ÖZBƏKİSTAN
Özbəkistanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Namiq Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Füzuli Nəcəfov, Özbəkistan Respublikasının Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsriddin Muhəmmədiyev, Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədov, ölkədə fəaliyyət göstərən digər milli-mədəni mərkəzlərin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırıldıqdan sonra, Dövlət Himni səslənmiş, daha sonra isə müstəqillik uğrunda mübarizədə canlarından keçmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Namiq Abbasov çıxış edərək, Azərbaycan və özbək xalqlarının möhkəm dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini bildirib. Azərbaycan xalqının Özbəkistanda yaşayan çoxmillətli xalqlar ailəsinin tam hüquqlu üzvü olduğunu qeyd edən səfir hazırkı tədbirdə Özbəkistanın bir çox milli-mədəni mərkəzlərin nümayəndələrinin iştirakının bunu təsdiqlədiyini vurğulayıb. Namiq Abbasov Azərbaycan Respublikasının tarixindən, onun müxtəlif inkişaf mərhələlərindən keçərək, müasir dövrümüzə qədər keçdiyi yoldan danışıb. Bayram tədbirinin çoxsaylı qonaqları ilə söhbətlərində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədov Özbəkistanın Azərbaycan diasporunun ənənəvi olaraq Azərbaycan və Özbəkistanın dövlət və milli bayramları ilə əlaqədar tədbirlərin təşkilatçısı olduğunu və ya belə tədbirlərdə iştirak etdiyini qeyd edib. O ölkədə fəaliyyət göstərən bütün milli mərkəzlərin Özbəkistan Respublikasının Beynəlmiləl Mədəniyyət Mərkəzi ilə birgə daha sıx əməkdaşlıq etməsinin, müştərək tədbirlər keçirməsinin vacibliyini qeyd edərək, bunun xalqlar arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirəcəyini bildirib. Tədbir Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və onun regional filiallarının yaradıcılıq kollektivlərinin təqdim etdiyi milli musiqi, mahnı və rəqs nömrələrindən ibarət konsert proqramı ilə davam etdirilib. Konsertdə, həmçinin, qazax, krım-tatar, türkmən və uyğur mədəni mərkəzlərinin nümayəndələri də çıxış ediblər.
Daşkənd
Özbəkistanda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20-ci ildönümü və Özbəkistan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə bu ölkədə fəaliyyət göstərən milli-mədəni mərkəzlərin komandaları arasında yunan-Roma və sərbəst güləş üzrə turnir keçirilib. Daşkənd şəhərində "Dinamo" idman klubunun stadionunda keçirilmiş tədbir Özbəkistanın Güləş Assosiasiyasının, Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Özbəkistan Respublikası Beynəlmiləl Mədəniyyət Mərkəzinin iştirakı ilə baş tutub. Turnirdə 15 milli-mədəni mərkəzi təmsil edən 130 güləşçi iştirak edib. Hər güləş növündə 5 çəki dərəcəsi üzrə idmançı təmsil olunub. Turnirin 40 qalibi və mükafatına "qızıl", "gümüş" və "bürünc" medallar, üzərində turnirin simvolları əks olunmuş fəxri diplomlar və hədiyyələr təqdim edilib. Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədov idmançılara və qonaqlara müraciətində idmanın sərhəd tanımadığını və millətlər arasında fərq qoymadığını bildirib. İdmanın ölkələri və xalqları yaxınlaşdırdığını qeyd edən Mobil Məmmədov onun sülh və qardaşlıq səfiri olduğunu söyləyib. Onun sözlərinə görə, məhz bu səbəbdən bütün qonaqlar üçün əlamətdar olan bu tarixi - Azərbaycan və Özbəkistan Respublikalarının müstəqillik əldə etməsinin 20-ci ildönümünü qeyd etmək üçün ölkədə fəaliyyət göstərən müxtəlif milli-mədəni mərkəzlərin komandalarını təmsil edən idmançıların yarışının keçirilməsi qərara alınıb. Turnir iştirakçıları və qonaqlar qarşısında Özbəkistan Respublikası Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsriddin Muhəmmədiyev, Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin katibi Akif Əliyev və Özbəkistanın Güləş Assosiasiyasının Baş katibi Konstantin Mixaylov da çıxış edib.
