Daşkəsən rayonunda Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə ümumrayon bayram tədbirləri davam edir. Belə tədbirlərdən biri də imkansız 100 nəfər uşağa kiçik toy mərasiminin Daşkəsən icra hakimiyyəti tərəfindən təşkil olunmasıdır. Mərasim iştirakçıları ilk öncə şəhərin mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, onun önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mədənçilər Mədəniyyət evində davam etdirilən tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunan məruzə ilə çıxış edib. Ə.Abıyev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. İdman, bilik yarışları, inşa yazı müsabiqələri, idarə, müəssisə və təşkilatlarda dəyirmi masalar, yığıncaqlar təşkil olunur. Həmin tədbirlərin davamı kimi bu gün bu möhtəşəm zala ümumrayon tədbirinə toplaşmışıq.
Daşkəsən rayon icra hakimiyyətinin başçısı daha sonra bildirib ki, 20 il ölkənin, dövlətin tarixində çox da böyük zaman deyil: "Lakin Azərbaycan bu illər ərzində əsrə bərabər böyük bir tarixi yol keçmişdir. Müstəqilliyimizin ən çətin vaxtlarında, xarici və daxili düşmənlərin əhatəsində məhv olmaq təhlükəsi qarşısında qalan Azərbaycanı Ulu Öndəmiz Heydər Əliyev öz dərin zəkası, uğurlu siyasəti, dönməz iradəsi ilə xilas etdi. Əsası müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq, milli dövlətçilik siyasəti nəticəsində dövlətimizin hüquqi- sosial bazası yaranmış, müstəqilliyi möhməklənmiş, dünya birliyinə inteqrasiyası istiqamətində çox ciddi addımlar atılmışdır. Bu gün hər birimiz görürük ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir".
Mərasimdə rayon ziyalıları da öz fikirlərini bölüşüblər.
Tədbirin davamı olaraq "Yeni Həyat" şadlıq evində 100 nəfər uşağa kiçik toy mərasimi keçirilib. Kiçik toy mərasimində tanınmış müğənnilər və incəsənət xadimləri iştirak edib. Uşaqların valideynləri bu cür diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şənlik atəşfəşanlıqla yekunlaşıb.
R.HÜSEYNOVA