PDF Oxu

Əsas

  • 36

Tarixi həqiqətləri əks etdirən kitab - “Azərbaycan xalçaları: İrəvan qrupu”

Tarixi həqiqətləri əks etdirən kitab - “Azərbaycan xalçaları: İrəvan qrupu”

Dünən "Azər-İlmə" Azərbaycan Xalçaları Qalereyasında Yeni Azərbaycan Partiyasının, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun və "Azər-İlmə" MMC-nin birgə təşkilatçılığı ilə "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabının təqdimat mərasimi keçirildi.

YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin, Milli Məclisin deputatlarının, elm xadimlərinin, ali məktəblərin rəhbərlərinin, ziyalıların və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, tarix təkcə zaman deyil, həm də məkan anlayışıdır: "Tarixin zaman ölçüləri qədər də məkan ölçüləri də var. Təbii ki, Azərbaycanın müvəqqəti olaraq itirilən torpaqları, onun tarixinin müəyyən elementlərinin, hissələrinin itirilməsi effekti yaradır. Ən azından Azərbaycan tarixinin məkan ölçüləri daralmış olur. Vaxtilə çox geniş bir məkanda yaradılan tariximiz, itirilən torpaqlarla əlaqədar daha məhdud məkan çərçivəsinə sıxışdırılmaq təhlükəsində qalır. Azərbaycan çox təəssüf ki, 200 ildən çoxdur ki, müəyyən dövrlərdə torpaqlarını itirib. Amma bu torpaqlar Azərbaycan xalqının yaddaşında yaşayır, milli yaddaşımızın tərkib hissəsi olaraq qalır. Bu mənada, mən itirilməni unutmaq kimi qiymətləndirmirəm. Hesab edirəm ki, nə qədər ki, insanların yaddaşında bu tarix yaşayır, o qədər də ərazi bütövlüyümüzün bərpa olunması haqqı Azərbaycan xalqında qalır, bundan sonra da qalacaq".

Ə.Əhmədov onu da söylədi ki, mədəniyyətimiz, folklorumuz və bütün bunların tərkib hissəsi olan xalçaçılıq Azərbaycanın tarixini qoruyan mələklər kimi çıxış edirlər: "Biz nə qədər bunları qoruyacağıqsa, bir o qədər də tariximizin sahibi olacağıq. Nə qədər tariximizin sahibi olacağıqsa, o qədər də müvəqqəti itirilmiş torpaqlarımızın sahibi olmaq haqqını daxilimizdə yaşadacağıq. Tarix təkrar olunmağı sevir. Təbii ki, bu vaxta qədər dəfələrlə təkrar olunan tarix, bundan sonra da təkrar olunacaq. Azərbaycan xalqı da tarixin belə dönüşlərinə hazır olmalıdır. Ümid edirəm ki, Azərbaycan mədəniyyətini, folklorunu, xalqımızın tarixi yaddaşını möhkəmləndirən bütün elementləri dəyərləndirmək, qiymətləndirməklə bugünkü və gələcək nəsillərə çatdırmaqla, öz tariximizin sahibi olmaq haqqını daha qətiyyətlə ortaya qoymaqla Azərbaycanın böyük gələcəyini təmin etmək işinə öz töhfələrimizi veririk".

YAP Sədrinin müavini Ə.Əhmədov onu da vurğuladı ki, bu gün Azərbaycan güclü, qüdrətli bir dövlətə çevrilib: "Azərbaycan indiyə qədər olmadığı dərəcədə öz taleyinin, tarixinin sahibi olmaq gücündə, qüdrətindədir. Təbii ki, xalq öz tarixini yaratdığı kimi, öz tarixini qoruyur və nə zamansa pozulmuş taleyini, tarixini bərpa etmək haqqına sahibdir. Azərbaycan itirilmiş Qarabağı, itirilmiş Qərbi Azərbaycanı, orada unudulmağa məhkum edilmiş tariximizi, mədəniyyətimizi, folklorumuzu bu gün yaşadır. Sabah isə tarix yenə təkrar olunanda, onlara, sözün həqiqi mənasında, bütün parametrlərlə sahibi olacaq."

Ə.Əhmədov, həmçinin, söylədi ki, təqdimatına toplaşdığımız Azərbaycan xalçalarının İrəvan qrupuna aid olan hissəsi də bu dərəcədə əhəmiyyətli olan ideoloji, milli-məfkurəvi bir vəzifəyə, amala xidmət edir: "Güman edirəm ki, siz bu möhtəşəm kitabla tanış olubsunuz. Tariximiz qədər işin öhdəsindən gələn yaradıcı qrup uzun illər yaşamağa layiq olan abidəni yarada bilib. Mən bu kitabı hazırlayanların hər birinə böyük hörmət və ehtiramımı çatdıraraq, onları bu əsərin ərsəyə gəlməsi münasibətilə təbrik edirəm."

Milli Məclisin deputatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, Yaqub Mahmudov bildirdi ki, "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabı dövlətimizin və dövlətçilik tariximizin, tarixi torpaqlarımızın, o cümlədən, itirilmiş yurd yerlərimizin, qədim və zəngin mədəniyyət tariximizin, xalçaçılıq sənəti tariximizin öyrənilməsi işinə çox mühüm töhfədir. Kitab saxtakarlıq və oğurluq yolu ilə Azərbaycanın mədəniyyət inciləri hesabına özünə "mədəniyyət" yaratmağa çalışan erməni qəsbkarlarına sarsıdıcı zərbədir.

