Kənd təsərrüfatı işçilərinin peşə bayramı 9 oktyabr 2008-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında təsis edilib. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamına əsasən yenidən təşkil edilib. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
İsmət Abbasov: "Azərbaycan özünü ərzaqla təmin edə bilir"
Dünən Kənd Təsərrüfatı Nazirliyində Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, bu gün 9 oktyabr 2008-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında təsis edilib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsinə dövlət başçısı tərəfindən diqqət və qayğı göstərilir: "Prezident İlham Əliyevin dəstək və qayğısı olmasaydı, bugünkü imkanlar olmazdı. Bəlkə də kənd təsərrüfatının hansısa sahələri tənəzzül edərdi. Nazirlik isə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır".
"Azərbaycan bəzi kənd təsərrüfatı məhsulları ilə özünü 150% və daha çox, bəzi məhsullarla isə 2 dəfə çox tələbatımızdan artıq dərəcədə təmin edir. Bəzi məhsulların istehsalı isə ölkənin tələbatının 90-95%-i qədərdir"- İsmət Abasov deyib. Nazir bildirib ki, ölkənin özünü ərzaq məhsulları ilə tam təmin etməsi barədə dövlət başçısının tapşırığı ilə bağlı böyük işlər görülür. Nəticədə gələcəkdə biz həm əhalini ərzaqla tam təmin edə biləcəyik, həm də ixrac potensialımızı artıraraq öz məhsullarımızı ənənəvi ölkələrdən başqa, digər Avropa ölkələrinə də göndərəcəyik".
İ.Abasov qeyd edib ki, kənd təsərrüfatı məhsullarının dinamik inkişafına uyğun olaraq saxlama anbarlarının, eyni zamanda, emal müəssisələrinin sayı artırılmalıdır. "Tək Bərdə deyil, digər rayonlarda xüsusilə Xaçmaz və Qubada meyvələrin saxlanması üçün tikilən anbarlar hələ ki, kifayət qədər deyil. Bu, saxlanma və tədarük məsələləridir. Onlar məhsullarını xüsusi saxlanma anbarlarında saxlanmalıdırlar ki, ucuz qiymətlərə deyil, qışda baha qiymətlərə satsınlar", - deyə o, qeyd edib.
İ.Abasov qeyd edib ki, ötən gün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə kənd təsərrüfatı işçilərinin fəxri adlar və "Tərəqqi" medalı ilə mükafatlandırılması bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğını bir daha sübut edib.
Tədbirin davamında nazirlik rəsmiləri Azərbaycan kənd təsərrüfatı shaəsinin keçdiyi inkişaf yoluna qısaca nəzər salıblar. Qeyd edək ki, bayram münasibətilə kənd təsərrüfatı işçiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycanın öz ərzaq təhlükəsizliyini təmin etmək imkanları hansı səviyyədədir?
Müasir dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət üçün çox strateji xarakter daşıyır. Çünki ərzaq təhlükəsizliyi ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub dövlətin strateji maraqlarının qorunmasında böyük önəm daşıyır. Nəzərə alsaq ki, dünya yeni ərzaq böhranı dövrünə qədəm qoymaqdadır və bir sıra ölkələr bundan ciddi zərər çəkməkdədir, o zaman bu məsələnin nə qədər önəmli olduğu göz önünə gəlir.
Hazırda qlobal ərzaq qıtlığı problemi ən çox aqrar sektorun "unudulduğu" ölkələri hədələməkdədir. Çox sevindirici haldır ki, Azərbaycan bu ölkələr sırasında deyil. Ölkəmizin aqrar sektorunda tarixi ənənəvi inkişaf mərhələləri, həyata keçirilən islahatlar, dövlətin bu sahəyə dəstəyi və əldə olunmuş nəticələr bunu deməyə əsas verir.
Azərbaycan coğrafi yerləşməsi və torpaq-iqlim şəraitinə görə kənd təsərrüfatı üçün çox əlverişli bir ölkədir. Hələ qədim zamanlardan burada yaşayan əhali taxılçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq və heyvandarlıqla məşğul olublar. Daxili və xarici bazarların genişləndirilməsi, nəqliyyat sistemlərinin inkişafi Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına təkan verib.
Lakin qeyd etməliyik ki, Azərbaycanda, bütün sahələrdə olduğu kimi, aqrar sahədə də kompleks inkişafın sürətlənməsi ötən əsrin 70-ci illərindən başlanıb. Bəs belə mözücəli sıçrayışda hansı faktorlar əsas roy oynamışdı?
Mübaliğəsiz qeyd etmək lazımdır ki, XX əsrin 70-80-ci illərində, yəni Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə respublikada həyata keçirilən aqrar siyasət nəticəsində, kənd təsərrüfatı elmi əsaslarla inkişaf etmiş, böyük sənaye potensialı yaradılmış və Azərbaycan İttifaq respublikaları arasında öz mühüm yerini tutmuşdu.
