Dünən Daşkəsən rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə oktyabr ayının 24-də Prezident Sarayında Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlərlə bağlı ümumrayon toplantısı keçirilib. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayon ictimaiyyəti nümayəndələrinin iclasında cari ilin 9 ayında rayonda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə edib.
Ə.Abıyev çıxışında qeyd etmişdir ki, 20 ildir müstəqillik əldə edən ölkəmiz günbəgün inkişaf edir, qüdrətlənir. Bir vaxtlar taleyi tükdən asılı qalan respublikamız indi bir sıra Avropa ölkələrinə və qonşu dövlətlərə dostluq, qardaşlıq qayğısı göstərir, problemsiz həyat bəxş edir: "Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyev ideyalarına sədaqətlə, uğurla davam etdirilir. Biz xoş gələcəyə nikbinliklə, böyük qələbələrlə gedirik".
Rayon icra hakimiyyətinin başçısı çıxışına davam etdirərək bildirmişdir ki, 2011-ci ilin doqquz ayında Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülmüşdür. Belə ki, ümumi məhsul buraxılışı 32712,3 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 15,6 % çoxdur. O cümlədən, göstəricilər sənaye üzrə 6,2 dəfə, kənd təsərrüfatı üzrə 1,8 %, nəqliyyat üzrə 10,7 %, rabitə üzrə 0,7 %, ictimai-iaşə xidmətləri üzrə 15,1 % çox olmuşdur: "2011-ci ilin 9 ayı ərzində sənaye müəssisələrinin işçilərinin orta sayı 533 nəfər olmuşdur. Bir işçiyə düşən orta aylıq əmək haqqı 304,8 manat təşkil etmişdir. Daşkəsən rayonunda əhalinin sayı 01.10.2011-ci il tarixə 271 nəfər artmışdır. 2011-ci ilin 9 ayı ərzində rayonda 766 aztəminatlı ailəyə (3152 ailə üzvünə) ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Həmin dövrdə rayonda 115 iş yeri yaradılmışdır. 2011-ci ilin 9 ayı ərzində istifadə olunmuş elektrik enerjisinin əhali qrupu üzrə dəyərinin ödənilməsi 98,8 % təşkil etmişdir. Keçən ilin 9 ayında bu göstərici 85,8 % təşkil etmişdir".
Ə.Abıyev onu da vurğulayıb ki, "Alunit" istehsalat sahəsində qəza vəziyyətində olan 35/6 kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirə bilən yeni yarımstansiyanın tikintisi üçün torpaq sahəsi ayrılmış, lakin təəssüf ki, sifarişçi və icraçı qurum olan "Azərenerji" ASC bu sahədə indiyədək heç bir iş görməmişdir: "Həmin məsələnin həlli üzrə rayon icra hakimiyyətinin müraciətindən sonra Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yeni yarımstansiyanın tikintisinə 1.200 min manat vəsait ayrılmışdır".
Ə.Abıyev 1500-dən artıq abonentin 192 min manat borcunun silindiyini bildirərək qeyd edib ki, buna səbəb 2011-ci ilin 1 fevral tarixinə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2011-ci il tarixli mühüm Fərmanı olmuşdur.
Eyni zamanda Yuxarı Daşkəsən EATS (TELESSİS tipli) yenisi ilə (KAREL tipli) əvəz olunmuş, 32 nömrə artım edilərək 22 nömrə əhalinin istifadəsinə verilmişdir. Telekommunikasiya qovşağında 35 ədəd yeni rabitə dirəyi basdırılmış, 2,65 km müxtəlif markalı yeni kabel xətti çəkilmişdir. Əhmədli, Dəstəfur və Zəylik kəndlərində olan ATS-lər rekonstruksiya edilərək 2010-cu ildə müasir tipli EATS-lərlə əvəz edilmişdir. Yaxın gələcəkdə telekommunikasiya qovşağı üzrə rabitə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən, yeni avadanlıqların tətbiqi nəzərdə tutulur.
Ə.Abıyev öz çıxışında onu da bildirmişdir ki, rayonda kənd təsərrüfatının inkişafına da diqqət və qayğı ötən dövr ərzində xeyli artırılmışdır: "Hal-hazırda rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsrrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir. 2011-ci ilin kənd təsərrüfatı məhsulu üçün 2276,5 hektar sahədə əkin aparılmış, bunun 1352,4 hektar kartof, 660 hektar taxıl, 264,1 hektar digər əkin sahələri təşkil edir".
Vurğulanmışdır ki, cənab Prezidentimiz tərəfindən kənd təsərrüfatının inkişafı üzrə verdiyi tapşırıqların bundan sonra da yerinə yetirilməsi üçün bütün tədbirlər görüləcəkdir. Cari ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir: "Daşkəsən rayonunun girəcəyində geniş, irimiqyaslı tikinti, quruculuq, abadlıq işləri aparılmış, yüksək səviyyəli "Bayraq Meydanı" yaradılmış və yeni park -istirahət mərkəzi salınmışdır. Daşkəsən şəhərində "Yeni Həyat" xeyir-şər evi tikilərək istifadəyə verilmişdir. Hazırda həmin sahə üzrə işlər davam etdirilir. Rayon əhalisi möhtərəm Prezidentimizə böyük minnətdarlıqla həmin xeyir-şər evində toy və digər mərasimlərini keçirir. Daşkəsən şəhərinin Heydər Əliyev, İ.Qayıbov küçələrinə və "Yeni Həyat" xeyir-şər evinin ətrafına asfalt örtüyü salınmışdır. Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilmişdir.
Şəhərin müxtəlif sahələrini əhatə edən irimiqyaslı tikinti, yenidənqurma, təmir-bərpa işlərinin aparılması üzrə mütəxəssislər tərəfindən kompleks layihə işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Hazırda bu sahə üzrə işlər davam etdirilir .Son vaxtlar rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir və bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
RƏFİQƏ KAMALQIZI