Y.Mahmudov onu da söylədi ki, "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabı konkret faktlar və maddi dəlillər, o cümlədən, xalçaçılıq məmulatı əsasında yazılmaqla Azərbaycanın erməni işğalçılarına qarşı informasiya müharibəsində çox mühüm hücum aktıdır. Əsərin mahiyyəti "Ermənistan Respublikası" adlanan ərazinin və orada yaradılmış zəngin tarixi mədəniyyətin gəlmə ermənilərə deyil, Azərbaycan xalqına məxsus olmasının sübut edilməsinə yönəlib. Kitab ölkə başçısı İlham Əliyevin müasir Ermənistan ərazisinin Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti bütün dünyaya bəyan edən konseptual fikri ilə başlayır. Əsər tarix elmimizə və xalçaçılıq sənəti tariximizə mühüm töhfədir. Həqiqətən də, tarixi torpağımız olan Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmsəddin, Aparan, Talm, Əştərək, Ərzin, Axtı, Qırmızıkənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə, Dərəbyəz, Vedi, Qəmərli, Zəngibasar, Soylan kimi bölgələri olduqca müxtəlif və rəngarəng xalçaları ilə seçilirdi. Ümumilikdə, Qərbi Azərbaycanın ərazisində yaşayan azərbaycanlıların zəngin mədəniyyəti, ədəbiyyatı, folkloru qonşu xalqlara təsir göstərdiyi kimi, burada toxunan xalçalardan da yan keçməmişdir. İrəvan xanlığının həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuq və dulusçuluq bütün Qərbi Azərbaycan boyunca geniş yayılmışdı. Toxuculuq, o cümlədən, xalça, palaz məmulatı istehsalı xüsusilə seçilirdi. O dövrün səyyahları yerli əhalinin qoyun saxladığını və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltarlar, əlcək, corab toxunduğunu qeyd etmişlər.

Qeyd edək ki, bölgənin tarixi kökləri çox qədimə gedən xalçaları vaxtilə bütün dünyada məşhur olmuşdur. "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabında bu bölgəni əhatə edən 102 xalça nümunəsi toplanmışdır. Qeyd edək ki, kitab AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur. Əsər "Elm" nəşriyyatında işıq üzü görmüşdür. Kitabın müəllifi professor Vidadi Muradovdur. Tarix hissəsinin müəllifləri AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudov və tarix elmləri doktoru Kərim Şükürovdur. Redaktorlar professor Yaqub Mahmudov və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktor müavini Asya Şirəliyevadır. Rəyçilər akademik Budaq Budaqov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir. Kitabda toplanan xalçalar, əsasən, XVIII-XX əsrləri əhatə edir.

Təqdimat mərasimində çıxış edən kitabın müəllifi, "Azər-İlmə" MMC-nin baş direktoru, professor Vidadi Muradov bildirdi ki, bu gün ölkəmizin ictimai-siyasi, mədəni həyatında olduqca əhmiyyətli bir gündür. Kitabın bu şəkildə təqdimatının keçirilməsi Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu müasir Azərbacanın dövlətçilik ənənəsinin bütün sahələrdə uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Dövlət başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bölgədə və dünyada söz sahibinə çevrilib. Azərbaycanın bu günlərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də xarici siyasətinin təntənəsidir. Ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına dövlət qayğısı onun intibah dövrünü təmin etmişdir. Prezident İlham Əliyevin səyi nəticəsində xalçaçılığın inkişaf etdirilməsinin qanunvericilik bazası yaradılmışdır. 2004-cü ilin dekabrında Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında qanun qəbul olunmuş, 2005-ci ildə onun tətbiq edilməsi barədə fərman imzalanmışdır. Azərbaycan xalçaçılığının təbliği məqsədilə dünya təcrübəsində analoqu olmayan Xalça Muzeyinin tikintisi başlanmışdır. Azərbaycan mədəniyyətinin, o cümlədən, xalçaçılığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Azərbaycan xalçasının YUNESKO-nun şah əsərləri sırasına daxil edilməsi deyilənlərin təsdiqidir.

Fundamental araşdırmaların nəticəsi olaraq, ərsəyə gələn bu kitab kompozisiya baxımından bir-biri ilə sıx bağlı olan müəyyən hissələrdən ibarətdir. Kitabda Qərbi Azərbaycanın hər bir bölgəsinin xalçaçılığı özünəməxsus şəkildə açıqlanır. Kitabda hər bir xalçanın xarakteristikası verilib. Onların hər biri sənət nümunəsidir. Bu xalçaları bütövlükdə Azərbaycanın, o cümlədən, onun tarixi-coğrafi ərazisi olan İrəvan bölgəsinin ensiklopediyası adlandıra bilərik. Tədbirdə akademik Bəkir Nəbiyev Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurlardan geniş bəhs etdi. Bildirdi ki, bugünkü təqdimat ona görə əlamətdardır ki, ölkəmizdə, ümumiyyətlə, ictimai, humanitar elmlərin, o cümlədən də, tarixşünaslığın obyektiv inkişafına qüvvətli təkan verdi. Tarix elmimizə bir nəfəs genişliyi gəldi. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası əsasında Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan tarixi yenidən yazılmağa başladı. Tarix elminin bu sahədə qazandığı nailiyyətlər xüsusilə təqdirəlayiqdir.

Professor Həsən Mirzəyev kitabın əhəmiyyətindən geniş bəhs edərək, onun ərsəyə gəlməsində əməyi olan bütün insanlara minnətdarlığını bildirdi.

Sonda xalçaçılığın inkişafını, xalça sənətinin incəliklərini özündə əks etdirən film nümayiş olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər