PDF Oxu

Əsas

  • 15

YAP Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Möhtəşəm 20 il” adlı dəyirmi masa keçirdi

YAP Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Möhtəşəm 20 il” adlı dəyirmi masa keçirdi

Yeni Azərbaycan Partiyası oktyabrın 15-də "Hyatt Regency" otelinin "Bakı" zalında Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Möhtəşəm 20 il" adlı dəyirmi masa keçirdi. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin, Milli Məclisin deputatlarının, siyasi partiyaların rəhbərlərinin və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən YAP-ın Sədr müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müstəqilliyimizin bərpasının 20-ci ildönümünün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da qeyd olunduğunu bildirdi: "Bu da xalqımızın müstəqilliyə və onun daimiliyinin, dönməzliyinin təminatçısı olan Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin bariz nümunəsidir.

20 il bundan əvvəl Azərbaycan xalqı müstəqilliyinə qovuşduqdan sonra tarixi, taleyüklü seçim qarşısında dayanırdı. Xalqımızın qarşısında iki yol var idi. O dövrün xaos və anarxiyasının yaratdığı çətinliklər vəziyyəti daha da ağırlaşdırırdı. İnsanlar isə Heydər Əliyev yoluna daha çox inanırdılar. Çünki bu yolda bir işıq görünürdü. Azərbaycan xalqı haqlı olaraq bu yolu seçdi. Bu yolla irəliləyərək bugünkü Azərbaycanın reallıqlarına yetişmiş oldu. Müstəqillik bir xalqa nə verə bilərsə, Azərbaycan özünün dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ili ərzində bütün bunların hamısına artıqlaması ilə nail ola bilib. Bu, yalnız Azərbaycan xalqının deyil, ölkəmizdə qonaq olan xarici vətəndaşların, ekspertlərin, siyasətçilərin qiymətləndirməsidir. Ölkəmizin bugünkü uğurları çox ciddi əsaslar yaradır. Bu günlərdə ölkəmizdə səfərdə olan, bugünkü dünyanın nizamını müəyyənləşdirən dövlətlərdən biri olan Fransanın prezidenti N.Sarkozinin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı dəyərləndirməsi də bunu təsdiq edir. Azərbaycanın 20 ildə keçdiyi yolu möhtəşəm 20 il kimi səciyyələndirmək olar. Ötən dövrün uğurları göz qabağındadır. Bircə faktı qeyd etmək istərdim ki, 90-cı illərin əvvəllərində Azərbaycanın dövlət büdcəsi 100-200 milyon dollar idisə, bu gün həmin rəqəm 20 milyard dollara yaxındır. Bu da ötən illər ərzində artımın 120-130 dəfəyə bərabər olmasının göstəricisidir. Tədbirin adının "Möhtəşəm 20 il" seçilməsi də Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların böyüklüyündən irəli gəlir. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkə vətəndaşları o illərin təsiri altında yalnız sabitlik, əmin-amanlıq, təhlükəsizliklə əlaqədar düşünə bilərdi və insanların arzuları da bu çərçivədən kənara çıxa bilmirdi. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 10 illiyini qeyd edərkən biz daha çox müstəqilliyimizin Azərbaycana sabitlik, əmin-amanlıq gətirməsi barədə danışırdıq. Müstəqilliyimizin 20 illiyini qeyd edərkən isə biz sabitliklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətindən, möhtəşəm inkişafdan, regionun ən qüdrətli dövlətinə çevrilməsindən, güclü orduya malik olmasından, beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsindən danışırıq. Azərbaycanın bugünkü mənzərəsi keçilən yoldan daha qürurla danışmağa böyük əsas verir. Beləliklə, Heydər Əliyev yolu Azərbaycan xalqına arzuladığı bütün uğurları bəxş etdi. Həmin yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir."