POLŞA
Polşada yaşayan azərbaycanlıların "Birlik" Cəmiyyətinin təşkilatçılığı ilə Varşavada Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov çıxış edərək Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünün qeyd olunmasını böyük hadisə adlandırmışdır. 1991-ci ildə müstəqilliyinin bəyan etmiş Azərbaycan Respublikasının müxtəlif çətinliklərlə üzləşdiyini qeyd edən diplomat ən ağır zərbənin Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı olduğunu bildirib. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır və keşməkeşli olduğunu söyləylən səfir 1993-cü ilə Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın stabil inkişaf etməyə başladığını vurğulayıb. Azərbaycanın dövlət başçısı İlham Əliyevin prezidentliyi müddətində Azərbaycanın daha böyük nailiyyətlər qazandığını, ölkəmizin Avropaya inteqrasiya olunduğunu qeyd edən diplomat daha sonra Azərbaycan-Polşa münasibətlərinə də toxunmuş və iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib. Polşada nəşr edilməyə başlayan "Azərbaycan" jurnalını müstəqilliyin 20-ci ildönümünün qeyd olunduğu günə böyük hədiyyə kimi dəyərləndirən Həsən Həsənov onu Azərbaycan diasporunun fəaliyyətinin ən parlaq nümunəsi kimi dəyərləndirib. Polşada yaşayan azərbaycanlıların "Birlik" Cəmiyyətini sədri Nəbi İbadov çıxış etmişdir. Nəbi İbadov Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə toplaşanları təbrik etmişdir. O müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etdiyini və Cənubi Qafqaz regionunun liderinə çevrildiyini qeyd etmişdir. Azərbaycanda gerçəkləşən iqtisadi islahatlar, bərqərar olunmuş siyasi sabitlik sayəsində ölkənin investisiya qoyuluşu baxımından cəlbedici ölkələrdən biri olduğunu qeyd edən diaspor lideri hazırda Azərbaycanın özünün xarici ölkələrə investisiya qoyuluşu həyata keçirdiyini vurğulayıb. Azərbaycanın bir sıra regional layihələrdə iştirak etdiyini qeyd edən Nəbi İbadov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin bərqərar olunmasında müstəsna rol oynadığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan "Birlik" Cəmiyyətinin sədri Azərbaycan işğalçı Ermənistanın beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini kobud surətdə pozduğunu diqqətə çatdırıb. Azərbaycan torpaqların azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini, Avropa Şurası, Avropa Birliyi kimi mötəbər təşkilatların, dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını önə çəkərək, Azərbaycan torpaqlarının işğalına son qoyulmasını tələb edərək, Ermənistanın təcavüzkar kimi tanınmasına çağırıb. Sonda o, bir daha Azərbaycan xalqının müstəqillik günü münasibətilə təbrik edib. Tədbirdə çıxış edən "Azərbaycan" jurnalının baş redaktoru jurnalın nəşr olunmasında məqsədin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və incəsənətini Polşada təbliğ etmək olduğunu qeyd edib.
İtaliya
İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Florensiyanın "Auditorium al Duomo" sərgi və tamaşa zalında Türksoyun rəsm sərgisini təşkil edib. 17 oktyabr tarixində təntənəli açılışı olan sərginin təşkilində Azərbaycan Mədəniyyət Assosiasiyasına Florensiya bələdiyyəsinin mədəniyyət şöbəsi, Auditorium al Duomo Fondunun da köməyi və iştiraki olmuşdur. Sərginin açılış mərasimində İtaliyanın Orizo rəqs qrupu Azərbaycan, Qazax, Türk və digər türkdilli xalqların rəqs nömrələri ilə çıxış etmiş, Türkiyədən gəlmiş musiqiçilərin ifasında türkdilli xalqların musiqisi və mahnıları ifa olunub. Böyük turist axını olan Florensiyanın "Auditorium al Duomo" sərgi və tamaşa zalında keçirilən sərgi bir çox insanın diqqətini cəlb edib. Sərgiyə gələnlər Azərbaycan rəssamlarının rəsm əsərlərini yüksək qiymətləndiriblər.
Sərgi oktyabrın 30-na kimi davam edəcək.
ZÜMRÜD