Azərbaycan KP MK-nın avqust (1969-cu il) plenumu dövlət və əmək intizamını möhkəmlətmək, insanların əmək fəallığını artırmaq üçün təxirəsalınmaz təşkilati tədbirlər işləyib hazırladı və onları həyata keçirməyə başladı.
Kənd təsərrüfatının inkişafına 1971-75-ci illərdə dövlət tərəfindən 1 mlrd 390 mln manat vəsait ayrıldı. Qısa müddətdə 234 min hektar sahədə torpaqların meliorasiyası aparıldı, 3 min hektarda suvarma şəbəkəsi yenidən quruldu. Təsərrüfatların maddi-texniki bazası genişləndirildi, istehsal vasitələrilə təminat yaxşılaşdırıldı.
Dövlətin kənd təsərrüfatına qayğısı və dəstəyi ilbəil artırıldığından, 1981-85-ci illərdə ümumi məhsul istehsalı 1966-70-ci illərin orta göstəricilərini 2,5 dəfə ötməklə, taxılçılıqda 1,7 dəfə artaraq 1240 min ton, tərəvəzçilikdə 2,4 dəfə artaraq 891 min ton, pambıqçılıqda 2,2 dəfə artaraq 707 min ton, tütünçülükdə 2,7 dəfə artaraq 57 min ton, çayçılıqda 3,2 dəfə artaraq 29 min ton, meyvəçilikdə 3,8 dəfə artaraq 318 min ton, üzümçülükdə 8 dəfə artaraq 1 mln 830 min tona çatmışdı. Bunun nəticəsində kəndin sosial-iqtisadi siması kökündən dəyişdi və Azərbaycan bütövlükdə aqrar-sənaye respublikasına çevrildi. Xüsusən, 1981-ci ildə rekord nəticələr əldə olundu. 1 mln 150 min ton taxıl, 831 min ton pambıq, 1 milyon 707 min ton üzüm, 850 min ton tərəvəz, 96 min ton bostan bitkiləri, 26 min ton yaşıl çay yarpağı, 147 min ton mal-qara və quş əti, 836 min ton süd, 772 milyon ədəd yumurta və 11 min ton yun tədarük edilmişdi.
Qeyd etmək lazımdır ki, respublikanın bəzi rayonları istehsal göstəricilərinə görə SSRİ-nin ən iri və qabaqcıl rayonları sırasına daxil olmuşdu. Məsələn, 1982-ci ildə Bərdə rayonu 125 min ton pambıq, Cəlilabad rayonu 250 min ton üzüm istehsalına görə, İttifaqda 1-ci yerə çıxmışdı. Bütün bu işlər yaxın keçmişdə həyata keçirildiyinə görə, hər bir azərbaycanlının gözü qarşısında canlanır.
Aqrar sektorun inkişafında Azərbaycan modeli yaradılıb
Sovet İtifaqının dağılması və yeni ictimai-siyasi, sosial-iqtisadi formasiyaya keçid prosesi, bütün sahələrdə olduğu kimi, aqrar sektorda da tənəzzülə gətirib çıxardı. Bu prosesin ağırlığı altından bir çox respublikalar çıxa bilmədi. Azərbaycanda isə iqtisadiyyat, xüsusilə də, aqrar sektor "kollaps"dan qısa müddətdə və məharətlə çıxarıldı.
Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafın strategiyasını hazırladı. 1995-2004-cü illərdə aparılan aqrar islahatlar nəticəsində böyük işlər görüldü və hazırkı dinamik inkişafın əsası qoyuldu.
Dövlət aqrar sektorun inkişafı üçün stimullaşdırıcı tədbirlər görməyə başladı. Bu siyasətin davamı olaraq dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanında və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda aqrar sahəyə diqqət artırıldı.
Bu siyasətin nəticələri indi özünü aşkar şəkildə büruzə verir. Azərbaycan hazırda daxili istehsal hesabına dənli bitkilərlə 76 faiz, quş əti ilə 74 faiz, ətlə 94 faiz, kərə yağı ilə 83 faiz, süd məhsulları və südlə 85 faiz, unla 94 faiz, şəkərlə 150 faiz, tərəvəzlə 102 faiz, meyvə ilə 127 faiz təmin olunur. Respublikamız kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurları ilə idxalçıdan tədricən ixracçıya çevrilir. İxracın coğrafıyası, həcmi və çeşidi də dinamik olaraq genişlənir- ölkəmizdən 85 ölkəyə 25-30 adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edilir. Kənd təsərrüfatı istehsalçılarına dövlət yardımının gücləndirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev 2007-ci il 23 yanvar tarixdə "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncam imzalayıb. 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" Prezident Sərəncamı imzalanıb. "Aqrolizinq" ASC-yə 25 milyon manat vəsait ayrılıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsindən başlanır. Bu məqsədlərə nail olunması üçün, ilk növbədə, KTN və aqrar rayonların icra hakimiyyətləri qarşısında mühüm vəzifələr durur. Biz də bu şərəfli vəzifələrin öhdəsindən gəlmək üçün mümkün olan hər şeyi edəcəyik.
Elçin Bayramlı