Ermənistan tərəfinin Azərbaycanın hər hansı bir konstruktiv təklifinə qeyri-konstruktiv reaksiyası bir daha onu nümayiş etdirir ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, sülh və danışıqlar yolu ilə həllində maraqlı deyil. Bunu şənbə günü Trend-ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşdırılmamış məqamlar saxlanmalı və böyük sülh sazişi üzərində danışıqlara başlanmalıdır. Buna cavab olaraq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərlə görüşündə deyib ki, Azərbaycanın bu mövqeyi danışıqların məntiqinə ziddir.
Məmmədov bildirib ki, Azərbaycan tərəfi bu addımı ilə bir daha dünya birliyinə, həmsədr dövlətlərə nümayiş etdirir ki, Azərbaycan bu münaqişənin yalnız və yalnız sülh, danışıqlar yolu ilə həllinə dair iradəsini ortaya qoyur. Ona görə də münaqişənin tezliklə həlli üçün bütün addımları atmağa hazırdır.
"Bilirsiniz, artıq ötən illər ərzində davam edən danışıqlar prosesində Azərbaycan bütün sahələr, istiqamətlərdə hansı variantlar mümkündür, onları ortaya qoyub iradəsini nümayiş etdirir. Ermənistanın əsas məqsədi danışıqlar prosesinin imitasiyası ilə bu prosesi uzatmaq və bununla da guya ki, vaxt udmaqdır. Elə onların faciəsi də bundan ibarətdir. Onlar başa düşə bilmirlər ki, vaxt nə qədər uzun davam edəcəksə, bu, onların xeyrinə heç bir vaxt işləmir və işləməyəcək. Amma burada onlar vaxt udmaq üçün, öz şəxsi, hakimiyyətdə qalmaq mənafelərini güddükləri üçün düşünürlər ki, elə bununla da hər şeyi udurlar. Artıq dəfələrlə Ermənistan tərəfi nümayiş etdirir ki, onlar münaqişənin həllində maraqlı deyillər", - Məmmədov əlavə edib.
PA rəsmisi, həmçinin Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi son bəyanatı şərh edərkən deyib ki, bu, nəzəri və praqmatik təhlillərin nəticəsində verilən bir bəyanatdır və onu göstərir ki, bu münaqişə həll oluna bilər.