Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Bu tarixi bir hadisədir. Gənc müstəqil dövlət öz fəaliyyətində, özünün həyata keçirdiyi siyasətdə, eləcə də dünya miqyasında təsdiqini tapan bir hadisə ilə üz-üzə gəlib. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük məsələsinə münasibət bildirərkən deyib. "BMT Təhlükəsizlik Şurasının əsas funksiyası dünyada sülh və əmin-amanlığı qorumaqdır. BMT dünyada yeganə qurumdur ki, onun verdiyi qərarlar bütün dövlətlər üçün məcburi xarakter daşıyır. BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə istənilən ərazidə sülhü, təhlükəsizliyi, əminamanlığı qorumaq üçün hərbi əməliyyatlar başlaya bilər. Hazırda BMT Təhlükəsizlik Şurasının 15 üzvü var. 15 üzvdən 5-i - Rusiya, Fransa, Böyük Britaniya, ABŞ və Çin daimi üzvlərdir", - deyə millət vəkili qeyd edib.
Mübariz Qurbanlı Azərbaycanın xeyrinə verilmiş səslərdən və Ermənistanın buna münasibətindən danışaraq bildirdi ki: "Ermənistan da BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə cəhd göstərmişdi. Lakin başlanğıcda ermənilər bu prespektivi görmədiyinə görə, öz cəhdlərindən imtina etdilər və səsvermə turunda iştirak etmədilər. Azərbaycanla Sloveniya isə davamlı olaraq səsvermə prosedurlarını keçdilər. Ancaq son mərhələdə Sloveniya Azərbaycanın axırıncı turda daha çox səs topladığını gördükdə növbəti turda iştirak etmədi. Belə ki, 193 ölkədən 155-i Azərbaycanın lehinə səs verdi, 24 dövlət bitərəf qaldı, 13 dövlət isə əleyhimizə səs verdi". Millət vəkilinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasına üzv olan hər hansı bir ölkə öz üzərinə müəyyən öhdəliklər də götürür: "İlk növbədə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün bura namizəd olan ölkənin sülhə, təhlükəsizliyə müəyyən töhfəsi olmalıdır. İkincisi, müəyyən iqtisadi sabitliyə nail olmalıdır. Üçüncüsü isə həmin ölkənin beynəlxalq təşkilatda fəaliyyəti və onun fəaliyyətinin nəticələri olmalıdır. Azərbaycan bu göstəricilər üzrə qabaqcıl ölkələr sırasındadır. Biz sülhə, təhlükəsizliyə çox böyük töhfə veririk. Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi uğurlar beynəlxalq qurumda nüfuzunu artırıb". BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanın bundan sonrakı fəaliyyəti və əldə edə biləcəyi uğurlar barəsində danışan millət vəkili deyib: "BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan ölkə burada aparılan müzakirələrdə fəal iştirak edir. Belə ki, qurumda ayrı-ayrı qərarların qəbulunda onun verəcəyi səsin əhəmiyyəti böyükdür. Bu Azərbaycanın üzv kimi BMT səviyyəsində və dünya miqyasında, beynəlxalq münasibətlər sistemində nüfuzunu daha da artıracaq. Azərbaycan nümayəndəsi iki il ərzində 2 dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək və müxtəlif məsələlərlə əlaqədar bəyanatlar verəcək. Həmçinin ayrı-ayrı münaqişələrin aradan qaldırılması istiqamətində, BMT-nin strukturunda bu və ya digər məsələlərdə vasitəçi kimi rol oynayacaq".