PDF Oxu

Əsas

  • 16

“Ötən 20 il ərzində Azərbaycan böyük uğurlara imza atıb”

“Ötən 20 il ərzində Azərbaycan böyük uğurlara imza atıb”

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzindəki "Westminster" Konsert və Sərgi Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub. Heydər Əliyev Fondu, ölkəmizin Böyük Britaniyadakı səfirliyi, Avropa-Azərbaycan Cəmiyyəti (AAC) və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir rəsmi qəbulla başlanılıb.

Qonaqlar mərkəzin foyesində təşkil olunmuş Azərbaycanın təkrarsız təbiətini, görməli yerlərini, məşhur tarixi abidələrini əks etdirən fotosərgi ilə maraqla tanış olublar.

İştirakçılara bu il oktyabrın əvvəllərində Londonda ingilis dilində ilk nömrəsinin təqdimatı keçirilmiş "Baku" jurnalı, Avropa-Azərbaycan Cəmiyyətinin "The European Azerbaijan Society magazine" və "Vizions of Azerbaijan" jurnalları, Azərbaycanda turizmin inkişafından bəhs edən müxtəlif bukletlər paylanmış, milli şirniyyat təqdim olunub. Bayram gecəsi "Westminster" mərkəzinin böyük konsert salonunda davam edib. Əvvəlcə Azərbaycanın dövlət himni səslənib. Sonra ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa edib. Bu çətin və məsuliyyətli müstəqillik illərində ölkəmizin inkişaf yoluna qədəm qoyması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ötən 20 il ərzində Azərbaycan böyük uğurlara imza atıb. Britaniya Azərbaycanın müstəqilliyini artıq 1991-ci ilin dekabrında tanıyıb və ikitərəfli münasibətlərimiz daim yüksələn xətlə inkişaf edir. Xarici siyasət sahəsində Azərbaycanın uğurları bir çox cəhətdən Böyük Britaniya ilə bağlıdır. Ölkələrimizin parlamentləri arasında sıx əlaqələr mövcuddur, parlamentlərarası dostluq qrupu uğurla fəaliyyət göstərir. Bu əlaqələrin daha da möhkəmlənməsi üçün əsaslı zəmin vardır. Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Lori Bristou tədbirdə çıxış edib. O, toplaşanlara Azərbaycan və ingilis dillərində müraciət edərək xalqımıza təbriklərini və ən xoş arzularını çatdırıb. Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov Azərbaycanın beynəlxalq aləmə daha sıx inteqrasiyasından danışıb, respublikamızın müstəqillik günü münasibətilə hamını təbrik edib. Bayram gecəsi böyük konsert proqramı ilə davam etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Böyük Britaniyaya gəlmiş Azərbaycanının məşhur "Rast" qrupunun çıxışı hərarətlə qarşılanıb. Tədbirin sonunda "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal bayram tədbirinin iştirakçılarını salamlayaraq, Azərbaycanın Avropa mahnı məkanında qələbə müjdəsi olan məşhur "Running Scared" və digər mahnılarını ifa ediblər. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş gecədə Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Böyük Britaniya ictimaiyyətinin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələr iştirak ediblər.


GÜLYANƏ

Digər xəbərlər