Dünən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Tofiq Abdullayevin sədrliyi ilə rayon təşkilatının şura iclası keçirilmişdir. Təşkilat sədri öz çıxışında ilk öncə sentyabrın 24-də Bakı şəhərində keçirilmiş rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi haqqında şura üzvlərinə məlumat verib. T. Abdullayev YAP Sədrinin müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun tədbirdə çıxışındakı mühüm məqamlara toxunub, tövsiyə və tapşırıqlarını toplantı iştirakçılarının nəzərinə çatdırıb.
T.Abdullayev xatırladıb ki, YAP Sədrinin müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov hesabat-seçki yığıncaqlarında hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar da tövsiyələrini bildirib: "Hesabat-seçki yığıncaqlarında gənclərin partiyada sayının çoxalması ilə əlaqədar onların təşkilatlarda fəaliyyətini yüksək əlaqələndirmə mexanizminin yaradılmasını, çoxsaylı üzvləri olan ilk təşkilatların idarə olunmasının təkmilləşdirilməsini diqqət mərkəzində saxlamalıyıq. Yığıncaqlarda partiya daxili cari məsələlər müzakirə olunmalı, nöqsanlar aradan qaldırılmalıdır. Hesabat dövründə şuranın və idarə heyətinin müəyyənləşdirdiyi vəzifələri kifayət qədər ardıcıl şəkildə həyata keçirə bilməyən ilk təşkilat sədrlərini yeniləşdirməli, gənclərin partiya işinə cəlb olunmasına diqqət yetirməliyik".
Daha sonra YAP Zərdab rayon təşkilatının Gəlmə kəndinin ictimai nümayəndəliyi ərazi ilk təşkilatının sədri Cəfər Manafov hesabatla çıxış edərək, bildirdi ki, hal-hazırda 113 nümayəndədən 107 nəfər yığıncaqda iştirak edir. C.Manafov, həmçinin, təşkilatın gördüyü işlər və əldə etdiyi uğurlarla yanaşı, görüləcək işlər və nöqsanlar barədə də məlumat verdi.
Sonra məruzə ətrafında fikir mübadilələri aparıldı. Ərazi ilk təşkilatının üzvlərindən Gülağa İsgəndərov, Fiqura Abbasova, Həsən Abulov və başqaları çıxış edərək, təşkilat sədrinin hesabatını qənaətbəxş hesab etdilər.
Görüşdə Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək, bildirdi ki, tarixi bir ərəfədə-müstəqilliyimizin bərpasının 20-ci ildönümü qeyd olunduğu gündə keçirilən bu hesabat-seçki yığıncağı hər birimizin yaddaşında tarixi hadisə kimi qalmalıdır: "Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Çünki ölkəmizdə xalq-dövlət birliyi mövcuddur və bu birlik əbədidir".
İclasın sonunda səsvermə keçirildi və C.Manafov yenidən ilk partiya təşkilatının sədri seçildi. Həmçinin, VIII konfransda iştirak etmək üçün 11 nəfər nümayəndənin adları açıqlandı.
R.RƏSULOV