Bu gün ölkəmizin davamlı tərəqqi yolunu uğurla davam etdirməsi bilavasitə Yeni Azərbaycan Partiyasının inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Bu uğurlar YAP-ın gücünü, nüfuzunu daha da artırır, eləcə də, gördüyü işlərin miqyasının genişlənməsi ilə şərtlənir.
Hazırda YAP üzvlərinin sayı 550 min nəfərdən artıqdır. Sevindirici hallardandır ki, partiyanın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Bu amil artıq bir neçə ildir özünü davamlı olaraq göstərməkdədir. Gənclərimizin partiyamızın sıralarına böyük həvəslə qoşulması bir tərəfdən Prezident İlham Əliyev siyasətinin gənclərimiz arasında dəstəklənməsinin göstəricisidir. Digər tərəfdən, bu faktor YAP-ın özünün həm cəmiyyətdə, həm də gənclər arasında mövqeyinin güclənməsindən xəbər verir. Gənclərin partiyamıza qoşulması YAP-ın gücünü, gənclik enerjisini artırır.
Ölkəmiz inkişaf etdikcə, YAP da inkişaf edir, güclənir, bunu ölkəmizdə keçirilən bütün seçkilərin nəticələri, ayrı-ayrı vaxtlarda Azərbaycanda ictimai-siyasi həyatla əlaqədar keçirilən sorğuların nəticələri də birmənalı şəkildə təsdiq edir. Eyni zamanda, hər bir rayon və şəhər təşkilatı fəaliyyət göstərdikləri ərazilərdə öz iş metodlarını təkmilləşdirməsi, yeniləşdirməsi, müasir texnologiyalardan daha çox faydalanmağa çalışması və gənclərlə işin gücləndirilməsi yönündə fəaliyyətlərini davam etdirirlər. YAP-ın Nizamnaməsinin normalarına uyğun olaraq partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsi də bu tendensiyanın daşıyıcılarındandır. Bu, həm də partiya daxilində mühüm bir kampaniyadır və Nizamnamə tələblərinə uyğun şəkildə konfransların keçirilməsi YAP-ın rayon və şəhər təşkilatlarının fəaliyyətinə qiymət vermək imkanı yaradır. Yeni Azərbaycan Partiyasının uğurlarını nəzərə alaraq, onu da vurğulamaq mümkündür ki, rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsi partiyanın həyatında əhəmiyyətli hadisə kimi dəyərləndirilə bilər. Məhz bu baxımdan, bu ilin sentyabrında keçirilmiş partiyanın ümumrespublika müşavirəsində Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın İcra katibi Əli Əhmədov qeyd edib ki, hesabat-seçki konfransları hər bir yerli təşkilatın əvvəlki konfransdan keçən dövr ərzində fəaliyyətinə baxışdır. Onun fikrincə, bu, hər bir rayon və şəhər təşkilatının fəaliyyətinin yüksəlməsinə, bu fəaliyyətin səmərəsinin artırılmasına gətirib çıxarmalıdır. YAP Sədrinin müavini qeyd edib ki, bu konfranslar həmin ərazidə fəaliyyət göstərən təşkilatların təkcə partiya üzvləri qarşısında yox, bütün rayon ictimaiyyəti qarşısında hesabatı şəklində həyata keçirilməlidir. Çünki hakimiyyətdə olan partiya təkcə üzvləri qarşısında yox, bütün vətəndaşlar qarşısında hesabat verməyi özünün vəzifəsi bilir. Eyni zamanda, təşkilatların konfransları onların həyatında əhəmiyyətli bir hadisə kimi yadda qalacaq, onların inkişafına yeni stimul verəcək və fəaliyyət göstərdiyi ərazidə təşkilatın mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.
Rövşən RƏSULOV