Ə.Əhmədov müstəqilliyin böyük nemət olduğunu önə çəkərək bildirdi ki, müstəqillik yalnız müstəqillik naminə olmur. YAP Sədrinin müavininin sözlərinə görə, müstəqillik hər bir millət üçün özünü ifadə etmək şansıdır: "Müstəqillik hər bir xalqın öz taleyini həll etmək hüququdur. Azərbaycan xalqı bu gün özünü bütünlüklə ifadə etmək imkanına və qüdrətinə malikdir. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan xalqı öz taleyini həll etmək hüququndan bütünlüklə istifadə edə bilir. Müstəqillik hər bir xalqın ona verilən sərvətlərdən istifadə etmək haqqıdır ki, bu gün böyük əminliklə deyə bilərik ki, Azərbaycan malik olduğu sərvətlərdən xalqımızın rifahı və mənafeyi naminə istifadə edir. Bütün bunların hamısı Azərbaycanın Dövlət Müstəqiliyinin xalqımıza bəxş etdiyi reallıqlardır. Bu, yalnız bəxş olunan reallıq deyil, yaradılan reallıqdır. Bu, Heydər Əliyev siyasətinin möhtəşəmliyi ilə yaradılmış reallıqdır. Bu gün İlham Əliyevin müəyyənləşdirilmiş və düzgün şəkildə həyata keçirilən siyasəti nəticəsində formalaşan və hər birimizin qəlbində qürur hissi yaradan gerçəkliklərdir."

Ə.Əhmədov onu da vurğuladı ki, möhtəşəm başlanğıc, təbii ki, gələcəyin də möhtəşəmliyini şərtləndirmiş olur: "İnkişafımızın möhtəşəm gedişi Azərbaycanımızın gələcək inkişafının möhtəşəm perspektivlərini müəyyənləşdirib. Biz əminik ki, Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyini qeyd edərkən daha böyük uğurlardan, daha güclü Azərbaycandan, daha böyük ideyalardan bəhs edəcəyik."

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradova isə Ümummilli Liderimiz Heydər Əliyevin parlamentarizmin, parlament diplomatiyasının inkişafındakı rolundan danışdı və çıxışını "Möhtəşəm 20 il Azərbaycana nə verdi" sualı ətrafında qurdu: "Əlbəttə ki, hər kəs bu sualı özünəməxsus şəkildə cavablandırır. Səslənən ən əhəmiyyətli cavab isə Azərbaycanın Dövlət Müstəqilliyinin dönməzliyinin təmin olunmasıdır. Bəli, müstəqillik bütün xalqlara və millətlərə onun arzularını reallışdırmaq, həyat tərzini istədiyi kimi müəyyənləşdirmək, öz dövlətini bütün standartlara uyğun qurmaq və bu dövləti irəliyə aparmaq üçün şans verir. Azərbaycan bu şansı bir neçə dəfə əldə edib. Amma son şans Azərbaycanın əbədi müstəqilliyini təmin edəcək start idi. Ötən 20 il ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Çünki biz bu tarixin içində olmuşuq. Hər kəsin əldə olunan nailiyyətlərdə özünəməxsus payı var".

Vitse-spiker onu da bildirdi ki, hər kəs yaradılan şəraitdən istifadə edərək dövlətçiliyin möhkəmləndirilməsinə öz töhfəsini verdi. "20 ildə qazanılan uğurlar xalqımızın hər nəfərinə düşür, bunun içərisində bir siyasi qüvvə var ki, onun fəaliyyətini xüsusi qeyd etmək istərdim" fikrini söyləyən B.Muradova vurğuladı ki, bu, Yeni Azərbaycan Partiyasıdır: "Müstəqilik illərində yaranan və onu qorumağı öz üzərinə götürən bir partiya kimi 18 ildir bu istiqamətdə ciddi addımlar atır. Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevdir. Bu gün partiyaya onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir. YAP-ın tərəfdarları, bu partiyanın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətini dəstəkləyən mövcud ictimai-siyasi qurumlar, xalqın mütləq əksəriyyəti təsdiq edə bilər ki, dövlət müstəqilliyinin təmin olunmasında ən aparıcı rol məhz bu partiyaya mənsubdur. Ona görə də möhtəşəm 20 ili qeyd edərkən ən çox sevinənlərdən biri də bu partiyanın üzvləridir".

