Dünən "Əyləncə Mərkəzi"nin "Eliza" zalında Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, millət vəkilləri və ziyalılar iştirak edirdi. Dövlət himninin səslənməsi ilə başlanan bayram tədbirində YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva çıxış edərək, tədbir iştirakçılarını müstəqilliyimizin bərpasının 20 illiyi münasibəti ilə təbrik etdi. N.Əliyeva bu bayramın hər bir azərbaycanlının qəlbində, bütün varlığında, həyatında böyük izlər buraxdığını qeyd etdi: "Azərbaycanın müstəqilliyi ilk dəfə ötən əsrin əvvəlində elan edilmişdi. Lakin bu müstəqilliyin ömrü cəmi 23 ay sürdü. Azərbaycan əsrin sonlarında yenidən müstəqilliyini əldə edib, ancaq bu müstəqilliyin qorunması çətin olub. Ölkə dağılmaq, müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Hakimiyyət uğrunda aparılan mübarizə nəticə etibarı ilə cəbhədə ermənilərin torpaqlarımızı işğal etməsinə səbəb olmuşdu. Bir sözlə, Azərbaycan xalqı ciddi problemlərlə üz-üzə qalmışdı. Bu problemləri, xüsusilə də, dövlət müstəqilliyimizi məhv olmaqdan yalnız Ümummilli Liderimiz Heydər Əliyev xilas edə bilərdi. Çünki bütün əldə etdiklərimizin, qazandıqlarımızın ən dəyərlisi və önəmlisi məhz dövlət müstəqilliyimiz idi. Müstəqillik azadlıq, hürriyyət deməkdir. Müstəqil dövlət öz torpağının, vətəninin sahibidir. Əgər bu gün tarixə nəzər salsaq, aydın görərik ki, hər bir millət müstəqillik uğrunda mübarizə apararaq, qurbanlar verib. Müstəqillik uğrunda hər bir məhrumiyyət, əziyyət və çətinliklər müqəddəsdir. Çünki bu, hürriyyət yolunda əldə olunan azadlıqdır".
N.Əliyeva çıxışını davam etdirərəkən qeyd etdi ki, Azərbaycan xalqı əldə etdiyi müstəqilliyin 20 illiyini qeyd etməklə o tarixi günləri hər bir vətəndaşın yaddaşında saxlamasını və onu mütəmadi olaraq, vərəqləməsini vacib sayır. Natiqin sözlərinə görə, xalq müstəqilliyin nə qədər şirin olduğunu 1918-ci ildə əldə etdiyi 23 aylıq müstəqillik tarixi ilə dada bilib.
Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında 20 illik tarixə nəzər salaraq əldə olunan uğurlardan, nailiyyətlərdən söhbət açdı. Bildirdi ki, Azərbaycan dövlətini dağılmaqdan, məhv olmaqdan yalnız Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsi xilas etdi: "1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə böyük iqtisadi inkişafın əsası qoyuldu. Ciddi problemlər də yalnız Dahi Öndərin müdrik, düşünülmüş məqsədyönlü siyasəti ilə öz həllini tapdı. Azərbaycanın yeraltı, yerüstü sərvətləri xalqın daha firəvan yaşamasına sərf edildi. Beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmləndi". Türk səfirinin xanımı Günay Kılıc qadınların cəmiyyətdə yeri və rolundan danışdı. Bildirdi ki, türk-Azərbaycan qadınları dünyada öz intellektləri, bilik və bacarıqları ilə tanınan qadınlardır: "Azərbaycan qadınları 20 illik müstəqillik tarixini böyük şərəf və qürurla qeyd edir. Çünki 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlarda Azərbaycan qadınlarının da kifayət qədər rolu və əməyi var. İnanır və əminənəm ki, dövlət başçısı İlham Əliyevin sülhpərvər siyasəti nəticəsində Azərbaycan Dağlıq Qarabağın işğaldan azad olunmasına nail olmaqla ərazi bütövlüyünü bərpa edəcək. O zaman Azərbaycan qadını Dağlıq Qarabağda insanların daha yaxşı və firəvan yaşaması üçün öz zəhmətini əsirgəməyəcək". Tədbirdə Yeni Azərbaycan Partiyasının İcra katibi, millət vəkili Əli Əhmədov və YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva 20 illik müstəqillik rəmzini ifadə edən bayram tortunu kəsdilər. Bayram tədbiri xalq artisti Mübariz Tağıyev, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova və başqalarının iştirakı ilə bədii hissə ilə davam etdirildi.
RƏFİQƏ KAMALQIZI