Dövlət Müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Səbail rayonundakı "Sahil bağı"nda "20 il müstəqillik yollarında" mövzusuna həsr olunmuş böyük kitab sərgisi keçirilibdir.
Sərgi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən birgə hazırlanıbdır. Bayramsayağı rəngbərəng bayraqlar, güllər, şarlarla bəzədilmiş parkda rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanaların stendləri qurulmuş və burada son illərdə müxtəlif mövzularda çap edilən kitablar nümayiş etdirilibdir. Əlavə olaraq, 4 nəşriyyat da öz nəşrlərini oxuculara təqdim edib.
Nümayiş etdirilən stendlərdə İncəsənət Gimnaziyası, Ə.Əzimzadə adına Kollecin tələbələrinin, müxtəlif sənətkarların, "Bəzək" Yaradıcı İnsanlar Birliyinin nümayəndələrinin əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıbdır.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov gözəl yubiley olan dövlət müstəqilliyimizin 20 illiyi münasibəti ilə bayram tədbirində iştirak edən nümayəndələri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıbdır. O, 20 il ərzində ölkəmizdə əldə olunan uğurlar, nailiyyətlər, müstəqilliyin qazanılması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin rolunu qeyd edərək, Onun siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlər barədə danışıb.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbirin mahiyyəti, iştirakçıları, təşkili ilə bağlı məlumat veribdir.
Sonra qonaqlar və tədbir iştirakçıları parkı gəzərək yeni kitablar, nümayiş etdirilən əl işləri ilə tanış olublar. Usta Ələkbər Məmmədovun müəllifi olduğu Bakı şəhəri və İçərişəhərə aid ağacdan hazırlanmış əl işləri, Nahid Vahabovun ağac və balıqqulağından hazırladığı milli musiqi alətləri qonaqların daha çox rəğbətini qazanmışdır. Sərgidə nümayiş etdirilən 8 ustanın əl işlərinin bir hissəsi satışa çıxarılıbdır.
Tədbir Səbail rayonu, Badamdar qəsəbə Mədəniyyət evinin özfəaliyyət kollektivi, tanınmış incəsənət xadimləri, rayon musiqi məktəblərinin şagirdlərinin çıxışları ilə müşayiət olunaraq bütün gün ərzində davam etmiş, parka gələn, burada istirahət edənlərin və şəhərimizin qonaqlarının çox böyük maraq və sevincinə səbəb olmuşdur.
RƏFİQ