PDF Oxu

Əsas

  • 17

“Müstəqil Azərbaycan-20” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Müstəqil Azərbaycan-20” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Dünən Yeni Azərbaycan Partiyasının mənzil qərargahında "Müstəqil Azərbaycan-20" yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı mərasim keçirildi. Mərasimdə çıxış edən YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, YAP gənclərlə bağlı Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, müəyyən layihələr həyata keçirir. Bu layihələr gənclərin ictimai-siyasi həyatda yaxından iştirakını təmin etməyi nəzərdə tutur: "Bu layihələr YAP-ın bütövlükdə ölkəmizdə gənclərə böyük önəm verdiyini, gənclərin problemləri ilə yaxından maraqlandığını və onların Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etməsi üçün lazımi şərait yaratdığını təsdiq edir. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayı durmadan artmaqdadır. Bu gənclər Azərbaycanın ictimai-siyasi həyatında, partiyamızın həyatında yaxından iştirak edirlər. Gənclərimiz YAP-ın gənclik enerjisini artırırlar və partiyamızın gələcək qələbələrinin əsasında dayanan güclü faktor kimi fəaliyyət göstərirlər".

YAP Sədrinin müavini vurğulayıb ki, müsabiqənin keçirilməsində məqsəd YAP-ın sıralarında olan və bütövlükdə Azərbaycan gəncliyinin potensialını üzə çıxarmaq və 20 illik müstəqillik yolu ilə bağlı onların düşüncəsini ortaya qoymaq olub: "Biz bu müsabiqəni elan etməklə gənclərin dövlət müstəqilliyi ilə bağlı nə düşündüklərini ifadə etmək, dövlət müstəqilliyinin təmin olunmasında 20 illik keçdiyimiz yol ilə bağlı özlərinin fikirlərini və düşüncələrini ortaya qoymalarını istəmişdik. Güman edirəm ki, YAP-ın bu təşəbbüsünə qoşularaq yazı müsabiqəsində iştirak edən gənclərin sayının çox olması bizim niyyətimizin həyata keçdiyindən xəbər verir".

Ə.Əhmədov onu da bildirdi ki, təxminən bir ay ərzində çoxlu sayda yazılar təqdim edildi: "Bu yazılar "Səs", "Yeni Azərbaycan" və "İki sahil" qəzetlərində dərc olundu. Gənclərin arasında peşəkar jurnalistlər də qeyri-peşəkarlar da var idi. Onlar özlərini müəllif kimi cəmiyyətə təqdim etdilər. Hesab edirəm ki, bu müsabiqə öz qarşısında qoyduğu məqsədə nail ola bilib və biz istedadlı gəncləri kəşf edə bilmişik".

"Müasir Azərbaycan-20" məqalə müsabiqəsi ilə bağlı yaradılmış Münsiflər Heyətinin rəhbəri, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı müsabiqənin nəticələri haqqında məlumat verdi. M.Qurbanlının sözlərinə görə, Yeni Azərbaycan Partiyası Dövlət Müstəqilliyinin 20 illiyi münasibətilə çoxsaylı tədbirlər keçirir və bugünükü yazı müsabiqəsi də belə tədbirlərdəndir: "Bu müsabiqə müddətində 100-ə yaxın məqalə təqdim olundu. Onların 63-ü "Yeni Azərbaycan", "Səs" və "İki sahil" qəzetlərində dərc olundu. Bu məqalələrdə Azərbaycanın 20 illik müstəqillik dövründə keçdiyi yol, bu dövrdə Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasında və inkişafında xidmətləri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları geniş şəkildə öz əksini tapıb. Müsabiqə ilə bağlı Münsiflər Heyətinin bir neçə iclası keçirilib. Məqalələr Münsiflər Heyətinin üzvləri tərəfindən oxunaraq qiymətləndirilib. Geniş və əhatəli təhlillərin nəticəsi olaraq Münsiflər Heyəti 5 məqalənin qalib elan olunması haqda qərar qəbul edib. Belə ki, qərara əsasən İsmayıl Muğanlı, Sitarə Cabbarlı, Natavan Səfixanova, Kübra Əliyarlı və Samirə Quliyeva Yeni Azərbaycan Partiyasının elan etdiyi "Müasir Azərbaycan-20" yazı müsabiqəsinin qalibləri elan ediliblər".

Daha sonra Əli Əhmədov bildirdi ki, Münsiflər Heyəti təqdim olunan yazıların əksəriyyətinin yüksək keyfiyyəti ilə bağlı yekdil fikirdədirlər: "Eyni zamanda, onların fərqləndirilməsi də münsiflər heyəti üçün çətin olub. Çünki yazılar keyfiyyətinə, emosionallığına, bütövlükdə, 20 illik müstəqillik yolunun dəyərləndirilməsinə görə bir-birinə çox yaxın olub. Beləliklə, biz əslində, bütün parametrlərə görə bir-birinə həddən artıq yaxın olan yazıların beşini seçə bildik ki, bunların özlərinin arasında da kəskin fərqlər qoymaq çətin idi. Ona görə də yazılar o qədər oxşar idi ki, biz belə qərara aldıq ki, biz bu yazılar arasında hansısa ciddi fərqləndirmə qoymayaq. Çünki bu fərqləndirmək üçün də əsaslar yox idi. Ona görə də hamısı üçün eyni mükafat müəyyənləşdirdik. Beləliklə, bu beş nəfər YAP-ın yazı müsabiqəsinin qalibləri oldular".

Ə.Əhmədov qaliblərə mükafatları təqdim etdi. O, qalib gənclərin "Yeni Azərbaycan, "Səs" və "İki sahil" qəzetləri ilə gələcəkdə də əməkdaşlıqlarını davam etdirəcəklərinə ümid etdiyini vurğuladı: "Biz həmin gənclərin qəzetlərlə əməkdaşlığını təmin etməyə hazırıq".


R.HÜSEYNOVA

Digər xəbərlər