Azərbaycanın reallıqlarını ictimai fəaliyyəti ilə ölkəmizin sərhədlərindən kənarda yaşadan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı irimiqyaslı layihələri əsasında böyük uğurlara imza atıb. Uğurlu fəaliyyətinə və fəal mövqeyinə görə, Rusiyanın azərbaycanlı gənclərini ətrafına toplayaraq kifayət qədər əhəmiyyətli nəticələr əldə edib. Daim corafiyasını genişləndirmək ideyasını gerçəkləşdirən qurumun bu gün azərbaycanlı gənclər klubları Moskvada və Sankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda fəaliyyətdədir.
Gənclərin həyatının bütün istiqamətlərini müəyyən edən qurum Rusiya gənclərini, o cümlədən, ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə getdikcə daha yaxından tanış edir. Bütün bunlarla yanaşı, ardıcıl olaraq həyata keçirdiyi layihələr onun fəaliyyət istiqamətinin genişləndirilməsini əsaslandıran faktorlardır. Qurumun "Xocalıya ədalət", "Qanın milləti yoxdur", "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" və digər müxtəlif məzmunlu layihələri təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. Mövcud layihələrin gerçəkləşməsinin nəticəsi olaraq mədəni-maarif və sosial, ictimai sahələrdə vətəndaşlıq şüurunun inkişafına təsirini göstərməkdədir. Belə layihələrin həyata keçirilməsi RAGT-ın uğurlarının, onun beynəlxalq proseslərə inteqrasiyasını sürətləndirir. Dünya dövlətlərinə inteqrasiyada maraqlı olan qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə doğru addımlarını davam etdirir. Bütün bu cəhdlər öz nəticəsini verir.
Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu" kitabının çapdan çıxması məhz Azərbaycan reallıqlarını özündə ehtiva edən nümunədir. Belə ki, nəşrdə 2010-cu il iyunun 29-30-da Bakıda keçirilmiş və XX əsrin böyük siyasi xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" Forumunun müəyyən məqamları diqqətə çəkilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kitaba yazdığı ön sözdə qeyd edir: "2009-cu ilin iyununda Moskvada, REA-nın Volxonkadakı Fəlsəfə İnstitutunda keçirilmiş ilk konfransdan sonra aydın oldu ki, Azərbaycan və Rusiya filosoflarının müasir şəraitdə mədəniyyətlərin qarşılıqlı əlaqəsi məsələlərinə dair disputlarının davamı olmalıdır və qarşılıqlı əlaqələr və dialoq problemi iki ölkənin xalqlarının bir-birini daha yaxşı başa düşmək, daha da yaxınlaşmaq arzusu ilə bağlıdır".
Leyla xanım Əliyeva qeyd edir ki, Ümummilli Lider Heydər Əliyev Rusiya ilə münasibətlərin Azərbaycan üçün çox əhəmiyyətli olmasına əmin idi. Bu münasibətlər həm iqtisadi, həm siyasi, həm də mədəni baxımdan mühümdür: "Onun fikrincə, cəmiyyətin həyatında mədəniyyətlərin qarşılıqlı əlaqəsi və dialoqu iqtisadiyyatın və siyasətin inkişafını irəlicədən müəyyən edir. Ona görə də qərara alınmışdır ki, 2010-cu ilin iyununda Bakı konfransı, Bakı forumu "Əliyev qiraəti" adı ilə keçiriləcəkdir. Azərbaycanın Ümummilli Lideri həmişə əmin idi ki, sivilizasiyalararası münaqişələri mədəniyyətlərin dialoqu, kommunikasiyaların transmədəni formaları dövrü əvəzləməlidir". Bu gün Ulu Öndərin ideyalarını yaşadan və təbliğ edən Heydər Əliyev Fondu fəaliyyətdədir. Fond Heydər Əliyevin irsini, ilk növbədə, mədəniyyətlə, humanitar inkişaf, elmlə bağlı ideyalarını inkişaf etdirməyə çalışaraq layihələrin reallaşmasına müvəffəq olur. Beynəlxalq miqyasda milli dəyərlərimizin, adət və ənənələrimizin təbliğinə nail olur. Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirərək qloballaşan dünyada azərbaycançılıq fəlsəfəsinin əhəmiyyətini təqdim edir. Azərbaycandan kənarda belə missiyanı üzərinə götürüb onu həqiqətə çevirmək nə qədər məsuliyyətli iş olsa da, bir o qədər də şərəflidir. RAGT milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılayaraq Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə önəm yetirir. Rusiyanın müxtəlif regionlarında aktual mövzularla bağlı təşkil olunan konfrans və seminarlar, məhz bu məqsədə xidmət göstərir. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək olan RAGT fəaliyyətini birmənalı olaraq davam etdirməkdədir.
NƏZAKƏT ƏLƏDDİNQIZI