Azərbaycanın bir sıra xarici dövlətlərdə layiqincə təmsil olunması və dövlətin beynəlxalq arenada tanınmasında məqsədyönlü olaraq layihələr gerçəkləşdirən Heydər Əliyev Fondu qısa bir zamanda böyük uğurlar əldə etmişdir. Bir sıra ölkələrdə fəaliyyətdə olan Heydər Əliyev Fondunun nümayəndəlikləri bu işin daha da sürətləndirilməsində rola malikdirlər. Artıq fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəlikləri fəaliyyət göstərir. Nümayəndəliklərin Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı apardıqları işlərə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək kimi istiqamətində işlərə imza atılır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Azərbaycanda gerçəkləşən təhsil, səhiyyə, mədəniyyət, idman və sosial sahədə analoji layihələri Rusiya Federasiyasında da həyata keçirir. "Təhsilin dəstəklənməsi" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva mütəmadi olaraq məktəblərə, uşaq evlərinə səfərlər edir, xəstə, yetim uşaqlara daim qayğı göstərir və müxtəlif xeyriyyəçilik aksiyaları həyata keçirir. Bütün bunlarla yanaşı, iri layihələri gerçəkləşdirməklə humanizm prinsipləri ilə dünyaya bəyan olunur. Qurumun "Xocalıya ədalət", "Qanın milləti yoxdur", "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" və digər müxtəlif məzmunlu layihələri əks-səda doğurub.
Bu görülən işlər və onun nüfuzunun yüksəlməsi diqqət mərkəzindədir. Leyla xanım Əliyevanın fəaliyyəti dünyanın ən nüfuzlu ölkələri tərəfindən yüksək qiymətləndirlir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın fəaliyyəti yüksək qiymətini alıb. ABŞ-ın "Uşaqların Xərçəng və Qan Fondu"nun (CCBF) dəvəti ilə Nyu-Yorka səfər edən Leyla xanım Əliyevaya fondun illik xeyriyyə toplantısında uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə, "Key to Life" - "Həyata Açar" yüksək mükafatı təqdim edilib. "Uşaqların Xərçəng və Qan Fondu" 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı vasitəsi ilə azyaşlılarda xroniki, həyat üçün təhlükəli olan qan xəstəliklərinin müalicəsi yollarını dəstəkləyir və bu sahədə faəliyyət göstərən ABŞ-ın ən qədim və iri xeyriyyə təşkilatlarından biridir.
Xatırladım ki, bu humanizm prinsiplərinin davamı olaraq Nyu-Yorka səfəri çərçivəsində Leyla xanım Əliyeva pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzini ziyarət etmiş, burada göstərilən xidmətlərlə tanış olmuşdur. Leyla xanım mərkəzdə müalicə alan azyaşlı xəstələrə baş çəkmiş, onları Amerikanın ənənəvi "Hallovin" bayramı münasibəti ilə təbrik etmiş, hədiyyələr çatdırmışdır. Azərbaycanlı qonaq, həmçinin, mərkəzin tibb heyəti ilə söhbət edərək, xüsusilə, talassemiyalı xəstələrin müalicəsi və onlara göstərilən qayğı ilə maraqlanmışdır. Qeyd edək ki, Azərbaycanda da bu xəstəlikdən kifayət qədər insan əziyyət çəkir. Hər 12 nəfərdən biri genetik qan xəstəliyinin daşıyıcısıdır. Bunun nəzərə alaraq Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısının alınması üzrə proqramlar həyata keçirir, Bakıda Talassemiya Mərkəzi fəaliyyət göstərir.
Uil Kornell Tibb Mərkəzində Talassemiya proqramının direktoru, bu sahədə elmi araşdırmaları ilə tanınan professor Patrisiya Ciardiniya Azərbaycanda genetik qan xəstəlikləri mövzusuna həsr olunan elmi simpoziumun təşkil edilməsi arzusunu Leyla xanım Əliyevaya bildirmişdir.
Talassemiya üzrə birgə elmi araşdırmalar Leyla Əliyevanın CCBF-in dəstəyi ilə Tibbi Mərkəzdə yaradılan tədqiqat laboratoriyasında keçirdiyi görüşdə də əsas mövzu olmuşdur.
Nyu-Yorka səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyeva bir sıra digər görüşlər keçirmişdir. O cümlədən, ətraf mühit məsələləri üzrə maarifləndirmə səyləri ilə məşğul olan ABŞ-ın "Earth Force" qeyri-hökumət gənclər təşkilatının beynəlxalq münasibətlər üzrə nümayəndəsi Vins Meldrum ilə "Earth Force" və "İDEA" arasında Anlaşma Memorandumunun imzalanması, Azərbaycanda orta məktəb müəllimləri üçün ətraf mühitin qorunmasının tədrisi üzrə təlim kurslarının keçirilməsi müzakirə edilmişdir. Leyla Əliyeva "Earth Force" nümayəndələrini noyabrın 24-27-də "İDEA" təşəbbüsü ilə Qəbələ şəhərində keçiriləcək "Ətraf Mühitin Qorunmasının idarə edilməsində gənclərin rolu: "Bu gün və Sabah" düşərgəsində iştirak etməyə dəvət etmişdir. Leyla Əliyeva, həmçinin, moda və geyim sənayesində ekoloji cəhətdən təmiz istehsalı dəstəkləyən "Ecouterre" layihəsinin nümayəndələri ilə görüşmüş, dünya gənclərinin qlobal ətraf mühitə məsuliyyətli yanaşmasına çağıran konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparmışdır.
ZÜMRÜD BAYRAMOVA