Dünən Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, oktyabrın 30-dək davam edəcək forum "Qloballaşan Dünyada Türkdilli Media Faktoru: fərqliliklər və ortaq maraqlar" mövzusunda təşkil olunub. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin informasiya və mətbuat yayım şöbəsinin müdiri Murad Karakaya, bir çox türkdilli ölkə nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən media orqanlarının rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, ötən il Ankarada keçirilən türkdilli ölkələrin media forumunda qəbul olunmuş bəyannaməyə görə, "Türkdilli toplumların media platforması"nın yaradılması qərara alınıb. Onun sözlərinə görə, beynəlxalq arenada ölkələr arasındakı əlaqələri burada yaşayan millətlərin qarşılıqlı anlayış, dialoq və mədəniyyət zəminində ortaq faydalar ətrafında birləşdirməklə mümkündür. Onun sözlərinə görə, tədbirin təşkilində məqsəd Türk dövlətləri arasında media sahəsindəki təcrübələri paylaşmaq, qarşılıqlı fikir mübadiləsi aparmaq, vacib olan məsələləri birgə müzakirə etmək və əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir. Ə.Amaşov növbəti forumun əhəmiyyətli olacağına inandığını vurğulayıb. O, Azərbaycan Prezidentinin forumun üksək səviyyədə keçməsi üçün dəstək verdiyini bildirib.
Tədbirin davamında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu isə Türkiyə Cümhuriyyəti baş nazirinin informasiya və mətbuat yayım şöbəsinin müdiri Murad Karakaya tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan əlavə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin məktubunu "Nur" Media Holdinqin baş direktoru Kaysar Janaxanov, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Dərviş Əroğlunun məktubunu bu ölkənin informasiya dairəsinin müdiri Fatma Dəmirəl, Tatarıstan prezidenti Rüstəm Minnixanovun məktubunu bu ölkənin rəsmisi Elvira Axmedova oxuyub. Forumda həmçinin Saxa-Yakutiya, Kabardin-Balkan, Başqırdıstan və digər ölkələrinin nümayəndələri dövlət başçılarının təbriklərini çatdırıb.
Tədbirin davamında Əli Həsənov "Azərbaycanın dövlət siyasəti və media: Türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər" mövzusunda çıxış edib. Şöbə müdiri qeyd edib ki, biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıyıq.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsələr də, media sahəsində əməkdaşlıqda gecikiblər. Türkdilli ölkələrin birgə media qurumunun yaradılmasının vacibliyini qeyd edən Əli Həsənov bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən torpaqlarının işğalı faktı ilə üzləşib və belə bir problemi o vaxtlar dünyaya lazımınca çatdıra bilməyib.
Ermənilərin qondarma iddia ilə Türkiyəni dünyanın gözündən salmaq istədiklərini bildirən Ə.Həsənov Türkdilli dövlətlərin birgə media qurumunun yaradılmasının vacibliyini vurğulayıb və deyib ki, dünyanın informasiya siyasəti bəlli dairənin əlində birləşib.
Şöbə müdiri qeyd edib ki, bizim bir müsəlman, türk təəssübkeşliyimiz olmalıdır. Əsas odur ki, biz buradan bəyənnamə ilə ayrılaq. Gələcəkdə ortaq türk televiziyası, ortaq informasiya agentliyi yaradaq.
"Bu gün Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda Bəyannamə qəbul olunacaq. Bəyannamədə türkdilli ölkələrin və toplumların media qurumlarının əməkdaşlığı məsələsi öz əksini tapacaqdır. Bundan əlavə, sənəddə türkdilli ölkələrin və toplumların media qurumlarının əlaqələndirmə mərkəzinin yaradılması məsələsi də yer alacaqdır", - deyə Ə.Həsənov vurğulayıb.
Şöbə müdiri qeyd edib ki, forumda təklif olarsa və dəstəklənərsə, türkdilli ölkələrin və toplumların ortaq informasiya agentliyinin yaradılması məsələsi də Bəyannamədə öz əksini tapa bilər.
Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı isə ortaq türk dilinin yaradılmasi fikrini irəli sürüb. Millət vəkili vurğulayıb ki, qloballaşma ilə demokratiya tam əks olan sözlərdir: "Qloballaşma dünyada müəyyən fikirlərin zorla qəbulu deməkdir. Hazırda ortaq informasiya birliyinin olmaması türk dövlətlərində mövcud problemlərin işıqlandırılmasına mane olur. Mən türk dili bütün türk dövlətlərinin, toplumlarının ortaq dili olması ideyasını irəli sürürəm".
Qeyd edək ki, tədbir oktyabrın 30-dək davam edəcək. Sabah forumda iştirak edən qonaqlar Quba rayonuna səfər edərək buradakı tarixi-mədəni abidələrlə tanış olacaqlar.