuşdur. Aida xanımın elmi yaradıcılığı çox zəngindir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən "Ərəb filologiyası məsələləri", "Şərq filologiyası məsələləri", "Şərqin problemləri: tarix və müasirlik" və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir. Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəlidir.
Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri özündə təcəssüm etdirirdi. Onun ömür yolu, həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olmuşdur. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsi olmuşdur. Elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etmiş və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışmışdır.
Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalmışdır.
Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl, öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ANA idi.
Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat etmişdir.
Gözəl əməli, xeyirxah işləri ilə başqalarına fayda verən Aida İmanquliyeva öz qısa ömür yolunda ürəklərdə özünə abidə qoya bilmişdir. Sağlığında ikən ölməzlik qazanmışdır.
ZÜMRÜD BAYRAMOVA