B.Muradova parlamentin o dövrdəki fəaliyyəti ilə də bağlı məlumat verdi: "Yadınıza salın, o zamankı vəziyyəti, müstəqillik aktının qəbul olunduğu dövrü. O vaxt nə qədər fərqli meyillər müşahidə olunurdu. Kənardan təcavüz, daxili qarşıdurmalar. Belə çətin anda bu sənədin qəbul olunması Azərbaycan xalqı üçün bir nəfəslik oldu. Sənəd qəbul olunduğu vaxtdan sonra müəyyən dövr ərzində yalnız formal xarakter daşıyırdı, müstəqilliyin itirilməsi şansı, onun qorunmasından daha çox üstün görünürdü. Zaman elə gətirdi ki, Ulu Öndər Heydər Əliyev xalqın Ona müraciətini dəyərləndirdi. Hakimiyyətə qayıtdığı dövrdən YAP da Ümummilli Liderlə iqtidara gəldi. Bu dövr ərzində biz xalqın qarşımızda qoyduğu vəzifələri yerinə yetirməklə məşğul olduq. Bu vəzifələrin bir qismi parlamentdə oldu. Biz artıq 4 çağırışdır ki, parlamentin üzvüyük və mütləq çoxluq YAP-a məxsusdur. Bu illər ərzində görülən işlər, onu deməyə əsas verir ki, artıq parlamentarizm ənənələri özünə möhkəm yer tutub. Azərbaycan parlamenti ictimai-siyasi həyatın mərkəzi orqanlarından birinə çevrilib. Biz cəmiyyəti, xalqı, dünyanı narahat edən problemləri Milli Məclisin kürsüsündən səsləndiririk. Nəinki səsləndiririk, qanunlarımızı qəbul edirik, həyatımıza uyğunlaşdırırıq, dünya standartları səviyyəsinə çatdırırıq. Mən ötən 20 il ərzində parlametin işini ən nəzərəçarpan fəaliyyət hesab edirəm".

Vitse-spiker Milli Məclisin beynəlxalq əlaqələrindən danışarkən, bildirdi ki, bu istiqamətdə bir çox uğurlar əldə olunub: "Bu gün Azərbaycanda vətəndaş həmrəyliyi mövcuddur. YAP-ın iqtidarda olmasına baxmayaraq, ölkədə digər partiyaların inkişafı üçün də dövlətimiz hər bir şəraiti yaradır. Bu gün rəngarəng ictimai-siyasi mühit, həyat və onun da parlamentdə əksi ən gözəl nailiyyətimizdir".

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov qeyd etdi ki, ötən 20 ildə müstəqilliyin möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının üzvlərinin xüsusi əməyi var: "Mən də qürur hissi keçirirəm ki, Müstəqillik Aktının qəbul olunmasında bir deputat kimi səs vermişəm. Hələ o vaxt Ulu Öndər Heydər Əliyev çıxışlarında bildirirdi ki, yolumuz müstəqillik yoludur, Sovetlər İttifaqı dağılır, biz bundan imtina etməməliyik. Bunun əvəzində isə, o vaxtki rəhbərlik 17 martda referendum keçirdi. Amma referendum Naxçıvanda keçirilmədi. Çünki Ulu Öndərin dediyi sözlərə Naxçıvan əhalisi sadiq olaraq, bu məsələyə qoşulmadı. Təbii ki, bu, bizə heç də asan başa gəlmədi. Biz 1992-ci ilin noyabrın 21-də YAP-ın konfransını keçirməyə hazrlaşırdıq. O vaxtkı hakimiyyətdə olan insanlar isə buna bir ay qalmış, YAP-ın yaranmasının qarşısını almaq məqsədilə, sözün əsil mənasında, dövlət çevrilişi etdilər. Ancaq YAP yarandı, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi".

Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirdi ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması müstəqilliyin daha da möhkəmlənməsinə gətirib çıxardı: "Bununla ölkəyə xarici şirkətlərin, investisiyaların axını başladı. Bundan sonra dövlət büdcəsi artdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründən başlayaraq, neft-qaz layihələri şaxələndirilmiş formada həyata keçirildi. Bütün bu işlərin görülməsi Azərbaycanın müstəqilliyini əbədi, dönməz etdi".

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov müstəqilliyin müqəddəs bir anlayış olduğunu söylədi: "Müstəqillik ölkənin vəziyyətini, onun sosial, iqtisadi və hüquqi təbiətini, vətəndaşların maddi rifah halı, hüquq və azadlıqlarının təmin olunmasını müəyyən edən mürəkkəb ölçü, meyardır. Hesab edirəm ki, məndən əvvəl çıxış edənlər bu aspektlərə toxundular. Mən isə çox istərdim ki, biz növbəti dəfə müstəqilliyimizi qeyd edəndə, ərazi bütövlüyümüzün təminatından danışaq. Çünki müstəqilliyinin ən böyük əlamətlərindən biri də məhz budur. Xalqımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına əmindir. "

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu da müstəqillik illərindən bəhs edərək, müstəqilliyin şirin nemət olduğunu vurğuladı: "Bir çox xalqlar mübarizə apardıqları halda, müstəqillik əldə edə bilməyiblər. Müstəqilliyi o xalqlar qazanırlar ki, onlar qarşılarına çıxan tarixi şansları ağıllı şəkildə dəyərləndirə bilirlər. Azərbaycan xalqı da müstəqillik uğrunda mübarizə apardı və bu neməti əldə etdi."

Tədbirdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev YAP-ın təşəbbüsü ilə həyata keçirilən bu tədbiri yüksək qiymətləndirərək, Azərbaycanın 20 illik müstəqillik tarixinin uğurlarından bəhs edərək, uğurlu siyasət nəticəsində müstəqilliyimizin əbədi olacağını söylədi.

Millət vəkili Fəttah Heydərov isə bildirdi ki, müstəqillik bizim hamımız üçün çox əzizdir: "Müstəqillik yolunda hər bir layiqli vətəndaş, bu torpağın insanı öz əməyini əsirgəməyib. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atır".

Bütünlüklə, çıxışlarda ümumi fikir bu oldu ki, 20 illik müstəqillik tariximizin 18 ili böyük uğurlarla səciyyələnir. Müstəqilliyimizin ilk illərininin ağır dövründa xalq müstəqilliyinə sahib çıxmaq üçün öz xilaskar oğluna - Heydər Əliyevə üz tutdu. İctimaiyyət nümayəndələrinin, ziyalıların təkidli xahişi ilə 1993-cü ildə respublikada siyasi hakimiyyətə qayıdan Ulu Öndər ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizin əbədi və dönməz olması üçün möhkəm zəmin yaratdı. Ümummilli Lider həmin dövrlərdə bir neçə dəfə dövlət çevrilişlərinə cəhdin qarşısını aldı, cəbhədə atəşkəsə nail oldu. Ölkədə ictimai-siyasi sabitlik yarandı və respublika müstəqil inkişaf yoluna qədəm qoydu. Bir vaxtlar müstəqil Azərbaycanın başı üzərində cəmi 23 ay dalğalanan üçrəngli bayrağımızın ən yüksək nöqtədə, həm də əbədi dalğalanmasını təmin etdi. Bu bayraq artıq 20 ildir ki, xalqın qürur mənbəyi kimi dalğalanır və əbədiyyətə qədər dalğalanacaq.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər