Dövlət müstəqilliyinin 20 illiyi ərəfəsində respublikamızın hər yerində, rayon və şəhərlərdə bu şərəfli bayram xalqımız tərəfindən möhtəşəmliklə qeyd olunmaqdadır. Belə bayram tədbirlərindən biri də Yasamal rayonu ərazisində yerləşən Bakı 2 saylı baza-tibb kollecində gerçəkləşib. Bayram tədbirində Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, kollecin direktoru, tibb elmləri namizədi Dilarə Məmmədəliyeva, kollecin tələbə və müəllim heyəti, eləcə də, digər ictimai fəallar iştirak ediblər.
Bayram tədbirini giriş sözü ilə açan kollektivin direktoru Dilarə Əliyeva ilk öncə dövlət müstəqilliyinin əhəmiyyəti və onun xalqa verdiyi töhfələr barədə fikirlərini bildirdi. O, vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin qəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı ikinci dəfə itirilməkdə olan müstəqilliyini qoruyub -saxlamağa müvəffəq oldu: "Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət nəticəsində ölkəmizdə, bütün sahələrlə yanaşı, tibb sahəsində də önəmli tərəqqi, inkişaf reallaşmışdır. Şəhər və rayonlarımızda, hətta ən ucqar bölgələrimizdə belə müasir, dünya standatrlarına cavab verən möhtəşəm tibb müəssisələri tikilərək istifadəyə verilmişdir. Əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər bununla da bitmir. Çünki müstəqil ölkəmiz inkişaf etdikcə, yeniləşir və modernləşir. Bu baxımdan da, möhtərəm Prezidentimiz İlham Əliyevin yürtdüyü məqsədyönlü siyasət gələcəkdə dövlətçiliyimizə daha çox töhfələr verəcəyini ehtiva edir".
Daha sonra kürsüyə YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov dəvət edildi. O, ilk olaraq, müstəqilliyin hər bir xalq üçün əlamətdar hadisə olduğunu vurğulayaraq, bildirdi ki, dövlət müstəqilliyini qazanmaq nə qədər çətin olsa da, onu qoruyub saxlamaq daha ağır məsuliyyət tələb edir: "Bu məsuliyyətin öhdəsindən isə yalnız bir tarixi şəxsiyyət-Ulu Öndər Heydər Əliyev gələ bildi. Heydər Əliyev dühası öz doğma xalqının səsinə səs verərək, bir daha sübut etdi ki, O, həqiqətən də, Azərbaycan xalqının xilaskarıdır. 1992-93-cü illərdə, eləcə də, 1995-ci ildə törədilməyə cəhd edilən dövlət çevrilişinin qarşısı məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qətiyyətlə, güclü siyasi iradə və xalqına güvən ilə alındı. Bəli, Azərbaycan xalqı öz Liderinə inandığı kimi, Lider də öz xalqına inanır, onu öz həyatından da artıq sevirdi. Ümummilli Lider Heydər Əliyev həm də azərbaycançılıq ideyasının daşıyıcısı, tərənnümü idi. Dünya Azərbaycanlılarının qurultayında Onun söylədiyi kəlam bu gün hər birimizin şüarına çevrilmişdir: "Hər bir xalqın öz milli mənsubiyyəti var. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".
Çıxışlardan sonra səhnəyə Bakı 2 saylı tibb kollecinin özfəaliyyət dərnəyinin üzvləri çıxdılar. Göstərilən bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar, sənədli film və oxunan vətənpərvərlik mövzusunda mahnılar tədbirə toplaşanların könüllərini oxşadı.
RÖVŞƏN RƏSULOV