Dünən "Azərbaycan xalçaları: İrəvan qrupu" adlı kitabının və 6 dildə nəşr olunan braşurların təqdimatı olub. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan heç vaxt indiki kimi, öz tarixini, pozulmuş taleyini bərpa edəcək qədər güclü olmayıb. Onun sözlərinə görə, 200 ildən çoxdur ki, müxtəlif dövrlərdə torpaqlarımız itirilib: "Amma tarix milli yaddaşlarımızda qalır, yaşayır. Azərbaycan istər Qarabağ, istərsə də Qərbi Azərbaycanla bağlı tarixi yaşadır. Sabah isə sözün bütün mənalarında həmin torpaqların sahibi olacağıq. Xalçaçılıq Azərbaycan tarixini qoruyan mələklərdəndir. Müvəqqəti olaraq itirilmiş Qarabağ torpaqları xalçalarda yaşayır".
Ə. Əhmədov qeyd edib ki, tarixin zaman ölçüləri kimi məkan ölçüləri də var. O bildirib ki, müvəqqəti itirilmiş torpaqlarla tariximiz daha məhdud çərçivəyə sığışdırılmaq təhlükəsi ilə üzləşib: "Nə qədər ki, xalçaları qoruyacağıq, tariximizə sahiblik edəcəyik", - o deyib.