"Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmə iclası öz işini davam etdirib
Oktyabrın 11-də "Kempinski Badamdar" otel kompleksində Bakı Beynəlxalq Humanitar Forumunun "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmə iclası öz şini davam etdirib.
İclasda jurnalistikanın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiq edilməsi məsələsinin müzakirə olunması təsadüfi deyildir. Çünki bu məsələ XXI əsrin sosial sifarişlərindən biridir.
Bölmə iclasının gündəliyindəki məsələlərin hər biri ayrıca paneldə müzakirə olunacaqdır. Birinci paneldə ənənəvi informasiya sənayesi və sürətlə inkişaf edən sosial media arasında əlaqələr, ikincidə qloballaşma dövründə informasiya sahəsində yeni meyillər, üçüncüdə isə sosial medianın regional siyasətə bəzən səmərəli təsiri, hətta tarixin axarını dəyişmək qabiliyyəti müzakirə ediləcəkdir. Panelləri Forumun işinin informasiya dəstəyini təmin edən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Rusiyanın İTAR-TASS, eləcə də Türkiyənin Anadolu informasiya agentliklərinin rəhbərləri aparacaqlar.
İclasda dünyanın bir çox ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ekspertlər, məsləhətçilər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələr və s. iştirak edirlər. Şərti olaraq "XXI əsrdə sosial jurnalistika: hər kəs jurnalist ola bilər" adlandırılmış birinci paneli AzərTAc-ın baş direktoru Aslan Aslanov açaraq bütün qonaqları Bakı Beynəlxalq Humanitar Forumunda salamlamış, onların hər birinə səmərəli iş, maraqlı diskussiyalar arzu etmişdir.
"Bu tədbirin keçirilməsi ideyası meydana gələndə o, dinamik inkişaf edən bir dövlətin paytaxtında elə bir nüfuzlu beynəlxalq platforma yaradılması kimi nəzərdə tutulmuşdur ki, dünya elminin və mədəniyyətinin görkəmli xadimləri, tanınmış ekspertlər yeni minillikdə bəşəriyyətin qarşılaşdığı qlobal humanitar mövzuları müzakirə etmək üçün həmin məkanda toplaşsınlar", - deyən baş direktor vurğulamışdır ki, həqiqətən, bu gün gənc müstəqil Azərbaycan dövləti bütün iqtisadi göstəricilər üzrə regional liderdir və burada belə bir platformanın təsis edilməsi tamamilə məntiqli və vaxtında atılan bir addımdır. Digər tərəfdən, bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşan dünyamızın mövcud şəraiti nəzərə alınmaqla XXI əsrdə gedən proseslərin müzakirə olunmasını mütləq zərurətə çevirir. Hazırda dünyada o qədər humanitar məsələlər yığılıb qalmışdır ki, onların müzakirəsinin zəruri olduğunu diktə edən yeni gündəmin formalaşmasından danışmağın əsl vaxtıdır.
Birinci panelin moderatoru İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko müzakirə olunan mövzunun əhəmiyyətindən danışmışdır.
Ənənəvi xəbər sənayesi və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrə toxunan V.İqnatenko qeyd etmişdir ki, şübhəsiz, XXI əsr mediası keçmişdə olan media ilə çox fərqlənir. Sosial şəbəkələr indi siyasətə, təhsilə, mədəniyyətə çox güclü şəkildə təsir göstərir. Sosial jurnalistika artıq sosial platforma yaratmaqdadır.
Sonra "Assoşieyted Press" agentliyinin direktor müavini Tomas Kent çıxış edərək jurnalistikada yeni və köhnə modellərdən danışmışdır. Medianın ənənəvi növləri ilə yanaşı, sosial medianın məxsusi özəlliklərə, funksiya və peşəkar texnoloji xüsusiyyətlərə malik olduğunu qeyd edən qonaq demişdir ki, bütün bunlar yeni tipologiyanın ortaya çıxması barədə fikir yürütməyimizə imkan verir. Sosial media dinləyiciləri, oxucuları, tamaşaçıları təkcə baş vermiş hadisələrlə bağlı məlumatlandırmır, eyni zamanda, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılmasına da geniş imkanlar yaradır. Sosial medianın digər kütləvi informasiya vasitələrindən fərqli olaraq ətrafa qulaq asmaq və onu anlamaq imkanları daha artıqdır.
UNESCO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklins, "Moskovskiy komsomolets" qəzetinin baş redaktoru Pavel Qusev, Anadolu Agentliyinin baş direktoru Kəmal Öztürk, "Oqonyok" jurnalının baş redaktoru Viktor Loşak və Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekanı Aynur Bəşirli mövzu ilə bağlı çıxış edərək demişlər ki, texnoloji nailiyyətlər kommunikasiya üçün imkanları sadələşdirir. Lakin bu, yüksək peşəkarlığa əsaslanan jurnalistikanın prinsiplərini dəyişməməlidir.
Bildirilmişdir ki, 20 il əvvəl həyatımıza daxil olan İnternet və bu platforma üzərində son illər sürətlə yayılan sosial media ilə kommunikasiya tarixində daha bir yeni dövrə qədəm qoyduq. Bu dövrə də çoxtərəfli ünsiyyət dövrü deyə bilərik. Əgər bəşər tarixinə nəzər yetirsək, deyə bilərik ki, bu gün biz hər bir fərdin özünü ifadə etmək, öz səsini ən yüksək səviyyədə eşitdirmək imkanının olduğu bir dövrdə yaşayırıq. Bu ilin sonunadək dünyada sosial şəbəkələrə üzv olan insanların sayının 1 milyarda çatması gözlənilir. Hazırda "YouTube"yə bir dəqiqədə orta hesabla 48 saatlıq video yüklənir. "Twitter" vasitəsilə hər gün 200 milyon mesaj göndərilir. 800 milyondan çox üzvü olan "Facebook"da üzvlərin bir gündə yüklədiyi şəklin sayı orta hesabla 250 milyondan çoxdur.