Ölkənin hər yerində olduğu kimi, Kürdəmir rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələr uğurla yerinə yetirilir. Son illərdə dövlətin qayğısı ilə rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, sahibkarlığın inkişaf etdirilməsi, abadlıq-quruculuq, tikinti-bərpa işlərinin aparılması və nəticədə əhalinin rifah halının yüksəldilməsi sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.
Bununla bağlı Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz aylığına həsr olunmuş iclası ilə əlaqədar Kürdəmir rayonunda keçirilmiş yığıncaqda ətraflı söhbət aparılmışdır. Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov doqquz aylıq hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, digər rayonlarda olduğu kimi, Kürdəmirdə də 9 ayın sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu dövr olmuş və yeni iş yerləri yaradılmış, tikinti-quruculuq, abadlıq işləri, sürətlə davam etdirilmişdir: "Hazırda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər rayonda uğurla həyata keçirilməkdədir. Hesabat dövrü ərzində rayonda 483 yeni iş yeri yaradılmışdır ki, onun da 398-si daimidir. 2011-ci ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumdaxili məhsul istehsalı 7,3 faiz artaraq 165 milyon 733 min manata çatmışdır. Ümumdaxili məhsul istehsalının 73,3 faizi məhsul istehsalı, 26,7 fazi isə xidmət sahələrində, o cümlədən, 12,2 faizi sənayedə, 12,7 faizi inşaat kompleksində, 48,4 faizi isə kənd təsərrüfatında yaradılmışdır".
F.Məlikov aqrar islahatların uğurla həyata keçirilməsi, aqrar sahədə sahibkarlığın inkişafı üçün yaradılmış işgüzar şərait və bu sahəyə ardıcıl olaraq göstərilən dövlət dəstəyi nəticəsində ötən 9 ay ərzində kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə olunmasını vurğulayarkən bildirib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorda bitkiçilik və heyvandarlığın inkişafına diqqət daha da artırılmışdır: "Əkinlərin yekunlarına dair qəti hesabatın məlumatlarına görə rayonun cəmi əkin sahəsi 58172 hektar olmuşdur. Ötən dövrlə müqaisədə bu göstərici 1817 hektar və ya 3.2 faiz çoxdur. 2011-ci ilin məhsulu üçün taxılın biçiləcək sahəsi 34775 hektar olmuşdur ki, bununda 13980 hektarı buğda, 20775 hektarı arpa əkin sahələri təşkil etmişdir. Taxılın əkin sahəsi ötən ilin müvafiq dövrünə nisbətən 1044 hektar və ya 3.1 faiz artmışdır".
Sonda icra başçısı bir daha vurğulanmışdır ki, 2011-ci ilin 9 ayı ərzində rayonda xeyli işlər görülmüşdür: "Kürdəmirin hər yerində yenilik müşahidə olunur. Hər yerdə tikinti və quruculuq işləri vüsət almışdır".
R.HÜSEYNOVA