PDF Oxu

Əsas

  • 11

Slovakiyanın keçmiş Prezidenti Şəkidən xoş təəssüratla ayrılmışdır

Slovakiyanın keçmiş Prezidenti Şəkidən xoş təəssüratla ayrılmışdır

Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən Slovakiyanın keçmiş Prezidenti Rudolf Şüster oktyabrın 12-də Şəki şəhərinə səfər etmişdir.

AzərTAc xəbər verir ki, slovakiyalı qonaq əvvəlcə Qafqaz Albaniyasının ən qədim memarlıq abidəsi hesab olunan Kiş məbədinə baş çəkmişdir. Orta əsrlərə aid qəbirlər, bu ərazidə tapılmış maddi-mədəniyyət nümunələri, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar qonağın böyük marağına səbəb olmuşdur.

Sonra Slovakiyanın keçmiş Prezidenti Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayı ilə tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə tikilən bu saray YUNESKO-nun milli mənəvi dəyərlər siyahısına daxil edilmişdir. İkimərtəbəli, 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvandan ibarət olan bu sarayın tikintisində mismar, yapışqan və sementdən istifadə edilməmişdir. Sarayın divar rəsmləri həndəsi və nəbati naxışlardan ibarətdir.

Abidə ilə tanışlıqdan sonra şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov slovakiyalı qonağa xatirə hədiyyəsi təqdim etmişdir.

Şəkiyə səfəri ilə bağlı AzərTAc-ın müxbirinə müsahibə verən Slovakiyanın keçmiş Prezidenti Rudolf Şüster qədim Şəki ilə tanışlıqdan çox məmnun qaldığını bildirmişdir. Forum çərçivəsində iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan qonaq Prezidentin tövsiyəsinə uyğun olaraq regionlarla tanışlıq məqsədi ilə Qəbələ və Şəkiyə səfər etdiyini, burada gedən sürətli iqtisadi inkişafı, tikinti-quruculuq işlərini öz gözləri ilə gördüyünü diqqətə çatdırmışdır. R.Şüster bildirmişdir: "Mən bir daha əmin oldum ki, ölkənizdə yalnız paytaxt Bakı şəhəri deyil, bütün regionlar sürətlə inkişaf edir. Bu sahədə, şübhəsiz ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi qərarlar mühüm rol oynayır. Şəki bənzəri olmayan şəhərdir. Burada milli mənəvi dəyərlərə, tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirilir".

Digər xəbərlər