İctimai fikrə təsir imkanı geniş olan mətbuatın inkişafının dövlətimizin siyasətində prioritet istiqamət olduğu atılan addımların davamlılığından aydın görünür. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının ildən-ilə daha da təkmillşədirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün lazım olan şəraitin yaradılması deyilənlərin təsdiqidir. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanının, informasiya agentliyinin, teleradio şirkətlərinin mövcudluğu, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək, cəmiyyətimizin informasiyaya olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
Hər bir dövrün öz çağırışları, öz tələbləri olur. Ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün mətbuatın qarşısında dayanan prinsiplərə əməl etmək vacibdir. Bu prinsiplər isə peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik hissləridir.
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq mətbuatın üzərinə düşən əsas vəzifənin nədən ibarət olduğunu aydın görərik. Bu fikir dövlət başçısı İlham Əliyev tərəfində daim önə çəkilir ki, mövcud imkanlardan səmərəli isifadə etməklə ölkə həqiqətlərini dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdıra bilərik. Təbliğat hər birimizin gündəlik işi olmalıdır.
Bu günlərdə Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkdilli Dövlətlərin və Toplumların II Media Forumu keçirildi. "Qloballaşan dünyada türkdilli media amili: fərqliliklər və ortaq maraqlar" mövzusunda keçirilən Forumda Azərbaycan ilə yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğız Respublikasından, Özbəkistandan, Türkmənistandan, Şimali Kiprdən, Rusiya Federasiyasının subyektləri olan Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin yığcam məskunlaşdığı bölgələrdən - İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovodan nümayəndələr iştirak etmişdilər.
Bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyəti olduğu aydındır. Digər tərəfdən bir məqamı da nəzərə alaq ki, forumun iştirakçıları mətbuat təmsilçiləridir. Dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına göndərdiyi təbrik məktbundan da bu fikir xüsusi qeyd edilir ki, xalqlarımız arasında münasibətlərin inkişafında rəsmi qurumlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının, media orqanlarının, elm və mədəniyyət xadimlərinin rolu xüsusi əhəmiyyətə malikdir. İnteqrasiya meyillərinin getdikcə dərinləşdiyi müasir dünyada mətbuatın, informasiya istehsalı və ötürülməsi ilə məşğul olan digər qurumların lokal və dünya miqyasında cərəyan edən proseslərə təsiri durmadan yüksəlir. Bu əminlik də ifadə olunur ki, türkdilli ölkələrin və toplumların informasiya vasitələri dövlətlərimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına, ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə, habelə müasir inkişafın müxtəlif aspektləri barədə dünyada çevik və dolğun məlumatların yayılmasına böyük töhfələr verə bilər. Forum əməkdaşlıq əlaqələrinin daha genişlənməsi üçün yeni imkan və vasitələrin tapılmasına, türkdilli xalqların vahid informasiya məkanın formalaşmasına və əlaqəli fəaliyyətin səmərəli təşkilinə xidmət edir.
Prezident İlham Əliyev daim bütün turk dünyasının birliyini önə çəkmiş, problemlərimizin həlli üçün vahid mövqedən çıxış etməyin gərəkliyini bildirir. Bəyan edir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalıdır. Dövlət başçısının təşəbbüsü ilə 2007-ci ildə Türk dövlət və cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayının Bakıda keçirilməsi də bu birliyə doğru atılan addımların əsas tərkib hissələrindəndir. Həmçinin Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda I Forumunun keçirilməsi təşəbbüsü də dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürüldü və bu istək reallığa çevrildi. Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar çərçivəsində fəaliyyət ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqləri gücləndirməklə yanaşı, beynəlxalq nüfuzunun möhkəmlənməsinə də mühüm təsir göstərir.
Dünyada azərbaycanlılara və türklərə qarşı əks təbliğat kampaniyası aparan güclü erməni diasporunun olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bildirir: "Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi, öz təbliğatımızı, öz gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq bizim işimizdir-dövlətlərin, diaspor təşkilatlarının, hər bir vətənpərvər insanın işidir."
Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilər həmçinin 1915-ci il hadisələrinə görə daim Türkiyəni günahlandırır, qondarma erməni soyqırımı iddiasını irəli sürərək, "genosid"in dünyanın əksər ölkələri tərəfindən tanınmasına müvəffəq olublar. Fransa kimi iri dövlət erməni yalanlarını həqiqət kimi qəbul etmiş, "erməni soyqırımı"nı tanımaqla yanaşı, digər ölkələri də bu addımı atmağa çağırır. Fransa parlamenti qondarma erməni soyqırımını tanımayanlara qarşı cəzanın tətbiq olunması barədə qanun layihəsini qəbul edib. Bu günlərdə Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Ermənistanda olarkən Fransa prezidenti N.Sarkozi yenə də qondarma erməni soyqırımı məsələsinə toxunaraq, Türkiyəni bu faktı təsdiqləməyə çağırmışdır. Türkiyənin Avropa Birliyinə üzv qəbulu məsələsi gündəmə gətiriləndə də qarşıya qoyulan əsas şərtlərdən biri məhz "erməni soyqırımı"nın tanınması olur. Bir faktı da qeyd edək ki, Ermənistanda qondarma erməni soyqırımına dair abidə ucaldılaraq, bundan siyasi məqsədlər üçün istifadə edilir. Bu və ya digər ölkənin dövlət başçısının Ermənistana səfəri zamanı həmin abidəni ziyarət etməsi təbii ki, onun tanınmasına bir işarədir. Bəzi dövlətlərin rəhbərləri atdıqları addıma protokol qaydalarına riayət etmək adı altında bəraət qazandırmağa çalışsalar da həqiqət budur ki, bu kimi yanaşmalar işğalçı Ermənistanda böyük arxayınlıq yaradır, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur, qeyri-konstruktiv mövqeyi ilə bölgədə iqtisadi inkişafa böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabag münaqişəsinin həlli prosesinin uzanmasına səbəb olur.
Dövlət başçısı İlham Əliyev bu günlərdə Türkiyə və Qazaxıstana səfəri çərçivəsində keçirdiyi görüşlərdə də bütün türk dünyasının birliyinin vacibliyini önə çəkərək onu şərtləndirən amilləri diqqətə çatdırmışdır.
Türkdilli dövlətlərin yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində tutduğu mövqe yüksək dəyərləndirilir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, mövqelərimizi daha da gücləndirək, bir-birimizə siyasi dəstək verək, bütün məsələlərdə bir-birimizin yanında olaq: "Türk dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır."
Bu birilyi şərtləndirən iqtisadi amil də hər zaman önə çəkilir. Bu gün Azərbaycanın yüksək iqtisadi inkişafa malik ölkələr sırasında olması aparılan düzgün siyasətin nəticəsidir. Zəngin təbii resurslara malik olan ölkəmiz bu ehtiyatlardan səmərəli istifadə etməklə iqtisadi və siyasi mövqeyini günbəgün möhkəmləndirir. Hazırda Azərbaycan nəinki investisiya yatırılan, eyni zamanda bu və ya digər ölkələrdə uğurlu investisiya layihələri həyata keçirən ölkədir. Bu gün iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına zəmin yaradan BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi də Azərbaycan və Türkiyə dövlətinin siyasi iradəsinin nəticəsidir. Artıq qeyd olunan layihələr regional çərçivədən çıxaraq qobal əhəmiyyət kəsb edir. Dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan yeni təşəbbüslərin gerçəkləşməsinə səy göstərməklə bu rolunu daha da artırır. Tarixən neft ölkəsi olan Azərbaycan hazırda qaz ixracatçısı kimi tanınır. Yeni yataqların aşkarlanması ehtiyatların artmasına stimul verir ki, bu da yeni layihələrin gündəmə gətirilməsini şərtləndirir. İxrac imkanlarının genişləndirilməsi istiqamətində ciddi səylər göstərilir. Tranzit məsələlərin ilin sonuna qədər həll ediləcəyi bildirilir: "Biz tranzit imkanlarımızı qardaş ölkələr üçün təqdim etmişik. Mən çox şadam ki, bizim tranzit imkanlarımızdan bu gün həm Qazaxıstan, həm Türkmənistan istifadə edir. Əminəm ki, gələcək illərdə bu tranzit imkanları daha da genişlənəcəkdir."Yaradılan bu imkanlar əməkdaşlığa, iqtisadi imkanların genişlənməsinə xidmət edir.
Dünyaya açılan növbəti qapı kimi dəyərləndirilən, istifadəsi 2013-cü ildə nəzərdə tutulan BTQ dəmir yolu da ölkələr arasında əlaqələrin inkişafına töhfə olacaq. "Əslində bu, yeni dəmir ipək yolunun yaradıması deməkdir" söyləyən dövlət aşçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, BTQ həm vaxt, həm də iqtisadi göstəricilər baxımından ən əlverişli nəqliyyat yolu olacaq. Bir sözlə, dini, soyu bir olan, eyni regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcıları olan türkdilli dövlətlər arasında əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafı üçün möhkəm baza mövcuddur. Ölkəmizdə keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumu bu reallıqların təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Foumda iştirak edən 200-ə yaxın qonağın hər biri Azərbaycan reallıqlarının, eyni zamanda türkdilli ölkələr arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın təbliğaçılarıdır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında bu fikrə xüsusi diqqət yönəltmişdir: "Birgə olsaq biz qüvvətli olacağıq, ayrı-ayrılıqda isə biz dünyanın transmilli informasiya siyasəti qarşısında gücsüz qalarıq." Şöbə müdiri gələcəkdə ortaq türk televiziyasının yaradılması və inkişaf etdirilməsi haqqında da fikirləşməyin lazım olduğunu diqqətə çatdırmışdır.
Regionda sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə nail olmaq üçün bir olmaq, təbliğatımızı yüksək səviyyədə qurmaq, erməni yalanlarını ifşa edərək, onların iç üçüzünü dünyaya çatdırmaq qarşımızda dayanan əsas vəzifələrdəndir. Forumda Türkdilli dövlətlərin və toplumların KİV-ləri arasında əlaqələrin qurulmasında vaxt itkisinə yol verildiyi önə çəkilərək, müstəqilliyimizin ilk illərində təbliğat sahəsində uğursuzluqlarımıza diqqət yönəldilmişdir. İnformasiya blokadasında olmağımız erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aparılan uğurlu daxili və xarici siyasət bu problemlərin həllinə geniş yol açdı. Ümummilli lider Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya əsas vəzifə kimi qoydu. Onun hər bir xarici ölkəyə səfəri həqiqətlərimizin təbliği baxımından əhəmiyyyətli addım kimi dəyərləndirildi. Diaspor quruculuğu prosesi sürətləndi. Bütün türk dünyasının birliyi ideyasını irəli sürən ulu öndər Heydər Əliyev bu istiqamətdə biri-birindən uğurlu addımlar atdı. Hazırda bu siyasətin dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilməsi uğurlarımızın davamlılığını təmin edir. Beynəlxalq təşkilatlarda birliyimizn nəticəsidir ki, Dağlıq Qarabağ problemi ilə bağlı qətnamələr qəbul olunmuş, Ermənistanın işğalçılıq siyasəti həmin sənədlərdə öz əksini tapmışdır. BMT, ATƏT, İKT, Avropa Şurası və Avropa Parlamentinin qərar və qətnamələrinin münaqişənin həlli üçün hüquqi baza olduğunu bildirən dövlət başçısı bu inamı ifadə edir ki, yaxın vaxtlarda ədalət bərpa ediləcək, işğala son qoyulacaq, azərbaycanlılar doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyü təmin olunacaq.
Bu günlərdə Azərbaycanın uğurlu xarici siyasətinin təntənəsi olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini də dövlət başçısı İlham Əliyev daim Azərbaycanın yanında olan və ona dəstək verən Türkiyənin, ümumilikdə türk dünyasının uğuru kimi dəyərləndirmişdir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan istər Azərbaycan Prezidentinin dost ölkəyə səfəri zamanı keçirdiyi görüşdə, istərsə də Türkdilli Ölkələrin və Toplumların II Media Forumuna təbrik məktubunda ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığı önə çəkərək, bu fikri bildirmişdir ki, bütün bunlarla bərabər, həsrətlə gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasıdır. "Bu münaqişənin həll olunması inanıram ki, bölgədə daha fərqli inkişafa imkan yaradacaqdır. Bu, sadəcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının ortaq sıxıntısı, ağrısıdır."
Forumun əhəmiyyət bu gün istər ölkə, istərsə də beynəlxalq mətbuatda geniş şərh olunur. Ümumi nəticə bundan ibarətdir ki, belə tədbirlər qonaqlara Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradır. Forum çərçivəsində keçirilən görüşlərin, aparılan fikir mübadilələrinin ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya mühüm imkan yaratdığını nəzərə alsaq, onların təbliği baxımından informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır. Ən əsası Forum KİV-lər arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm hadisə kimi səciyyələndirilir. Tədbirin adı müzakirə olunan məsələlərə aydınlıq gətirir. Qlobal informasiya məkanına inteqrasiya prosesinin sürətlənməsində bu birliyin rolu böyük və əhəmiyyətlidir.
"İki sahil"in Analitik Qrupu