Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Belə ki, iki ölkə arasında yaşanan qardaşlıq bağlarının mövcudluğu daim diqqət mərkəzində olmuş, bütün sahələrdə yaradılan əməkdaşlıq əlaqələri inkişaf etdirilmiş və bu inkişaf daha aktiv şəkildə gerçəkləşdirilməkdədir. Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri həm iqtisadi, həm də təhlükəsizlik əlaqələrinin inkişafı baxımından da ölkə mətbuatı tərəfindən yüksək dəyərləndirilmişdir. Bütün bunlarla yanaşı, KİV-lərdə Dağlıq Qarabağ probleminə diqqət ayrılmış, Ermənistanın təcavüzkar ölkə olduğu xatırladılmış, işğal nəticəsində ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün hələ də öz doğma yurd-yuvalarına qayıtmaq həsrətilə yaşadıqları vurğulanmışdır.
Eyni zamanda, bu günlərdə qardaş Türkiyənin Van şəhərində baş verən təbii fəlakət nəticəsindəki faciəyə şərik olan Azərbaycan bu ölkəyə yardım edən ilk dövlətlərdən biri kimi sübut etdi ki, Türkiyə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.
"Zaman": "İki lider bütün mərasimlərdə bir-birinə "qardaşım" deyə müraciət edir"
"Zaman" qəzetinin Prezident İlham Əliyevin Türkiyəyə səfəri haqqında bəhs edilən məqaləsində isə qeyd olunub ki, iki lider bütün mərasimlər zamanı bir-birinə "qardaşım" kəlməsi ilə müraciət ediblər. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkələrimizin, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət - iki dövlət" olduğunu bir daha diqqətə çatdırıblar. Əlaqələrimizin yüksək səviyyəsindən bəhs edilən bölmədə Prezident İlham Əliyevin "Biz birlikdə çox iş gördük və görəcəyik" sözləri başlığa çıxarılıb.
"Milliyyət": "Dağlıq Qarabağ problemi daim Türkiyənin diqqət mərkəzindədir"
"Milliyyət" qəzetinin "Ərdoğan və Əliyevdən tarixi təməl" başlıqlı məqaləsində Azərbaycan Prezidentinin səfəri zamanı iqtisadi əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ probleminin, habelə, digər regional məsələlərin diqqət mərkəzində olduğu bildirilmiş, dövlətimizin başçısının qardaş ölkənin terrorla mübarizəsinə, Rəcəb Tayyib Ərdoğanın da Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həllində ölkəmizin ədalətli mövqeyinə dəstəyi bir daha vurğulanıb.
"Radikal": " Türkiyə-Azərbaycan arasındakı qardaşlıq körpüsünün təməli daha da möhkəmləndirildi"
"Radikal" qəzetinin "Azərbaycanla mühüm sazişlər imzalandı" başlıqlı məqaləsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası barədə geniş yazı dərc edilib. Bildirilib ki, bu saziş Türkiyə-Azərbaycan arasındakı qardaşlıq körpüsünün təməlini daha da möhkəmləndirdi.
"Hürriyyət": "Yatırılan sərmayələr Türkiyə və Azərbaycan xalqına xidmət edəcəkdir"
Nüfuzlu "Hürriyyət" qəzeti "Beş milyard dollarlıq təməli birlikdə atdılar və gələcəyə məktub qoydular" başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkələrimizin, habelə, regionun daha böyük tərəqqisinə aparan yolda yeni bir səhifə açdıqlarını vurğulayıb. Məqalənin "Bakıya zəlzələ təşəkkürü" yarımbaşlıqlı hissəsində Türkiyə hökumətinin başçısının Azərbaycan Prezidentinə və xalqına Vandakı zəlzələ bölgəsinə göstərilən yardıma görə təşəkkür etdiyi bildirilib.
Prezident İlham Əliyevin "Sərmayələr türk və Azərbaycan xalqına xidmət edəcəkdir" sözlərinin də xüsusi vurğulandığı yazıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası, ölkəmizin İzmirə sərmayələr yatırdığı barədə faktlar da yer alıb.
"Vatan": "SOCAR-TURKAS" - İzmir üçün bir qürur abidəsi"
"Vatan" qəzetinin "Qardaş sərmayəsi Türkiyənin iqtisadi problemlərinə yardım edəcək" başlıqlı məqaləsində Prezident İlham Əliyevin səfəri zamanı həyata keçiriləcəyi konkretləşən layihələrin və sərmayələrin Türkiyənin büdcə kəsirini 2 milyard dollar azaldacağı bildirilib. İki liderin xalqlarımızın gələcəyi naminə atdığı mühüm addımların region və dünya üçün də əhəmiyyəti vurğulanan yazıda "SOCAR-TURKAS" qrupunun reallaşdırdığı layihə "İzmir üçün bir qürur abidəsi" adlandırılıb.
RÖVŞƏN RƏSULOV