PDF Oxu

Əsas

  • 25

Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək

Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək

Dünən Beynəlxalq Mətbuat Mərkəzində noyabrın 5-də "Hyatt-Regency" otelində Kaspi Təhsil Mərkəzinin xaricdə təhsil almaq istəyənlər üçün Beynəlxalq Təhsil Sərgisi təşkil edəcəyi ilə bağlı mətbuat konfransı keçirildi. Mətbuat konfransında çıxış edən Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirdi ki, hər il ənənəvi olaraq beynəlxalq sərgi təşkil edirlər.

Sərginin keçirilməsinin məqsədini açıqlayan mərkəzin direktorunun sözlərinə görə, başlıca məqsəd xarici təhsil müəssisələrinin nümayəndələri ilə tələbələrimizin təmaslarını təşkil etməkdir: "Məqsəd Azərbaycan gənclərini, o cümlədən tələbələri bir sıra nüfuzlu xarici universitetlərlə tanış etmək, onlara həmin universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqdan ibarətdir. Sərginin digər bir məqsədi isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na dəstək verməkdir".

E.Əliyev onu da bildirdi ki, noyabrın 5-də keçirilən təhsil sərgisində 10-a yaxın ölkənin 50-yə qədər universiteti iştirak edəcək: "İştirakçılar arasında Böyük Britaniya, Şotlandiya, ABŞ, Kanada, Polşa, Litva, İsveçrə, Ukrayna, Almaniya, Rusiya, Türkiyə, Kipr və digər ölkələrin universitetləri var".

Mərkəzin rəhbəri keçirilən ilkin sərginin fərqli xüsusiyyətlərindən də danışdı: "Əvvəllər iştirakçılar yalnız sərgi ilə bir gün tanış olurdular. Ancaq budəfəki sərgidə xarici universitetlərin təmsilçiləri sərginin ikinci günündə maraqlananlarla əlavə müsahibə aparacaq, onlara təhsil almaq imkanları və digər bu kimi məsələlərlə bağlı məlumat verəcəklər. Budəfəki sərgidə, həmçinin, ilk dəfə iştirak edən universitetlər də var".

Kaspi Təhsil Mərkəzinin təşkil etdiyi əvvəlki sərgilərdə 1000-ə yaxın ziyarətçinin gəldiyini xatırladan E.Əliyev onu da vurğuladı ki, budəfəki sərgidə 1500-ə yaxın ziyarətçinin gələcəyi proqnozlaşdırılır. Onun sözlərinə görə, sərgidə iştirak edənlərin universitetlər haqqında ümumi məlumatlarla tanış olmaq, həmin ali təhsil ocaqlarına müraciət etmək formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif təhsil pillələri üzrə proqramlar, eləcə də, dil kursları haqqında geniş məlumat almaq imkanı qazanacaqlar: "Təhsil sahəsində uğurları ilə tanınan Kaspi Təhsil Mərkəzi dünyanın 80-dən artıq universitetləri ilə əməkdaşlıq edir. Bu ali təhsil ocaqları arasında reytinq cədvəlində ilk yüzlükdə yer alan universitetlər var. İndiyə qədər dünyanın müxtəlif ölkələrinə Kaspi Təhsil Mərkəzinin xətti ilə 150-dən artıq tələbə göndərilib. Onu da qeyd edim ki, Kaspi Təhsil Mərkəzinin əlaqə yaratdığı universitetlərin adı, xaricdə təhsil proqramında və Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda yer alıb".

E.Əliyev onu da əlavə edib ki, sərgidə iştirak edəcək universitetlərin əməkdaşları Bakının bir sıra görməli yerlərində olacaq. Onlara gördükləri yer, ümumiyyətlə, Azərbaycan haqqında geniş məlumatlar veriləcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər